close

III Respublika Platforması: “Akif Qurbanovun qaldığı 4 nəfərlik kameraya 6 nəfər yerləşdirilib”

Akif Qurbanov. Foto: Meydan TV

Penitensiar Xidmət məsələni araşdıracağını deyir

III Respublika Platformasının Bakı İstintaq Təcridxanasında saxlanılan spikeri Akif Qurbanova təzyiqlərin olduğu deyilir.

Bu barədə Meydan TV-yə III Respublika Platformasından məlumat verilib.

Bildirilir ki, Akif Qurbanovun saxlanıldığı 4 nəfərlik kameraya 6 nəfər yerləşdirilib.

“Bununla da havaların hədsiz isti keçdiyi dövrdə təcridxanada saxlanılanlara qarşı əlavə iztirab verirlər. Bu təzyiqlərin də məhz Akif Qurbanova görə olduğunu düşünürük”, – deyə Platformadan bildirilib.

III Respublika Platforması bu tip qərarların siyasi olduğunu deyir və hesab edir ki, hakimiyyət bununla da məhbusları mənəvi və psixoloji basqı altında saxlamağa çalışır.

Təşkilat bəyan edir ki, bunlar Akif Qurbanova qarşı ilk təzyiqlər deyil.

Məhkəmədə etdiyi çıxış mediadan yayımlanandan sonra Akif Qurbanov ciddi təhdidlərə məruz qalmışdı.

Onun ailə üzvləri ilə görüşünə əngəl yaradılmış, telefon danışıqlarına məhdudiyyətlər qoyulmuşdu.

III Respublika Platformasının iyunun 4-də yaydığı bəyanatda vurğulanırdı ki, bu hadisədən sonra yüksək rütbəli dövlət məmuru Bakı İstintaq Təcridxanasına gələrək Akif Qurbanovu sərt dillə hədələmişdi.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən Meydan TV-yə bildirilib ki, məsələ araşdırılacaq.

Akif Qurbanov nə vaxt həbs olunub?

Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı saxlanılıb.

Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.

Ana səhifəXəbərlərIII Respublika Platforması: “Akif Qurbanovun qaldığı 4 nəfərlik kameraya 6 nəfər yerləşdirilib”