close

Baş prokurordan fəalların həbsinə reaksiya: “Bu işlərin hər birində biz konkret faktlardan, sübutlardan danışırıq”

Kamran Əliyev. Foto: Azərtac

“Beynəlxalq təşkilatların Azərbaycanın daxili işlərinə müdaxilə etməsi yolverilməzdir”

Baş prokuror Kamran Əliyev ictimai-siyasi fəalların – Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlu, keçmiş deputat, iş adamı Nazim Bəydəmirli və ictimai fəal Bəxtiyar Hacıyevin həbsi, beynəlxalq insan haqları təşkilatlarının bu həbslərə görə Azərbaycan hökumətinə çağırışlarıyla bağlı sualı cavablandırıb.

Jurnalist Pərviz Həşimlinin “Təcrübə göstərir ki, sonradan Avropa Məhkəməsi həbs olunan həmin şəxslərin təqsirsiz olduğunu ortaya çıxarır. Prokurorluq konkret olaraq, Qubad İbadoğlu, Nazim Bəydəmirli, Bəxtiyar Hacıyevin işində qanunçuluğa əməl edilməsinə diqqət yetirirmi?”, – sualına Kamran Əliyev cavab verərkən deyib ki, hər bir şəxs qanunda nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilir, barəsində həbs və ya digər növdə qətimkan tədbiri seçilir. Hər bir cinayət işi də fərdidir:

Bu işlərin hər birində biz konkret faktlardan, sübutlardan danışırıq. O ki qaldı beynəlxalq təşkilatlara, hesab edirəm ki, Azərbaycan dövlətinin daxili işlərinə, məhkəmə və istintaq prosesinə müdaxilə etmək yolverilməzdir. Həm hüquqi, həm siyasi baxımdan səhv addımdır”.

Baş prokuror İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin işi haqda da danışıb.

Deyib ki, bu məsələ ilə bağlı iranlı həmkarıyla müzakirə aparıb.

Kamran Əliyevin sözlərinə görə, o, İranın Baş prokurorundan Fərid Səfərlinin işinə yenidən diqqətlə baxılmasını, humanizm prinsiplərinin nümayiş olunmasını xahiş edib.

“O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq, prokurorluq humanizm prinsiplərini əsas götürüb, mövqeyini ortaya qoyacaq”, – Kamran Əliyev bildirib.

Ana səhifəSiyasətBaş prokurordan fəalların həbsinə reaksiya: “Bu işlərin hər birində biz konkret faktlardan, sübutlardan danışırıq”