close

Bəxtiyar Hacıyevin məhkəməsi başlayır

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəalın işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb

Bir ildən çoxdur həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi başlayır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyilə, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası baxır.

Bəxtiyar Hacıyevin işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 29-na təyin olunub.

İctimai fəalın işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir.

Adları çəkilən şəxslərin hər ikisi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Ana səhifəSiyasətBəxtiyar Hacıyevin məhkəməsi başlayır