close

Şahid ictimai fəalla bağlı istintaqdakı ifadəni təsdiqləmir: “Bıçaqlanma görməmişəm…”

Afiəddin Məmmədov. Foto: Meydan TV

Vəkilin vəsatəti baxılmamış saxlanılıb

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, bir ilə yaxındır həbsdə olan ictimai fəal Afiəddin Məmmədovun məhkəməsi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində avqustun 27-də keçirilən budəfəki məhkəmə iclasında şahid qismində Ramil Bayramov dindirilib.

İttihama əsasən, Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də Səfər Hüseynov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib. Ramil Bayramovun da həmin vaxt hadisə yerində olduğu, bıçaqlanmanı gördüyü iddia edilir.

Lakin Ramil Bayramov məhkəmədə ifadəsində bildirib ki, həmin gün oradan keçəndə çoxsaylı adamların toplaşdığını görüb, səs-küy eşidib. Oradan da çıxıb gedib, kiminsə kimisə bıçaqladığını görməyib.

O, Afiəddin Məmmədovun vəkilinin suallarına cavabında da dəfələrlə təkrarlayıb ki, bıçaqlanma hadisəsini görməyib.

Prokuror bildirib ki, Ramil Bayramovun məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət var. Bu səbəbdən istintaqdakı ifadələri elan olunub. Həmin ifadədə göstərilib ki, o, Afiəddin Məmmədovun bıçaqla Səfər Hüseynovu vurduğunu, daha sonra bıçağı yaxınlıqdakı zibil qutusuna atdığını görüb.
Şahid bu ifadəni təsdiqləməyib.

Vəkil də vəsatət qaldırıb ki, məhkəmə sonda hökm çıxaranda şahidin istintaqdakı ifadəsini yox, məhkəmədə dediklərini əsas götürsün.

Səbuhi Hüseynovun sədrlik etdiyi, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyası bu vəsatəti baxılmamış saxlayıb.

Afiəddin Məmmədovun məhkəməsi sentyabrın 10-da davam edəcək.

Ötən il avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bir qrup moped sürən kuryerlə birlikdə polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Etiraz aksiyası başa çatandan az sonra Afiəddin Məmmədov yaşadığı evin yaxınlığında həbs edilib, ona 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra avqustun 4-də Elvin Mustafayev, bir həftə sonra isə Ayxan İsrafilov narkotik ittihamıyla həbs olunub. Afiəddin Məmmədovun 30 sutkalıq cəzası başa çatandan sonra o, avqustun sonunda azadlığa buraxılsa da, sentyabrın 20-də yenidən həbs olunub. Bu dəfə o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolda gedərkən mübahisə etdiyi Səfər Hüseynov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.

Afiəddin Məmmədov məhkəmədə ifadəsində bildirib ki, o, Səfər Hüseynov adlı şəxsi tanımayıb. Onun sözlərinə görə, hadisə də ittihamda yazıldığı kimi, Məhəmməd Hadi küçəsində yox, yaşadığı evin blokundan çıxanda baş verib:

“Saat təxminən 5-ə 20 dəqiqə işləmiş evdən çıxdım. Toya gedəcəkdim. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında da qadın vardı. Yaxamdan yapışdı. Əlində bıçaq vardı. Əlindən bıçağı almağa çalışdım. Əvvəl başa düşmədim ki, nə istəyir, sonra anladım ki, təxribatdır, mənə qarşı da Samir Aşurovun başına gətirdikləri planı qurublar. Üzümdən yumruqla vurdu, burnum zədələndi, qan gəldi. Yerə yıxıldım, kürəyimdən də zədələndim. Ekspertizadan da keçmişəm. Bir də baxdım ki, bu, özü özünü vurur. Təxminən 3 dəqiqə sonra polislər gəldi”.

Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb.

İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. O, avqustun sonunda 30 sutkalıq həbsdən buraxılandan sonra bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.

Ana səhifəSiyasətŞahid ictimai fəalla bağlı istintaqdakı ifadəni təsdiqləmir: “Bıçaqlanma görməmişəm…”