close

Bakıda səfirlikdə terror törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilir

Dövlət Təhlükəsizliyi Xidməti. Foto: DTX

Hadisənin İsrail səfirliyində baş verdiyi deyilir, amma rəsmi açıqlama verilmir

Azərbaycandakı xarici ölkə səfirliklərindən birində planlaşdırılan terror aktının qarşısının alındığı, cinayəti törətməyə cəhd edən şəxsin tutulduğu bildirilir.

“Qafqazinfo”nun yaydığı məlumata görə, terror aktına cəhddə ittiham olunan M.H.Hüseynzadəni Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

Saxlanılan şəxsin səfirliyin binasına silahlı vəziyyətdə daxil olmağa cəhd edərkən yaxalandığı, onun terror planını həyata keçirmək üçün uzun müddət gizli müşahidə apardığı iddia olunur.

M.H.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.3 (odlu silahdan istifadə etməklə terrora hazırlıq) və 28, 214.2.6-cı (dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində terrora hazırlıq) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Səfirlikdə terror cəhdi ilə bağlı araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılır.

Ərazi aidiyyəti üzrə – istintaqı aparan orqan Səbail rayonu ərazisində yerləşdiyinə görə M.H.Hüseynzadə də haqqında həbs qərarı verilməsi üçün Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Onun barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, terror aktı planlaşdırıldığı iddia olunan məkan İsrail səfirliyinin binası olub.

Ancaq səfirlikdən və Dövlət Təhlükəsizliyi Xidmətindən məsələni dəqiqləşdirmək mümkün olmayıb.

Ana səhifəSiyasətBakıda səfirlikdə terror törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilir