close

Bakının Vaşinqtonla hərbi əməkdaşlığı: Pentaqonun bölgə ilə bağlı planları

ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock

“ABŞ “Xəzərin mühafizəsi” Proqramını yenidən bərpa etmək istəyir”

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general Ramiz Tahirov Vaşinqtonda ABŞ Hərbi Hava Qüvvələrinin komandanı, general Çarlz Braun ilə danışıqlar aparıb.

Tərəflərin aprelin 10-da hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi apardığı qeyd olunur.

Məlumatı həm Azərbaycan Müdafiə Nazirliyi, həm də ABŞ-ın Bakıdakı səfirliyi yayıb.

Səfirlik bildirib ki, yüksək rütbəli liderlər regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələri müzakirə ediblər.

Bakı-Tehran münasibətlərinin gərgin olduğu günlərdə Azərbaycan və ABŞ hərbçilərinin regional təhlükəsizlik məsələlərini müzakirə etməsi suallar doğurur.

Həmçinin ABŞ-ın dövlət katibi Blinkenin bir müddət əvvəl “Azərbaycanın İranla uzun sərhədi var, onu qorumalıyıq” açıqlaması da regional dövlətlərin mediasında müzakirə predmetinə çevrildi.

Foto: Azərbaycan Müdafiə Nazirliyi

“Dediklərim o anlama gəlməməlidir ki, ABŞ Azərbaycan ərazisindən İrana qarşı istifadə edə bilər”

Hərbi ekspert Üzeyr Cəfərov Meydan TV-yə deyib ki, nazirliyin və səfirliyin açıqlamasında hər şey aydın ifadə olunub:

“Bunu başa düşmək üçün yüksək savada malik olmağa ehtiyac yoxdur. Həmçinin ABŞ dövlət katibi Blinken səviyyəsində Azərbaycana dəstəyini ifadə edib”.

Üzeyir Cəfərov ötən ilin dekabrında Baş Qərargahın rəisi Kərəm Vəliyevin Pentaqona səfərini də xatırladıb.

O əlavə edib ki, general Ramiz Tahirovun görüşləri də yüksək səviyyədə olub:

“Hər iki xəbərdə qeyd olunur ki, regional təhlükəsizlik məsələlərinə toxunulub. Vaşinqton Azərbaycanla həm quruda, həm də suda hərbi əməkdaşlığını dərinləşdirmək istədiyini artıq gizlətmir. Çünki bir ara ABŞ Xəzər dənizində terrorçuluğa, qeyri-qanuni narkotik trafikə, qaçaqmalçılığa qarşı mübarizədə Azərbaycana maddi dəstək verirdi. Söhbət avadanlıqlardan, sürətli katerlərdən və digərlərindən gedir. Sonradan Rusiyanın bu məsələlərə müdaxiləsi dəstəyi bir qədər ləngitdi. İndi isə dünyanın diqqətində Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsidir. Belə olan halda, Vaşinqton regional və digər məsələləri diqqətə gətirmək və təkmilləşdirmək üçün müəyyən addımlar atır”.

Üzeyir Cəfərov düşünmür ki, ABŞ Azərbaycan ərazisindən İrana qarşı istifadə etsin:

“Dediklərim o anlama gəlməməlidir ki, ABŞ Azərbaycan ərazisindən İrana qarşı istifadə edə bilər. Sadəcə, dünyanın aparıcı dövlətinin Azərbaycan silahlı qüvvələrinə verdiyi önəmdir. Nəzərə alın ki, enerji resursları və perspektivdə olan digər layihələr var. Bunların müdafiəsi, təhlükəsizliyi, Zəngəzurla olan məsələlərin reallaşması üçün indidən Vaşinqton planlar cızır”.

Üzeyr Cəfərov
Üzeyr Cəfərovun şəxsi arxivindən

“General Ramiz Tahirovun ABŞ səfəri də məhz hava hücumundan müdafiə və hərbi hava qüvvələrinin daha da təkmiləşdirilməsi, gücləndirilməsi məqsədi daşıyır. Bu, o demək deyil ki, ABŞ təyyarələri sabah Azərbaycana gələcək. Sadəcə, hərbi mütəxəssislərinin təcrübə keçməsi baxımından bu cür görüşlər keçirilir”, – deyə hərbi ekspert bildirib.

“Pentaqonda keçirilən görüş Azərbaycan üçün perspektivlər açacaq”

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov ABŞ-la Azərbaycanın hərbi sahədəki əməkdaşlığının tarixinə toxunub.

Məmmədov Meydan TV-yə deyib ki, Birləşmiş Ştatlar 2000-ci illərin əvvəllərindən başladığı və Rusiyanın təzyiqi ilə uzunmüddətli ara verdiyi “Xəzərin mühafizəsi” (“Xəzər keşikçisi”) Proqramını yenidən bərpa etmək istəyir.

Onun sözlərinə görə, Pentaqon bununla da Azərbaycanın Hərbi Dəniz Qüvvələrinə (HHQ) və Hərbi Hava Qüvvələrinə dəstəyini bərpa etmək niyyətindədir:

Bir vaxtlar bu proqram vasitəsilə Azərbaycan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin arsenalı, avadanlıqları, infrastrukturu, kadr heyəti ciddi şəkildə yenilənmişdi. Bu proqram çərçivəsində Azərbaycanda ən azı 3 hərbi hava limanı modernləşdirilmişdi”.

Cəsur Məmmədun qənaətincə, Pentaqonda keçirilən görüş Azərbaycan HHQ üçün perspektivlər açacaq:

“Azərbaycanın Hərbi Hava Qüvvələrinin taktiki və strateji imkanları, döyüş qabiliyyəti gücləndiriləcək. Bu istiqamətdə bir sıra hərbi-texniki avadanlıqların Birləşmiş Ştatlardan idxal edilməsi gözlənilir. Əməkdaşlıq nəticəsində Azərbaycanın Amerikadan döyüş təyyarələri alcağı perspektivləri inandırıcı olmasa da, müəyyən vacib hərbi-texniki avadanlıqların alınması, ekspertlər səviyyəsində vacib hərbi-texniki məsləhətləşmələrin aparılması istisna deyil. Xüsusi olaraq Azərbaycanın hərbi hava limanlarının, onların texniki imkanlarının müasirləşdirilməsi istisna deyil. Azərbaycan Hərbi Hava Qüvvələri üçün kadrların təkmilləşdirilməsi, kursların təşkil olunması və s. gözləniləndir”.

Cəsur Sümərinli
Foto: Cəsur Məmmədovun şəxsi arxivindən

“Azərbaycanın cənub və şimaldan müdafiə imkanlarının möhkəmləndirilməsi istiqamətində konkret addımların atılması mümkündür. Bir vaxtlar ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının dəstəyi ilə “Xəzərin mühafizəsi” Proqramı çərçivəsində Azərbaycanın Rusiya və İran sərhədlərində müşahidə məntəqələri qurulmuşdu və bunlar ölkə sərhədlərinin səmərəli şəkildə müdafiə və mühafizə olunması üçün çox vacib hesab edilirdi”, – deyə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri əlavə edib.

Bakı və Vaşinqton arasında hazırkı hərbi əməkdaşlığın əsas prioritetlərinə toxunan ekspertin sözlərinə görə, məhz Azərbaycanın İran və Rusiya ilə sərhədlərinin möhkəmləndirilməsi, müşahidə imkanlarının artırılması da hədəflərdən biridir:

“Azərbaycanın İranla sərhədi boyunca Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına aid müasir hərb-texniki avadanlıqların tətbiqi qaçılmazdır və bu istiqamətdə Birləşmiş Ştatların hərbi dəstəyi istisna deyil. Söhbət müşahidə məntəqələrindən, mobil radar stansiyalarından, bu istiqamətdə heyətin hazırlığı üçün kurslardan və s. gedə bilər”.

“Tehran-Bakı münasibətlərinin gərginləşdiyi bu günlərdə belə vəziyyət, əlbəttə, təsadüfi sayıla bilməz. Azərbaycan regionda baş verəcək istənilən silahlı qarşıdurmada təklənmək təhlükəsi ilə üz-üzə qala bilər və belə bir vəziyyətdə ABŞ və ümumilikdə NATO ən yaxşı tərəfdaş hesab edilə bilər. Bu vəziyyətdə Türkiyə amili Azərbaycanın təhlükəsizliyi üçün güclü amildir, amma həlledici deyil. Bu durumda məntiqlə onu demək olar ki, Bakı İrandan ola biləcək istənilən hərbi müdaxiləni dəf etmək üçün Rusiyanın tərəfdaşlığını əldə edə bilməyib. Mümkündür ki, Rusiya bu məsələdə neytral qalacağını bəyan edib. Belə bir vəziyyətdə Bakı Qərbə üz tutur və ABŞ-nın hərbi-siyasi dəstəyinə ehtiyac duyduğunu bildirir. Yəni regionda vəziyyət belə cərəyan edə bilər”, – Məmmədov belə deyib.

O qeyd edib ki, bir vaxtlar Pentaqon “Xəzərin mühafizəsi” Proqramı çərçivəsində Azərbaycanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin imkanlarının artırılması istiqamətində çox ambisiyalı planlara malik idi:

“Lakin 2008-ci ildə Rusiyanın Gürcüstan ərazilərini ilhaq etməsi və Moskvanın Cənubi Qafqazı özünün hərbi-siyasi təsir zonası elan etməsindən sonra Pentaqon bu planlarını dondurmalı oldu. İndiki vəziyyətdə Rusiyanın Azərbaycan və ABŞ arasında yenidən start götürən bu hərbi-texniki əməkdaşlığa hansı münasibət göstərəcəyi sual doğurur. Ancaq aydındır ki, Ukraynada apardığı hərbi əməliyyatlarda istədiyi nəticələr əldə etməməsi, Rusiya daxilində fikir ayrılıqlarının güclənməsi, NATO-nun şimal ölkənin sərhədləri boyunca genişlənməsi kimi proseslər ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlığın bərpasına müsbət təsir göstərən amillər hesab edilə bilər. Eyni zamanda bu, yuxarıda qeyd etdiyim kimi, Bakı və Moskva arasında olan razılaşma ilə də ola bilər”.

Cəsur Məmmədov deyir ki, bu prosesin nə dərəcədə müvəffəqiyyətlə davam edəcəyi isə yaxın aylarda bilinəcək.

Ana səhifəSiyasətBakının Vaşinqtonla hərbi əməkdaşlığı: Pentaqonun bölgə ilə bağlı planları