close

Baş həkimə 12 il 6 ay həbs cəzası istənildi

Foto: Meydan TV

Prokuror Cəlil Nəzərovun köməkçisinin də həbsini tələb etdi

Masallı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi, 3 il öncə həbs edilən, sonradan azadlığa buraxılsa da, haqqında cinayət təqibi davam edən Cəlil Nəzərova prokuror 12 il 6 ay həbs cəzası istəyib.

Onun işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Cəlil Nəzərovla yanaşı, köməkçisi Təranə Əliyeva da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılır. Onlara qarşı mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar irəli sürülüb.

Onların işi üzrə bir neçə aydır davam edən məhkəmə istintaqı mayın 1-də yekunlaşıb və çıxışlar mərhələsi başlayıb. Prokuror çıxışında bildirib ki, Cəlil Nəzərov və Təranə Əliyevaya qarşı ittihamlar məhkəmədə sübuta yetirilib. O, sabiq baş həkimin 12 il 6 ay, köməkçisinin isə 9 il azadlıqdan məhrum olunmasını təklif edib. Hazırda onların hər ikisi azadlıqda olduğuna görə prokuror onların hökmdə məhkəmə zalından həbs edilməsini istəyib.

Prosessual qaydalara görə, prokurordan sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış etməlidir. Vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

68 yaşlı Cəlil Nəzərovun ağır xəstəlikdən əziyyət çəkdiyi əsas gətirilərək, o, 2022-ci ilin noyabrında həbsdən buraxılıb. O, sərbəst hərəkət qabiliyyətini itirib.

Təranə Əliyeva haqqında isə əvvəldən həbs qətimkan tədbiri seçilməmişdi.

Cəlil Nəzərov baş həkim vəzifəsindən azad ediləndən Masallı rayon Mərkəzi Xəstəxanasında bu vəzifəyə Eşqin Əliyev təyin edilmişdi. Lakin bir müddət öncə o da dələduzluq və rüşvət ittihamıyla həbs olunub. Məhkəmə Eşqin Əliyevin 8 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Ana səhifəSosialBaş həkimə 12 il 6 ay həbs cəzası istənildi