close

Toto Kutunyo “Santi Nereo e Achilleo” kilsəsində dəfn olunacaq

Toto Kutunyo. Foto: EUROSTOCK/shutterstock

Müğənni 18 il xərçənglə mübarizə aparıb

Uzun sürən ağır xəstəlikdən həyatını itirən italyan müğənni Toto Kutunyo “Santi Nereo e Achilleo” kilsəsində dəfn olunacaq. 80 yaşlı musiqiçi avqustun 22-də Milanın “San Raffaele” xəstəxanasında vəfat edib. Ölüm xəbərini müğənninin meneceri Danilo Mankuso açıqlayıb.

Onun sözlərinə görə, uzun sürən xəstəlik fonunda müğənninin son aylar halı pisləşibmiş. Toto Kutunyo 2007-ci ildən xərçəng xəstəliyi ilə mübarizə aparırdı. İtaliyanın Baş naziri Corca Meloni və mədəniyyət naziri Cennaro Sanciuliano Kutunyonun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Kutunyo 7 iyul 1943-cü ildə Toskanada siciliyalı ailədə doğulub. O, İtaliyanın ən uğurlu müğənniləri arasında idi. Onun bəstələri ilə 100 milyondan çox disk satılıb.

1990-cı ildə sənətçi beynəlxalq “Eurovision” Mahnı Müsabiqəsində birinci yeri tutaraq ölkəsinə qələbə gətirib. Kutunyoya dünya şöhrətini “L’Italiano” mahnısı gətirib. Bu mahnı aktyor, musiqiçi Adriano Çelentano üçün yazılıbmış. Lakin Çelentano mahnını oxumaqdan imtina edib. Şöhrəti bütün dünyaya yayılan “L’Italiano” mahnısı qısa müddətdə Fransa, İsveçrə, Finlandiya və Portuqaliyada hit-paradlarda birinci yeri tutub.

“Guardian” yazır ki, son illərdə Kutunyo siyasi yaxınlığı ilə də gündəmə gəlib. 2019-cu ildə Ukrayna parlamentinin üzvləri Rusiyanın tərəfdarı olduğunu iddia edərək, Kutunyonun Kiyevdə çıxışını qadağan etməyə çalışıblar. Kutunyo Rusiya Prezidenti Vladimir Putinlə hər hansı şəxsi dostluq əlaqələrini inkar edərək deyib ki, o, konsertdən sonra yalnız bir dəfə onun əlini sıxıb. 

Ana səhifəMədəniyyətToto Kutunyo “Santi Nereo e Achilleo” kilsəsində dəfn olunacaq