close

Ərinin şərləndiyini deyən pinəçi qadın və atasının yolunu gözləyən 3 oğul

Kütahi Mollayeva. Fotolar: Meydan TV

Mollayevlər öz zəhmətləri ilə dolanır və ədalət istəyirlər

“Bir gün ayaqqabımın dabanı düşdü, çəkməçiyə apardım. Təmir etdi və həyat yoldaşımın bir aylıq pensiyasını ona verdim. Gətirib geyinəndə daban təkrar düşdü. Həyat yoldaşım gülüb dedi ki, materialım olsa, bundan yaxşı çəkməçilik edərəm. Çünki o, zamanında atasından öyrənmişdi, ancaq davam etdirməmişdi. Mən təkid etdim və lazımı materialı güclə alıb evdəcə bu işə başladıq. Öncə məni qoymadı ki, ağır, səbr tələb edən işdir, əlin yaralanacaq. Dedim ki, qoy öyrənim, həyatın işini bilmək olmaz. Zaman gələr sənət həyatımı xilas edər, əlimdən tutar”.
Bunu Meydan TV-yə pinəçi Kütahi Mollayeva deyir.

Həyatın ağır sınaqları, yaşanılan çətinlik və mübarizələr pinəçi Kütahinin üz cizgilərində də həkk olunub. Amma həyatı keşməkeşli olsa da, qürur və əzmi onu yaşadır.
Göyçayın mərkəzində balaca pinəçi dükanında çalışan Kütahini çox adam tanıyır.

“Heç bir çətinlik məni peşəmdən uzaqlaşdıra bilmədi…”

Həyat yoldaşından üç aya öyrəndiyi peşəni 24 ildir ki, davam etdirir.
Səhər erkəndən gün batana qədər bu iş onun təsəlli, çörək mənbəyidir, həm tikir, həm də təmir edir.

“Qadından çəkməçi olmaz” deyib işinə kəm baxanlara zamanla peşəkarlığını sübut etdirərək çoxlu sifarişçi toplayıb. İndi nəinki ətraf rayonlardan, paytaxtdan belə sifarişləri var:

“Üç ay çətinliklərim oldu. Əlimə biz batdı, çəkic dəydi, bıçaq da kəsdi, ancaq heç bir çətinlik məni peşəmdən uzaqlaşdıra bilmədi. Gün ərzində 8-9 cüt ayaqqabı tikirdik. Öncə qonşulara getdim ki, daha başqa çəkməçi axtarmayın, bizə müraciət edin. Beləcə tanındıq, sifarişlər aldıq. İndi isə əlim tam öyrəşib. Gün ərzində 50 cüt ayaqqabı tikərəm. Çünki yeni ayaqqabı hazırlamaq, dabanlıq vurmaqdansa, tikmək daha rahatdır”.

“Bir müddət evdən çalışdıq, sonra xahişlə bir balaca yer aldıq, burada pinəçi dükanı düzəldik. Köhnə, nimdaş olsa da, bu məkan mənə və ailəmə doğmadır. Səhər tezdən durub bəzi işlərimi görürəm, üç oğlumun qayğısına qalıram və işə başlayıram. Yoldan ötən, yolda qalan, ayaqqabısı sökülən bir də gördün döyür qapını ki, tez bunu təmir elə. Sənətkarın günortaya qədər çörəyi olmaz, ondan sonra çörəksiz qalmaz. İndi əsas qazanc və gəlirimiz bu sənətdəndir”, – deyir Kütahi Mollayeva.

“Qadın ayaqqabıları vaxt alır və çox detal lazım olur”

Əvvələr sifarişlərin az, çəkməçilərin çox olduğunu bildirən pinəçi indi vəziyyətin nisbətən dəyişdiyini deyir.

Dediyinə görə, sifarişlər artıb, qeyri-peşəkarlar isə artıq sənətdən uzaqlaşıb. Həmçinin satışda artan keyfiyyətsiz ayaqqabıların təmirə ehtiyac duyması tikilən çəkmələrə ehtiyac yaradıb.
Deyir ki, onu yoran və simic sifarişçilərlə işləmir, kasıba isə imkanı daxilində əl tutur. Qadın ayaqqabıları onu yorur deyə kişi çəkmələrinə üstünlük verir.
İş başında maraqlı hadisələr də çox yaşayır:

“Mağazalarda satılan ayaqqabılarda biz tikdiyimiz, səliqəli və yonulmuş altlıqlar vurduğumuz, istifadə etdiyimiz dəri materialın keyfiyyəti kimi keyfiyyət yoxdur. Satışda olan ayaqqabılarda altlıq səliqəli çəkilmir, necə gəldi vurulur. Təmir də edirik, altlıqları da dəyişirik, daban da vururuq, yenisini tikib də satırıq. Təmir bir gün, bir neçə saat çəkir, ancaq yenisini 4-5 günə hazırlayırıq. Qəlibə çəkilişi, üz hamarlığı, quruması, eskiz hazırlanması, rənglənməsi vaxt tələb edir. Odur ki, dəri ayaqqabını 45 manata, kasıb və imkansız insanlar üçünsə 35 manata tikirik”.

Əlimdən biz düşənə qədər işləyərəm”

Mollayevlər ailəsi deyir ki, artıq nəinki Göyçayda Mingəçevirdə də pinəçi sexi açıb kasıb, çoxkülfətli bir ailəni orada işlə təmin ediblər.
Üstəlik, pinəçiyə lazımlı bütün ləvazimatları ordan gətirərək onlara da kömək edirlər.
Kütahi deyir ki, sənəti öyrənmək istəyənlərə ustad dərsi keçməyə hazır olsa da, gənclər bu peşəyə meyilli deyillər:

“Gənclər gəlsələr, öyrədərəm, onlara sənət lazımdır, telefon, çayxana yox. Öz oğullarıma öyrətdim, böyük oğlum artıq sənətkardır və onun daha çox sevgisi, marağı var. Deyirəm ki, dükanımız olmasa belə, bir biz, qayçı, mismar və yol kənarı yetəcək sizə. Bir tələbə gəldi, ayağı qəlibə toxundu və dəmiri keçdi ayağına. Qorxub qaçdı və bir daha gəlmədi. Kley, mismar, dabanlıq, altlıq, dəri, sap, içlik, qəliblər, bunların hamısını pulla xaricdən alırıq. Əsasən də, Türkiyə və İrandan”.

“İşi çoxu görər, amma hamıda keyfiyyət olmaz”

Pinəçi sənətindən məmnundur. O, övladlarına da bu peşəni öyrədə bilib.
Oğlu Teymur Mollayev də iş başında anasına kömək edir. Anası təmirə, o isə əsasən tikiş işinə baxır.
Gənc pinəçi deyir ki, 24 yaşının 12 ilini bu işlə məşğuldur. Öncə atasından, daha sonra anasından öyrənib. Artıq ayaqqabıların model dizaynını özü cızır, özü də tikir.
Sosial şəbəkə üzərindən yaratdığı platforma ona çoxlu sifarişçilər qazandırıb.
Peşəkar çəkməçi kimi köhnə model ayaqqabıları yeni modeldə təmir edib sahiblərini sevindirir.

“10 rayondan və Bakının 25 faizindən sifarişlərim olur. Son bir ayda Bakıdan 8 cüt ayaqqabı sifarişi gəlib. 1993 və 2002-ci ilin qadın ayaqqabısını göndərdilər, 2023 dəbinə salıb təmir etdim, çox bəyəndilər, əlavə sifarişlər aldım. İşimi sevirəm, can yandırıram. Atam deyirdi ki, pul xətrinə iş görsən, sabah keyfiyyətsiz işin haqqında danışacaqlar. Bir cüt ayaqqabının keyfiyyətli tikişi bir həftə tələb edir. İncə detallar var və tikdiyim ayaqqabıya bir il zəmanət verirəm. İşi çoxu görər, amma hamıda keyfiyyət olmaz. Altı il öncə atam dəri, mən təmiz zamuş aldıq. Dedi ki, ayaqqabıların əlində qalacaq. 8 cüt ayaqqabı tikdim, hamısı tez alındı. Atamın dəri ayaqqabıları uzun müddət vitrində qaldı. Ondan sonra atam dedi kki, əsl sənətkarsan”.

“İdeya və planlarım var…”

Teymur Mollayev deyir ki, gələcək üçün böyük planları və maraqlı ideyası var. Hətta bununla bağlı brend adı da düşünüb:

“Yaxın gələcəkdə Bakıda ” TİMOV” brend ilə şəxsi mağaza açmaq istəyirəm. Ad səbəbsiz deyil. İlk hərf öz adımın, M soyadımızın, V isə atamın adının ilk hərfidir. İstehsalçı kimi xanımlar üçün idman üslubunda ayaqqabılar tikmək istəyirəm. Tələbat var, xaricdən baha gətirilir, mən isə yerli dəb dizaynında yenilik edirəm. Digər layihəm isə ortopedik ayaqqabı istehsalıdır ki, bir çox insanların, xüsusilə şəkər xəstələrinin ehtiyacı var. Dabanları kəsilmiş bir insana belə ayaqqabı hazırladım, hamı kimi normal yeridi. Hamı təəccübləndi”.

Bəzi xanımlar, gənclər var ki, ciddi problem yaşayır, anadangəlmə iki ayağı eynidir. Onu da haqqıdır ki, hamı kimi olsun, fərqlənməsin. Mən elə ayaqlar üçün içdən ayaqqabılara ortopedik dizayn verirəm ki, heç bilinmir. Bakıdan bir müştərimiz vardı. İki ayağı sol idi. İki cüt ayaqqabı alırdı, ancaq solun geyinirdi. Atam ona elə bir ayaqqabı hazırladı ki, iç tərəfdən sol, çöl tərəfdən sağ oldu. İndi həmin qız xaricdə təhsil alır. Onu da atamdan öyrəndim və özüm də hazırlayıram. Bu peşəyə olan sevgimdən, ideyalarından dolayı ali təhsil almağa getmədim”, – deyə o vurğulayır.

“Bu ölkədə kimsə həbsdən sığortalanmayıb”

Çəkməçi ana üç övladı ilə qürur duyur, amma deyir ki, atasızlıq övladları üçün olduqca çətindir.

Kütahi Mollayeva həyat yoldaşının iki dəfə şərlənərək həbs olunduğunu deyir. Bu üzdən üzərində məsuliyyət və öhdəlik çoxdur. Ona görə də peşəsi üzərində möhkəm dayanıb, güclü olmağa çalışıb. O tək sənət uğrunda deyil, həm də həyat yoldaşına qarşı edilən haqsızlığa qarşı mübarizə aparır.

Həyat yoldaşı azadlığa çıxarsa, övladlarına bu sənətdə arzularına çatmaq daha rahat olar deyə düşünür:

“Həyat yoldaşım başımın tacıdır. Pis vərdişi olan adam olmayıb. 63 yaşı var, onu yaxşı tanıyıram. Hər dəfə üzümüzə onun həbsdə olmağını vuranda pis oluruq. Deyirəm ki, bu ölkədə kimsə həbsdən sığortalanmayıb. Onun ilk həbsi 2011-ci ilin 23 noyabrında oldu. Bir nəfər narkotik istifadəçisi ilə ayaqqabı üstündə davası düşdü və tanımadığımız iki adamla şərləyərək üç il həbs etdilər. İkinci həbsi 2019-cu ilin 19 noyabrında oldu ki, həyat yoldaşım oğlumuz Seymuru həkimə aparırdı, hətta bacısı da maşında olub. Yolda ona naməlum şəxs zəng edib ki, filan yerlərdən keç Yasamala, 3 saylı ASAN Xidmətin yanına gəl. Orada da dərhal həbs ediblər. 206-cı maddə ilə ittham etdilər ki, guya sərhədi qanunsuz keçib, qaçaqmalçılıqla məşğul olub. Ona 9 il iş kəsiblər. Yasamalda sərhəd var? Ona kimin zəng etdiyi açıqlanmadı, guya tapılmadı. Halbuki ərazidə üç təhlükəsizlik kamerası vardı, guya heç birinə düşməyib”.
“Məhkəmələrdə yalançı şahidlərin ifadələri üst-üstə düşmədi, dəlil, sübut olmadan kiminsə yerinə həbs etdilər. Gülünc durum yarandı. Oğlumu dubinka ilə döyüblər ki, atasının üzünə dursun, desin ki, atam Bakıya nəsə götürmək üçün gəlirdi. Maşında da xurma, nar olub. Onları həkimə pay aparırdı. İllərdir ki, bir əlimdə biz, bir əlimdə sənəd, sübut ədalət istəyirəm, ancaq yoxdur”, –
belə deyir Kütahi Mollayeva.

O hətta Prezident Admintrasiyasının qarşısında aksiya keçirdiyini də deyir:

“Təkadamlıq aksiya keçirdim, hər yerə müraciət etdim, dəfələrlə prezidentdən ədalət istədim, istəyirəm də. Ancaq səsim çatmır, eşidilmir. Hər ay onun yanına gedirəm, çəkməçilik sənətindən qazandığımız, onun pensiyası ora gedir. Adamın günahı yoxdur. İstəyirik ki, çıxsın və bizə həyan olsun, övladımın arzularına dəstək versin. Üç oğlumun gələcəyi, həyatı, arzuları var. Mənim də bu çəkməçilik sənəti ilə bağlı böyük arzularım var. Ümid edirəm ki, övladlarımla, həyat yoldaşımla birgə nail olacağıq”.

Ana səhifəBölgəƏrinin şərləndiyini deyən pinəçi qadın və atasının yolunu gözləyən 3 oğul