close

Bəxtiyar Hacıyev: “Müraciətim kifayət etmirsə, desinlər, əfv yazmağa, kommunikasiyaya hazıram…”

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

 İctimai fəalın həbs müddəti uzadıldı

İctimai fəal Bəxtiyar Hacıyev haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha iki ay – iyunun 28-nə qədər uzadılıb. Aprelin 20-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva bu barədə qərar qəbul edib.

Qapalı keçirilən məhkəmə prosesində Bəxtiyar Hacıyevin özü də iştirak edib.

Məhkəmədə Baş prokuror Kamran Əliyevin Bəxtiyar Hacıyevlə bağlı istintaq müddətinin uzadılmasına dair 19 aprel 2023-cü il tarixli qərarı təqdim olunub.

Bəxtiyar Hacıyev və vəkili Baş prokurorun qərarına etiraz edib. Onlar bildirib ki, bu qərar yetərincə əsaslandırılmayıb. İstintaqın uzadılmasının səbəbləri məlum deyil, qərarda da bu haqda əsaslandırma əksini tapmayıb.

Bəxtiyar Hacıyev onu da bildirib ki, həbsindən öncə kiməsə təsir göstərməyib, istintaqdan yayınmayıb, nə vaxt çağırılıbsa, həmişə gedib ifadə, izahat verib. Bundan sonra da nə təsir göstərmək, nə də yayınmaq niyyətindədir.

Mənim həbsdə saxlanma müddətimin uzadılması üçün göstərilən əsaslar absurddur”, – Bəxtiyar Hacıyev bildirib.

O əlavə edib ki, bir müddət öncə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Bəxtiyar Hacıyev vurğulayıb ki, bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazırdır:

Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.

Məhkəmədə istintaq orqanının – Daxili İşlər Nazirliyinin nümayəndəsi iştirak edib. O, həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimatı müdafiə edib.

Bəxtiyar Hacıyev və müdafiəçisinin etirazlarına baxmayaraq, hakim təqdimatı təmin edib. İctimai fəal barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay artırılıb.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edirdi. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəSosialBəxtiyar Hacıyev: “Müraciətim kifayət etmirsə, desinlər, əfv yazmağa, kommunikasiyaya hazıram…”