close

Bərdədə qadın qətlə yetirilib, azyaşlı övladı yaralanıb

Qadın qətlləri. Mənbə: Meydan TV

Hadisədə şübhəli bilinən şəxsin istintaqa təslim olduğu bildirilir

Azərbaycanda növbəti qadın qətli Bərdə rayonunda olub. Hadisə iyunun 24-də axşam saat 19 radələrində baş verib.

1988-ci il təvəllüdlü Vəfa Həsənova bıçaqlanaraq qətlə yetirilib. Onun özüylə yanaşı, yetkinlik yaşına çatmamış qızı Ulduz Abbasova da hadisə zamanı xəsarət alıb.

Vəfa Həsənovanı qətlə yetirməkdə, qızını yaralamaqda şübhəli bilinən isə onun qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovdur.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Həsən Həsənov hadisədən sonra könüllü şəkildə istintaqa təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam edir.

İyunun 20-də Bakıda – Qobu qəsəbəsində də 20 yaşlı ana və onun 8 aylıq qızı qətlə yetirilib. Bakı Dövlət Universitetinin tələbəsi olan Leyla Hüseynli və onun körpəsini öldürməkdə ittiham olunan həyat yoldaşı, 30 yaşlı Fərid Hüseynli daha sonra bıçaqla özünə xəsarət yetirib.

Leyla Hüseynli hadisə yerində ölsə də, Fərid Hüseynli və uşaq xəstəxanaya aparılıb. Lakin körpənin həyatını xilas etmək mümkün olmayıb. Fərid Hüseynlinin isə hələ də komada olduğu bildirilir.

Ana səhifəBölgəBərdədə qadın qətlə yetirilib, azyaşlı övladı yaralanıb