close

AİHM Azərbaycanı 61 min avroya yaxın cərimələdi

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Şikayətlər əsasən azadlıqların məhdudlaşdırılması ilə bağlıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı çıxardığı növbəti qərarlarda ölkəni daha 61 min avroya (təxminən 110 min manat) yaxın cərimələyib.

Həmin şikayətlərdən “Murad Muradov Azərbaycana qarşı” işi ərizəçinin etiraz aksiyası zamanı həbs edilməsi və sonradan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, (polis əməkdaşının qanuni əmrini yerinə yetirməmək) inzibati qaydada məhkum edilməsi ilə bağlıdır.

Həmin vaxt daxili məhkəmələr ona on sutka inzibati həbs cəzası verib.

Ərizəçi Konvensiyanın 6 və 11-ci maddələrinə əsaslanaraq, daxili məhkəmələrin öz qərarları üçün əsaslar təqdim etməməsindən, inzibati məhkumluğunun onun sərbəst toplaşmaq hüququna qanunsuz və əsassız müdaxiləni təşkil etməsindən şikayət edib.

Ərizəçi bundan başqa ona münasibətdə 7 Saylı Protokolun 2-ci maddəsinin pozulduğunu iddia edib.

O bildirib ki, Bakı Apelyasiya Məhkəməsi onun şikayətinə gec, on sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra baxıb.

Bu işdə tərəflər dostca anlaşıb.

Həmin anlaşmaya əsaslanan qərardad ərizəçiyə və onun vəkilinə 3500 avro təzminatın ödənilməsini nəzərdə tutur.

“İlham Əliyev və Sərdar Babayev Azərbaycana qarşı” işində isə ərizəçilərin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırılmaması iddiaları mübahisələndirilib.

Avropa Məhkəməsinin qərarına görə, hər iki ərizəçiyə münasibətdə məhkəməyə qədər həbs qərarları əsassız olduğundan, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub.

Hökumət İ.Əliyevə 3500, S.Babayevə isə 5000 avro təzminat ödəməlidir.

“Laçın Vəliyev Azərbaycana qarşı” işi də ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırlmaması iddiaları ilə bağlı olub.

Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuların etiraf olunduğu təktərəfli bəyannamə təqdim edib.

Avropa Məhkəməsinin qərardadı həmin bəyannaməyə əsasən çıxarılıb.

Qərara görə, ərizəçiyə və təmsilçisinə 3500 avro təzminat ödəniləcək.

“Zaur Məmmədov və başqaları (daha 7 ərizəçi) Azərbaycana qarşı” işində ərizəçilər inzibati qaydada cəzalandırılıb.

Siyasi baxımdan müxalif mövqeli olan ərizəçiləri polis əməkdaşları evlərindən polis bölməsinə aparıb.

Onlar sonradan polisin qanuni tələbinə əməl etməmək əsası ilə inzibati məsuliyyətə cəlb olunublar.

Ərizəçilər məhkəmə qarşısında iddia ediblər ki, onlar hər hansı pozuntuya yol vermədikləri halda cəzalandırlıblar.

Məhkəmələrinin ədalətsiz olduğunu, istədikləri vəkilə çatımlarının təmin edilmədiyini, barələrindəki məhkəmə qərarlarının heç bir hüquqi əsasının olmadığını bildirən ərizəçilər AİHM qarşısında Konvensiyanın 5-ci və 6-cı maddələrinin pozuntusunu qaldırıblar.

Bu işdə AİHM ərizəçilərin hamısına münasibətdə 6-cı maddənin pozulmasına qərar verib.

Qərara görə, hökumət ərizəçilərin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir.

Bu işdəki ərizəçilər Zaur Məmmədov, Xalid Qarayev, Razim Rzayev, İsmayıl Rəsulov, Ruslan Qarayev, Amid Süleymanov, Samir Həsənov və Qədir Ağakişiyevdir.

“Samir Babayev və 20 başqa ərizəçi Azərbaycana qarşı” işinin halları “Məmmədov və başqaları Azərbaycana qarşı” işinin halları ilə oxşardır.

Əsasən, müxalif fəallar olan ərizəçilərin hamısı inzibati qaydada cəzalandırılıblar.

Kommunikasiya zamanı hökumət təktərəfli bəyannamə təqdim edərək ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib və onlara təzminat ödəməyi təklif edib.

AİHM-in qərardadı həmin bəyannaməyə əsaslanır.

Qərardada görə, hökumət ərizəçilərin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir.

Bu işdə isə ərizəçilər Samir Babayev, Emin Əliyev, Yaşar Fərazi, Keşiş Səlimov, Rabil Qurbanov, Hüseyn Məlikov, Elnur Yusubov, Sübhi Həsənov, Sərdar Cəfərov, Alxan Rəcəbov, Nicat Abdullayev, Ramid Naqiyev, Saqif Qurbanov, Paşa Umudov, Amil Məmmədzadə, Emil Səlimov, Şakir Məmmədov, Orxan Səlimzadə, Hüseyn Məlikov və Niyazi Qurbandır.

“Samir Aşurov və 7 başqa ərizəçi Azərbaycana qarşı” işi də müxalif fəallar olan ərizəçilərin inzibati qaydada cəzalandırılmalarının qanusuzluğu iddiaları ilə bağlı idi.

Kommunikasiya zamanı hökumət təktərəfli bəyannamə təqdim edərək, ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib.

AİHM-in həmin bəyannaməyə əsaslanan qərardadına görə, hökumət 7 ərizəçinin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir.

Ərizəçilərdən Ceyhun Məmmədliyə mənəvi zərər əvəzi 2000, hüquqi xərc əvəzi 250 avro ödənilməlidir.

Bu işdə isə ərizəçilər Samir Aşurov, Ceyhun Məmmədli, Ramin Əhmədli, İlqar Mahmudov, Nazim Həsənli, Tural Atakişiyev, Rövşən Hüseynov və Rəşad Axundovdur.

Ana səhifəSiyasətAİHM Azərbaycanı 61 min avroya yaxın cərimələdi