close

Bəhruz Səmədov kamerada bəzən oturmağa da icazə verilmədiyini deyir

Bəhruz Səmədov. Foto: Nurlan Libre

O, təkadamlıq kamerada saxlanıldığını bildirib

Xarici mediada Azərbaycandakı idarəçilikdə bağlı tənqidi məqalələrin müəllifi olan gənc politoloq, Çexiyanın Karlov Universitetində doktorantı Bəhruz Səmədovun həbs qərarından apelyasiya şikayəti verilmişdi. Şikayətə avqustun 26-da Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Bəhruz Səmədovun işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır, özü də bu qurumun istintaq təcridxanasında saxlanılır.

DTX-nın müstəntiqi apelyasiya şikayətinə – Bəhruz Səmədovun haqqında həbs qətimkan tədbirinin dəyişdirilərək, istintaq müddətində azadlıqda qalmasına etiraz edib. Deyib ki, Bəhruz Səmədov xüsusilə ağır cinayətdə ittiham olunur, istintaqdan yayınmaq, prosesin gedişinə mane olmaq ehtimalı var.

Təqsirləndirilən politoloq və vəkili isə bildirib ki, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Bəhruz Səmədov ona qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamının əsassız olduğunu vurğulayıb. O bildirib ki, hansısa məlumatları ermənilərə ötürməsi haqda ittihamda yazılanlar absurddur.

Bəhruz Səmədov DTX-nın istintaq təcridxanasında necə saxlanması barədə də danışaraq bildirib ki, təkadamlıq kameradadır. Lakin saxlandığı kamerada nə televizor var, nə də kitab oxumağa icazə verilir. Hətta günün müəyyən saatlarında əyləşmək belə qadağan edilir.

Bəhruz Səmədovun sözlərinə görə, yalnız nənəsi ilə telefon danışığına icazə verilir.
Vəkil Zibeydə Sadıqova isə bildirib ki, Bəhruz Səmədovu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. O, ali təhsilli şəxsdir – alimdir, Bakıda yaşayış yeri məlumdur, istintaqdan yayınmaq niyyətində deyil.

Lakin Bakı Apelyasiya Məhkəməsi politoloqla bağlı şikayəti təmin etməyib. Politoloq haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bəhruz Səmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.

Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq haqda ittihamın absurd olduğunu deyən Bəhruz Səmədov saxlanılarkən və daha sonra təcridxanada işgəncəyə məruz qaldığını da məhkəmədə vurğulayıb. Onun işgəncə şikayətinin araşdırılması üçün məhkəmə prokurorluğa məktub göndərməyə qərar verib.

Bəhruz Səmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Bəhruz Səmədov avqustun 21-də günorta saat 16.00 radələrində saxlanılıb.

Nənəsi Zibeydə Osmanova bildirib ki, saat 16.00-17.00 arası yaşadıqları evə 6-7 nəfər mülki geyimli şəxs gəlib. Onlar özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim ediblər. Deyiblər ki, evdə axtarış aparmalıdılar.
Nənəsi deyir ki, Bəhruz Səmədov evdən təxminən yarım saat əvvəl çıxmışdı. O, dostu ilə görüşməyə getdiyini demişdi:

“Gələnlər dedilər ki, guya narkotik məsələsi var, bununla əlaqədar axtarış aparacaqlar. Amma Bəhruzu gətirməmişdilər. Əlbəttə ki, evdən narkotik tapmadılar. Bizim evdə narkotik ola bilməz. Amma Bəhruzun kompüterlərini, telefon, Bəhruza aid nə sənəd varsa, apardılar”.

Nənəsinin bildirdiyinə görə, götürülən sənədlər arasında Bəhruz Səmədovun pasportu, Azərbaycanda və xaricdə təhsil aldığı universitetlərin diplomları və s. materiallar olub.

Zibeydə Osmanova nəvəsinin elmi araşdırmalarla məşğul olduğunu, istər narkotik, dövlətə xəyanət, istərsə də başqa cinayət xarakterli işlərdən uzaq olduğunu deyir.

Bəhruz Səmədov Çexiyada Karlov Universitetində doktoranturada oxuyurdu. O, təxminən bir ay əvvəl tətilə gəlmişdi və bugünlərdə geri qayıtmalı idi.
Bəhruz Səmədov Azərbaycanda müharibə əleyhinə olan gənc fəallardan biridir.

Ana səhifəSiyasətBəhruz Səmədov kamerada bəzən oturmağa da icazə verilmədiyini deyir