close

“Baku Research Institute”: “Azərbaycanda ən çox otel Bakıdadır”

Bakı. Foto: arda savasciogullari/shutterstock

Bəzi rayonlara isə ümumiyyətlə otel yoxdur

Azərbaycanda olan otellərin 35 faizi Bakı şəhərindədir.

Onların isə 70 faizdən çoxu Səbail rayonu ərazisində yerləşir.

Ümumiyyətlə, Azərbaycanda 757 otel və otel tipli obyekt fəaliyyət göstərir. Yaxşı, onlar bölgələr üzrə necə bölünüb?

“Baku Research Institute” “Regionlarda mehmanxanalar nə dərəcədə əlçatandır” adlı araşdırma  aparıb. Araşdırma 2022-ci ilin məlumatlarına əsaslanıb.

Rəqəmlərdən məlum olur ki, Azərbaycanda otellər qeyri-bərabər paylanıb.

Bunun turistlərin hansı regiona çox gedib, hansına az getməsi ilə əlaqəli olduğu düşünülür.

35 faizi Bakıda yerləşən otellərin yerdə qalanı əsasən şimal, şimal-qərb və cənubdadır. Hətta 7 rayon var ki, orda ümumiyyətlə otel yoxdur. Onlar Ağdam, Hacıqabul, Neftçala, Qobustan, Samux, Siyəzən, Ucardır.

Əvəzində işğaldan yeni azad olmuş ərazilərin bəzilərində otel var. Şuşada 3, Füzulidə 1 otel fəaliyyət göstərir. 

Araşdırmaya görə Bakının elə rayonu var ki, oradakı otellərin sayı ölkənin iri şəhərləri olan Gəncə, Sumqayıt, Mingəçevir və Lənkərandakından çoxdur. Məsələn, Səbail, Nəsimi, Nərimanov, Yasamal rayonları.

Bəs həmin otellər nə dərəcədə işləkdir?

Azərbaycanda 2023-cü ilin ilk 6 ayında otellərdə 1 363,2 min gecələmə olub.

Dövlət Statistika Komitəsinin məlumatına  görə, gecələmələrin 61,1 faizi Bakı, 5 faizi Qusar, 4,8 faizi Quba, 4,4 faizi Qəbələ, 3,6 faizi Naftalan, 3 faizi Şabran, 2,8 faizi Lənkəran, 2,2 faizi Naxçıvan, 1,5 faizi Xaçmaz, 1,2 faizi İsmayıllı, 1,1 faizi Gəncə, 1 faizi Şamaxı, 0,8 faizi Şəki, 0,7 faizi Mingəçevir, 0,7 faizi Şuşa, 0,7 faizi Qax və 5,4 faizi digər şəhər və rayonlardakı mehmanxanaların payına düşüb.

Dövlət Statistika Komitəsi
Foto: stat.gov.az

Bəs otellərdə qalanlar kimlərdir?

Statistikaya görə, otellərdə gecələmə günlərinin 788,1-i xarici turistlərə aiddir. Yerli vətəndaşların otellərdə keçirdiyi gecələmələrin sayı isə 575,1 min olub. Bu, ümumi gecələmələrin 42,2 faizidir.

Məsələn, 2023-cü ilin yanvar-iyun aylarında otellərin ümumi gəliri 209,3 milyon manat olub. Qonşu Gürcüstanda 2023-cü ilin birinci yarısında turizm gəlirləri 1,7 milyard ABŞ dolları təşkil edib.

Gürcüstan
Foto: arxiv

Ekspertlər hesab edir ki, otellərdə gecələmə sayı çox aşağıdır. Bunun isə səbəbi quru sərhədlərin bağlı olmasıdır.

Azərbaycanda 3 ildən artıqdır ki, qonşu ölkələrlə quru sərhədlər bağlıdır. Səbəb kimi COVİD 19 pandemiyası göstərilir. Baxmayaraq ki, Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edib, Azərbaycan da daxil olmaqla bütün ölkələrdə qadağalar aradan götürülüb. Lakin Azərbaycan quru sərhədlərini açmır, səbəb kimi isə COVİD 19 pandemiyasından qorunmağı əsas gətirir.

Müstəqil ekspertlər isə quru sərhədlərinin bağlı qalmasının altında fərqli səbəblər olduğunu bildirirlər.

Ana səhifəSosial“Baku Research Institute”: “Azərbaycanda ən çox otel Bakıdadır”