close

“Baykar” Ukraynada döyüş pilotsuz təyyarələri istehsal etmək üçün lisenziya alıb

“Baykar”. Foto: Reuters

Haluk Bayraktar zavodun gələn il tikiləcəyini deyir

Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar” Kiyev yaxınlığında zavod tikir.

Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar “Reuters”ə bildirib.

Onun sözlərinə görə, “Baykar” Ukraynada döyüş pilotsuz təyyarələri istehsal etmək üçün lisenziya alıb.

Haluk Bayraktar deyib ki, pilotsuz təyyarələrin istehsalına 2025-ci ildə başlanılması planlaşdırılır və layihəyə qoyulan ümumi investisiyanın həcmi təxminən 95 milyon dollar təşkil edəcək.

Kiyev və Ankara 2022-ci ilin fevralında, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl bu ölkədə “Baykar” zavodunun açılmasına dair müqavilə imzalayıb. Ukrayna parlamenti sazişi 2022-ci ilin dekabrında ratifikasiya edib.

Bayraktar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya Müdafiə Sərgisi çərçivəsində “Reuters” agentliyinə bildirib ki, zavod artıq tikilməkdədir və tamamlanması bir il çəkəcək.

“Tikinti başa çatdıqdan sonra zavod tam fəaliyyətə başlamazdan əvvəl əlavə maddi-texniki və təşkilati addımlar tələb olunacaq”.

Onun sözlərinə görə, zavodda 500-ə yaxın adamın işlə təmin olunması planlaşdırılır.

Zavodun planlaşdırılan gücü ildə təqribən 120 ədəd olacaq, lakin PUA-nın hansı modelinin istehsal ediləcəyi bəlli deyil.

Təhlükəsizliyə görə hər hansı bir şübhə olub-olmadığını soruşduqda Bayraktar planların “tamamilə irəlilədiyini” və “heç nəyin” onlara mane olmayacağını deyib.

Ana səhifəDünya“Baykar” Ukraynada döyüş pilotsuz təyyarələri istehsal etmək üçün lisenziya alıb