close

Barış məktubu

Azərbaycanın Rusiyadakı səfirliyi. Foto: arxiv

Zərdüşt Əlizadə

Azərbaycanın Rusiyadakı səfirinə ünvanlanan müraciət

Keçən məqaləmdə oxucumun diqqətinə çatdırmışdım ki, Azərbaycan və erməni cəmiyyətlərində gerçək birgəyaşayış imkanları barədə ciddi düşünən insanların sayı artmaqdadır. Möhtərəm tərəfdaşım, Azərbaycanın “Youtube” izləyicilərinə yaxşı tanış olan Filipp Ekozyants belə xeyirxah insanlardan birinin bizim Moskvadakı səfirimizə müraciətinin nüsxəsini mənə tanışlıq üçün göndərmişdir.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Müəllifin icazəsi ilə həmin məktubu oxucularımızın diqqətinə çatdırmağı sülh işi üçün, azərbaycanlı oxucuların erməni sülhpərvərlərinin nə barədə və necə düşündüklərini bilməsi üçün hədsiz faydalı hesab edirəm.

“Azərbaycan Respublikasının RF-dəki səfiri cənab Polad Bülbüloğluna
RF vətəndaşı, 1958-ci il avqust ayının 26-da Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində anadan olmuş Ohancanyan Qagik Sergeyeviçdən

Möhtərəm cənab səfir!

İlk əvvəl qeyd etmək istərdim ki, mən yalnız “erməni və Azərbaycan xalqlarının genetik uyarsızlığını” deyil, istənilən xalqların genetik uyarsızlığı fikrini kökündən qeyri-məqbul sayıram. Üstəlik, mən hesab edirəm ki, belə ifadələr müasir nasizmin ideoloji əsasını təşkil edir. Kədərlə qeyd edirəm ki, SSRİ dağılandan bəri bu növ ideologiyaların tərəfdarlarına bizim xalqlarımızı aldatmaq müyəssər olmuşdur, nəticə isə göz önündədir. Bu gün möcüzəyə bənzəyir ki, bizim müdrik əcdadımız, taleyin keşməkeşli döngələrinə, o cümlədən iki cahan müharibəsinə rəğmən qlobal hadisələr burulğanında öz şərəf və ləyaqətlərini qorumağı, qarşılıqlı ehtiram və mehriban qonşuluq şəraitində biri digərinə “qardaş xalq” deməyi bacarmışdır. Mən bunu mübaliğəsiz deyirəm, çünki belə münasibət və yanaşmanın canlı şahidiyəm. Mənim 1982-ci ilin noyabrında Bərdədə keçirilmiş toy məclisimdə ermənilərdən çox azərbaycanlılar iştirak edirdi. Atamın 1958-ci ildən 1991-ci ilə kimi DQMV-nin bir çox dövlət qurumlarında, o cümlədən 10 il Mardakert rayonunun RİK sədri vəzifəsində çalışması, mənim beynəlmiləl məktəbdə oxuduğum illərdə ailəmizin azərbaycanlılarla bir evdə mehriban qonşu kimi yaşaması buna danılmaz sübutdur.

Rəsmi mənbələrdən anladığım kimi, AR yaranmış vəziyyətlə əlaqədar öz yurdunu tərk etmiş ermənilərin geri dönməsinə və reinteqrasiyasına qarşı deyil. Hesab edirəm ki, bu ürək genişliyinin ifadəsi xalqlarımızın barış və anlaşma şəraitində yaşaya biləcəyini bütün dünyaya göstərən, neonasizmin və digər qeyri-insani təzahürlərin bizə yad olduğunu sərgiləyən danılmaz sübutdur. Xalqlarımız əsrlər boyu öz halal zəhməti ilə yaşamış və yaşayacaqlar, bu tale bizim oxşarlığımızın və eyni mahiyyətimizin sübutudur. Bu gün tarix bizə, halal zəhməti ilə yaşamış xalqlara növbəti dəfə göstərdi ki, heç kəs özgəsinin müsibəti üzərində öz səadətini qura bilməz. Tarix indi bizə bir çox şeyi islah etmək şansı verir. Əlbəttə, belə oyanış və dərk dərsləri hədsiz ağrılıdır və bəzən əvəzedilməz itkilər hesabına başa gəlir. Fəqət həyat davam edir, o kəslər ki, bizdən sonra da yaşayacaq və tarixi yaradacaq, həqiqətən bu qardaş qırğınında həlak olmuşların xatirəsi önündə baş əyməli və üzr istəməlidirlər, bundan sonra gələcək nəsillərimizin taleyinə daha məsuliyyətlə yanaşmalı, başımıza gəlmiş, şahidi, bəzən isə iştirakçısı olduğumuz faciələrin təkrar olunmaması öhdəliyini öz üzərlərinə götürməlidirlər.

Təəssüf ki, tarix şərt budaq cümlələri ilə təsvir edilmir. Olan olub, keçən keçib. Güman edirəm ki, çox şeyi islah etmək mümkündür. Deyirlər ki, məhəbbətdən nifrətə məsafə bir addımdır. İnanmaq istərdim ki, nifrətdən məhəbbətə, qarşılıqlı hörmətə, halal zəhmət ilə dolanan vicdanlı xalqların birgə yaşayışına da məsafə bir addımdır. Əminəm ki, sülh kimi üivi məqsəd xalqlarımızın bir çox nümayəndəsinin həyatına xüsusi məna bəxş edə, xalqların öz müqəddəratını təyin etməsinə daha məsuliyyətlə yanaşan yeni bir nəslin yetişməsinə təkan verə bilər. Əminəm ki, bir-birimizə doğru bir neçə addım atıb yaxınlaşsaq, ayrı-ayri fərdlərin yaxınlaşması ani olaraq və sezilmədən xalqlarımızın yenə adi, xoşniyyətli birgə yaşaması üçün münasib mühitin yaranmasına gətirə biləcək. Bu məqsəd naminə mən bütün gücümü, səyimi, imkanlarımı və həyat təcrübəmi sərf etməyə hazıram.  Hazıram ki, tarixi vətənimə köçüm və əməyimlə heç olmasa bir zərrə xeyir verim.

Əlbəttə, mən mürəkkəb şəraiti sadələşdirmək fikrindən uzağam. Siz icazə versəniz, mən erməni yaşayış məntəqələri ilə tanışlıq üçün Qarabağı ziyarət edərdim, onların vəziyyətini obyektiv və azad şəkildə təsvir edərdim, erməni əhalisinin qayıtması və reinteqrasiyası üçün mövcud olan imkanları işıqlandırardım.

Əgər mənə qısa və ya uzunmüddətli ziyarət üçün təhlükəsizliyim, həyat, məişət və iş şəraitim təmin edilərsə, sizə hədsiz minnətdar olaram.

Necə deyərlər, “gəzən ayağa daş dəyər”. Bu işi biz görməsək, başqaları tapılarmı? Anlayıram ki, səbrinizi tükədirəm, üzrümü qəbul edin.

Tarix indi bizə bir çox şeyi islah etmək şansı verir. Əlbəttə, belə oyanış və dərk dərsləri hədsiz ağrılıdır və bəzən əvəzedilməz itkilər hesabına başa gəlir. Fəqət həyat davam edir, o kəslər ki, bizdən sonra da yaşayacaq və tarixi yaradacaq, həqiqətən bu qardaş qırğınında həlak olmuşların xatirəsi önündə baş əyməli və üzr istəməlidirlər…

Yazdıqlarımı nəzərə alıb sizdən xahiş edirəm ki, mənə və ola bilsin ki, kiçik bir qrupun üzvlərinə  Qarabağın tərk edilmiş yaşayış məntəqələrinə səyahət etmək və reinteqrasiya proqramını ictimai səviyyədə izah etmək üçün şərait yaradasınız.

Niyyətimi gerçəkləşdirmək üçün mənə aşağıdakılar lazımdır:

1.Mənə və videokameramana viza (icazə). 2. Mənə və kameramana Bakıda məskən (bir neçə günün xərcini özüm çəkə bilərəm). 3.Qarabağa səyahət üçün avtomobil. 4. Səyahət zamanı mənə və məni müşayiət edəcək şəxslərə təhlükəsizlik təminatı. 5. Azərbaycanda olduğumuz müddətdə ucuz və keyfiyyətli qida. 6. Qarabağın yerli hakimiyyət nümayəndələri ilə görüşmək imkanı. 7.Yerli hakimiyyət nümayəndələri və sakinlərlə müsahibələr və audio-video çəkiliş imkanlarının təminatı.

Cənab səfir, anlayıram ki, gerçək vəziyyətin obyektiv işıqlandırılması yalnız evlərinə qayıtmaq istəyən qarabağlılar üçün deyil, həm də azərbaycanlılar, Azərbaycan dövləti üçün vacibdir, zira Azərbaycan daim çoxmillətli və çoxdinli olub və dünya ictimaiyyətinin gözündə belə də qalacaq. Məhz bu səbəbdən cəsarət edib sizdən kömək umuram.

Azərbaycanı tərk etmiş ermənilərlə təmaslarım zamanı onların reinteqrasiya qərarını qəbul etməsi üçün aydınlaşdırılması zəruri olan suallarını sizin diqqətinizə çatdırıram:

1.Ermənilərin təhlükəsizliyi necə təmin ediləcək?

2.Kənd icmalarının, yaşayış məntəqələrinin və rayonların idarə edilməsinə erməni millətindən olan şəxslər cəlb ediləcəkmi?

3.Ermənilər məktəbdə doğma dillərini öyrənə biləcəkmi? Erməni dilində tədris məktəbləri qalacaqmı?

4.Ermənilər hansı dərsliklərdən oxuyacaqlar?

5.Rus dilinin, o cümlədən millətlərarası ünsiyyət vasitəsi kimi, tədrisi qalacaqmı?

6.Rus dilinin kargüzarlıq üçün istifadəsinə icazə veriləcəkmi?

7.Azərbaycan dilinin öyrənilməsi məcburi olacaqmı?

8.Ermənilər yaşa görə təqaüd ala biləcəkmi? Səhhətə görə müavinət, sağlamlıqda əngəllərə görə sosial ödəmələr ala biləcəkmi?

9.Ermənilərin daşınan və daşınmaz əmlakına, aparılmamış avtomobillərin və kənd təsərrüfatı texnikasının dəyərinə münasibət necə olacaq?

10.Ayrı-ayrı fərdlərin müxtəlif zamanlarda dağıdılmış məskənlərinin bərpasına yardım göstərilməsi nəzərdə tutulubmu?

11.İlk zamanda və sonralar həyat şəraitinin təminatı üçün hansı tədbirlər nəzərdə tutulub?

12.Məskunlaşdırılması indi mümkün olmayan yaşayış məntəqələrində məzarlara qulluq edilməsi üçün hansı addımların atılması nəzərdə tutulur?

13.Müharibədə həlak olmuşların qəbirlərinin qorunması mümkündürmü?

14.Ermənilərin yollarda və Azərbaycanın digər yaşayış məntəqələrində təhlükəsizliyi necə təmin olunacaq?

15.Ermənilər Azərbaycan ordusunda qulluq etməlidirlərmi?

16.Əgər, Allah eləməsin, Azərbaycanla Ermənistan arasında hərbi münaqişə başlasa, ermənilər Ermənistana qarşı döyüşməlidirlərmi?

17.Biznes və hüquq sahələrində məsləhət və məşvərət mərkəzləri yaradılacaqmı?

18.Səhiyyə və tibbi xidmət necə təşkil ediləcək?

19.İlk dövrdə ağır xəstələrin Bakıda və digər şəhərlərdə müalicəsi zəruridirmi?

20.Əqidə azadlığı, erməni kilsəsinin Azərbaycanda mövqeyi (ola bilsin, bu məsələ digər səviyyələrdə müzakirə ediləcək).

P.S: Mənim qrupuma kameraman və informasiya sahəsində köməkçi qismində aşağıdakı şəxsi daxil etmənizi xahiş edirəm……..

Hörmətlə                                                                                           Q.S. Ohancanyan”
Əminəm ki, cənab Ohancanyanın bu səmimi məktubunu oxuyandan sonra hamı əmin olacaq ki, bütün bu suallara müsbət cavab Azərbaycanda mümkündür, azı, onların müsbət həlli üçün münbit zəmin var.

Ana səhifəMənim FikrimcəBarış məktubu