close

Yunanıstan sahilində batmış qayıqla bağlı həbs olunanlar var

Foto: “theguardian”

Qayığın saatlarla hərəkətsiz qaldığı bildirilir

Ötən həftə Yunanıstanın sahillərində batan gəmidə olan daha 3 nəfərin meyiti tapılıb.

Araşdırmaların nəticələri göstərir ki, yüzlərlə insanın qorxunc şəkildə ölməsinə səbəb olan, həddindən artıq yüklənmiş balıqçı qayığı batmadan öncə saatlarla hərəkətsiz dayanıb. Yunanıstanın Sahil Mühafizə Xidməti isə bu məlumatın tam ziddini iddia edir.

“The Guardian”ın yazdığına görə, bazar ertəsi günü Pakistan polisi qeyd edib ki, onların təxminincə göyərtədə 800 nəfərə adam olub.

“MariTrace” tərəfindən gəmi hərəkəti ilə bağlı hazırlanan hesabata əsasən təhlil aparan “Guardian” qəzeti müəyyən edib ki,  “Lucky Sailor ” və “Faithful Warrior” adlı iki gəmi ən azı dörd saat ərzində trol gəmisinin ətrafında dayanıb və ya dövr edib.

Sahil Mühafizə Xidməti bildirib ki, bu müddət ərzində (təxminən çərşənbə axşamı saat 15:00-19:00 radələrində) radio, peyk telefonu və vertolyot vasitəsilə qayıqla təmasa keçilib və gəmi heç bir çətinliklə üzləşməyib, lakin “sabit istiqamətdə və sürətdə” İtaliyaya doğru hərəkət edib.

Çərşənbə günü gecə saat 2:00-dan bir qədər keçdikdən sonra trol gəmisi sallanmağa başlayıb və daha sonra Yunanıstanın qərb sahillərində batıb. Səlahiyyətli şəxslər 104 nəfərin xilas edildiyini və 78 nəfərin cəsədinin çıxarıldığını bildirib. Axtarış və xilasetmə tədbirləri davam etdirilib.

Sağ qalan şəxslərə, şübhəli qismində olanlara və mərhumun ailələri ilə bağlı Pakistan polisinin ilkin araşdırmasına əsasən, göyərtədə 750-800 nəfər olub və onların bəziləri də pakistanlı olub. Digər şahidlərin verdiyi ifadələrə görə isə bu rəqəm 400-750 nəfər arasındadır.

BMT-nin insan haqları üzrə agentliyi bu qaçqın və miqrantları daşıyan gəminin qəzaya uğramasını ikinci ən böyük gəmi qəzası olaraq dəyərləndirib. İlk böyük qəza isə

2015-ci ilin aprel ayında Liviya-İtaliya arasında səyahət edən və 1100 nəfərin ölümünə səbəb olan gəmi qəzası hesab olunur.

BMT, Yunanıstanın Sahil Mühafizəsi Xidmətinin fəlakətin qarşısını almaq üçün daha tez müdaxilə etməli olduğu iddia edib və bu hadisənin fonunda Yunanıstanı fəlakətə səbəb olan qəzaya müdaxiləsi ilə bağlı araşdırma aparmağa çağırıb. Yunanıstan rəsmiləri isə gəmini dartmağa çalışdıqdan sonra gəminin batması ilə bağlı iddiaları təkzib edib.

Sahil Mühafizə Xidməti və hökumət rəsmiləri içərisində Suriya, Misir, Fələstin və Pakistandan kişi, qadın və uşaqların olduğu və iyun ayının 9-da Liviyanın şərqindən hərəkət edən trol gəmisini xilas etmək üçün vaxtından öncə müdaxilə etməmə qərarını müdafiə ediblər.

Onların sözlərinə görə, qayıqda olan insanlar dəfələrlə kömək istəməkdən imtina ediblər və təhlükə altında olmadıqlarına görə tammiqyaslı xilasetmə cəhdi mümkün olmayıb. Onların fikrincə, istənilən kəskin müdaxilə həddindən artıq yüklənmiş qayığın çevrilməsinə səbəb ola bilərdi.

Sahil Mühafizə Xidmətinin məlumatına görə, trol gəmi bir neçə dəqiqə ərzində batana qədər az-çox sabit şəkildə hərəkət edib. Lakin fəallar iddia ediblər ki, gəmidə olan insanlar açıq şəkildə təhlükə altında olub və qayıq batmadan öncə 15 saat ərzində kömək gözləyiblər.

Beynəlxalq dəniz hüquqları ekspertləri bildiriblər ki, bəzi sərnişinlər xəstə olub və yoldan keçən ən azı bir ticarət gəmisindən su və qida almaları trol gəmisindəki şəraitin ağır olmasından, göyərtədə olanların açıq şəkildə risk altında olmasından xəbər verir.

Hüquqşünaslar iddia edirlər ki, göyərtədə olan insanların nə deməsindən asılı olmayaraq, gəminin və sərnişinlərin vəziyyəti təcili xilasetmə əməliyyatı keçirilməli olduğunu ortaya qoyur.

Yunanıstan mətbuatının yaydığı məlumata əsasən, trol gəmisinin batmasına üç saatdan az  vaxt qalmış Yunanıstana məxsus sahil mühafizə gəmisi ona yaxınlaşıb. Həmin gəminin kapitanı istintaq orqanlarına verdiyi ifadədə sərnişinlərin hər hansı yardım almaqdan imtina etdiyini bildirib.

Onun sözlərinə görə, Sahil Mühafizə Xidmətinə aid qayıq çərşənbə axşamı gecə yarısına yaxın bir qədər dayandıqdan sonra trol gəmisini çəkmək üçün gəmiyə kəndir bağlayanda bəzi sərnişinlər “Kömək etməyin” və “İtaliyaya gedək” deyə qışqırıb, ipi açıb gəminin təxminən 1:40-da dayanan mühərrikini yenidən işə salıblar.

“Guardian” qəzeti öz araşdırmasında digər dəniz üzrə araşdırmalar aparan “MarineTraffic” platforması tərəfindən təqdim edilən monitorinqin nəticələrinə əsaslanaraq, BBC tərəfindən hazırlanan araşdırmanı təsdiqləyib. Belə ki, araşdırma balıqçı gəmisinin hərəkətsiz qaldığını və böyük ehtimal yeddi saat hərəkətsiz dayandığını göstərib.

İnsan ticarəti və digər cinayətlərdə ittiham olunan, 20-40 yaşlarında olan və gəmi qəzasından sağ çıxan doqquz nəfər bazar ertəsi məhkəmədə təqsirli olmadıqlarını iddia edib və onlardan birinin vəkili müvəkkilinin sərnişin olduğunu bildirib.

Kalamata məhkəməsi, sağ qalanlardan bəzilərini qaçaqmalçılıq şəbəkəsinin üzvü olmaqda şübhəli bilib.

Onlar gəminin qəzaya uğramasına səbəb olan cinayətkar təşkilata qoşulmaqda və həyati təhlükə yaratmaqda ittiham olunurlar. Bazar ertəsi baş verən başqa bir qəzada Sahil Mühafizə Xidməti Egey dənizinin şərqində bir yaxtanın təhlükə siqnalı verməsindən sonra 68 nəfərin xilas edildiyini bildirib.

Türkiyədən yola düşdüyü güman edilən yaxta bazar ertəsi səhər tezdən təhlükə siqnalı çalıb. Ordakı sərnişinlər əvvəlcə iki rus gəmisi tərəfindən götürülüb, sonra sahil mühafizə gəmisinə təhvil verilərək yaxınlıqdakı Leros adasına aparılıb.

İslamabaddakı səlahiyyətlilər ötən həftə qəzaya uğrayan gəmi qəzasından sonra insan ticarəti ilə bağlı 14 şübhəlinin həbs olunduğunu və polisin digər şübhəliləri axtardığını əlavə edib.

Baş nazir Şehbaz Şərifin administrasiyası tərəfindən verilən açıqlamada, hadisə ilə əlaqəsi olduğu iddia edilən şəbəkə ilə bağlı yüksək səviyyəli axtarış aparılması üçün göstəriş verildiyi bildirilib. Bazar ertəsi milli matəm elan edildikdən sonra bayraqlar yarıya qədər endirilib.

Ana səhifəDünyaYunanıstan sahilində batmış qayıqla bağlı həbs olunanlar var