close

Xərçəngin cənginə keçmiş azyaşlı: İstəyi gəlincik, doyunca yemək idi, amma…

Maya Bürcəliyeva. Foto: Mdeydan TV

“Sığınacaqda qarındolusu yemək yeyəndə sevinirdi”

“Maya ötən il Yeni il ərəfəsi Şaxta Babaya arzulanı söyləyirdi, ondan gəlincik istəyirdi. Biz də alıb verdik, elə sevindi ki. Amma indi xəstəlik onu elə əldən salıb ki, danışa da bilmir”.

Bunu Meydan TV-yə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir.
5 yaşlı Maya Bürcəliyeva xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir müddət anası ilə birgə “Təmiz Dünya”nın sığınacağında qalıb.

“Mayanın valideynləri ayrılıblar. Anası ilə birgə müvəqqəti sığınacağa yerləşdirmişdik. Anası dedi ki, imkanı yoxdur, uşaq günlərlə nəinki doyunca yemək, hətta yavan çörək tapıb yeyə bilmir. Yaşadıqları evə daxma belə demək mümkün deyil. Nə döşəməsi, nə də tavanı var”, – Mehriban Zeynalova deyir.

Maya anası ilə birgə Şəmkirdə yaşayıb. Uşağın səhhəti birdən-birə ağırlaşıb. Anası deyir ki, qəflətən gözü əyilib. Göz həkiminin məsləhəti ilə uşağı nevroloji klinikaya aparıblar. Ona baş beyinin arxa kəllə çuxurunda patoloji törəmə diqanozu qoyulub. Əməliyyat olunsa da, dərman və müəlicə üçün ailənin maddi imkanı çatmır.

Mehriban Zeynalovanın sözlərinə görə, Maya artıq səsə belə reaksiya vermir. Uşağın vəziyyəti getdikcə ağırlaşır:

“Onsuz da həyatda çox çətinlik görmüşdü. Sığınacaqda qarındolusu yemək yeyəndə sevinirdi. Mayanın müalicə olunması üçün çalışırıq. Təəssüf kü, məbləğ toplanılmır. İmkanlı adamlardan xahiş edirik ki, onun müalicəsinə köməklik göstərsinlər”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1.5 faizini təşkil edir. Hər il dünyada yaşı 15-dən aşağı olan təxminən 215 min uşaq xərçəngə yoluxur. Hər il təxminən 100 min uşaq xərçəng xəstəliyindən vəfat edir.

Foto: Meydan TV

2020-ci ilin statistikasına görə, Azərbaycanda 13 yaşınadək olan 117 uşağa xərçəng diaqnozu qoyulub. 2012-ci ilin martında Milli Onkologiya Mərkəzinin nəzrində ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Yerli mətbuatda klinikada müalicə olunan uşaqlara qayğıdan, prezidentin qızı Leyla Əliyevanın bu uşaqlara gətirdiyi hədiyyələrdən bəhs edilir. Ancaq xəstəlikdən əziyyət çəkənlərin ağır və bahalı bir müalicəyə ehtiyacı olduğunu vurğulayan yoxdur.

Maya Bürcəliyevanın anası ümid edir ki, imkanlı adamların mərhəməti onun 5 yaşlı qızını bu xəstəliyin pəncəsindən almağa kömək edəcək…

Ana səhifəSağlıqXərçəngin cənginə keçmiş azyaşlı: İstəyi gəlincik, doyunca yemək idi, amma…