close

Bəxtiyar Hacıyevin həbsinə beynəlxalq reaksiyalar: “Dərhal azad edilməlidir”

Foto: Bəxtiyar Hacıyevin şəxsi arxivindən

Keçmiş səfir ümid edir ki, sanksiyalar korrupsiyaya yol verən digər şəxslərə də şamil olunacaq

Beynəlxalq Amnistiya Təşkilatı (“Amnesty International”) Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasına çağırıb.

Bu barədə təşkilat “Twitter” səhifəsində açıqlama yayıb.

Foto: By Casimiro PT/Shutterstock

Bildirilir ki, Azərbaycandan olan keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev yenidən həbs edilib: “Onu siyasi motivli ittiham üzrə 3 ilədək həbs təhlükəsi gözləyir. O, dərhal azadlığa buraxılmalıdır”.

Dekabrın 9-da Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev barəsində ilkin istintaq dövrü üçün 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb.

ABŞ səfirliyi də narahatdır…

ABŞ-ın Azərbaycandakı səfirliyi də Bəxtiyar Hacıyevin həbsindən narahatlığını ifadə edib.

Səfirliyin dekabrın 10-da yaydığı açıqlamada bildirib ki, Bəxtiyar Hacıyev İnsan Hüquqları Günü ərəfəsində həbsi edilib və hakimiyyət onu mümkün qədər tez azad etməlidir.

Foto: ABŞ səfirliyi

Səfirliyinin sözçüsü Alice Spensley deyib ki, Amerika Birləşmiş Ştatları hələ də insan hüquqlarına və əsas azadlıqlara hörmətin təbliğinə sadiqdir: “Bir daha hökuməti dinc ifadə hüququ da daxil olmaqla vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırırıq”.

ABŞ Dövlət Departamenti Azərbaycana çağırış edib…

Dekabrın 10-da ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel “Turan”ın Vaşinqton müxbirinin Hacıyevin həbsi ilə bağlı sualını belə cavablandırıb: “Biz İnsan Hüquqları Günü ərəfəsində Bəxtiyar Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”.

Vedan Patel əlavə edib ki, ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə əvvəlkitək qətiyyətlə sadiq qalır: “Biz yenidən hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən onların öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”.

Vedan Patel. Foto: Turan.

“Turan”ın “Azərbaycan rəsmilərilə (sonuncu dəfə bu həftə ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı) danışıqlar zamanı insan hüquqları mövzusu müzakirə olunurmu?” sualına Patel cavab verib ki, Vaşinqton bu mövzunu öz xarici siyasətinin mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.

“Bu administrasiyanın işinin lap əvvəlindən, vəzifəyə başladığımız vaxtdan biz dünya ölkələrilə qarşılıqlı fəaliyyət göstərərək insan hüquqlarını xarici siyasətimizin mərkəzi hissəsinə qoymuşuq və bunu davam etdirmək niyyətindəyik”, – Patel belə deyib.

Riçard Kozlariç hakimiyyəti tənqid edib

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kozlariç “Turan”a bildirib ki, mühüm məsələ Dövlət Departamentinin Kərim Əlimərdanova Qlobal Maqnitski Aktına uyğun olaraq insan hüquqlarının pozulmasına görə sanksiya tətbiq eməsidir:

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç
Riçard Kozlariç.Foto: VOA

“Bakı rejimi cəzasız olaraq insan hüquqlarının pozulmasına yol verib. İndi nəticələr var”.

R.Kozlariç ümid edir ki, bu sanksiyalar kobud korrupsiyaya yol verən vəzifəli şəxslərə də şamil olunacaq.

Avropa İttifaqı işin şəffaf araşdırılmasını tələb edir…

O cümlədən, Avropa İttifaqı vətəndaş fəalın xuliqanlıq ittihamı ilə həbsindən narahatdır.

Peter Stano. Foto: Avropa İttifaqı

“İttifaqın səlahiyyətliləri onun işinin şəffaf və qərəzsiz araşdırılmasını təmin etməyə çağırır”, – bunu şənbə günü qurumun xarici işlər üzrə sözçüsü Peter Stano “Twitter” hesabında yazıb.

Ana səhifəSiyasətBəxtiyar Hacıyevin həbsinə beynəlxalq reaksiyalar: “Dərhal azad edilməlidir”