close

Alen Simonyan: “Sərhədlərin demarkasiyası sülh sazişindən ayrılmalıdır”

Foto: “galatv.am”

Spiker Azərbaycanla oxşar fikirlər səsləndirib

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Azərbaycanla sərhədlərin demarkasiyasını sülh sazişindən ayırmaq mümkündür.

Spiker bu barədə dekabrın 22-də yerli jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, demarkasiya məsələsi uzun çəkə bilər, ona görə də bunları ayırmaq lazımdır:

Əsl sülhə doğru irəliləyən ölkə belə şeylərdə heç bir maneə görməyəcək”.

O bildirib ki, sülh sazişi imzalanandan sonra bu barədə düşünmək mümkün olacaq.

Ancaq bu mənim şəxsi fikrimdir”, – deyə spiker Simonyan əlavə edib.

Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də oxşar açıqlama səsləndirmişdi.

Bildirmişdi ki, sərhədlərin demarkasiyası məsələsi sülh sazişindən ayrılmalıdır.

Alen Simonyan onu da vurğulayıb ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyəsi yoxdur:

Çünki ermənilər və ruslar dost xalqlardır. Ermənistanda Rusiya əleyhinə heç nə yoxdur, son illər atılan siyasəti, addımları qəbul etməmək var. Gəlin bunu Rusiya əleyhinə fona çevirməyək”.

Parlamentin spikeri Rusiya dövlət başçısı Vladimir Putinin Ermənistanın Qarabağın Azərbaycanın ərazisi olaraq tanıması fikrinə belə reaksiya verib:

“Qarabağ erməniləri Putinin böyük pankartını açmışdılar. Onlar Rusiyaya minnətdarlıq üçün “Z” simvolunu yazdılar, “Sağ ol, Rusiya” kampaniyası apardılar. Amma nəticə göz önündədir. Rusiya sülhməramlıları hərəkətsizlik nümayiş etdirdilər. İndi bütün bunların Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün baş verdiyini demək reallıq deyil”.

Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətinə gəlincə, Simonyan qeyd edib ki, təşkilat Ermənistanın qurumu tərk etməsini istəmir.

O, KTMT baş katibinin Ermənistana səfərinə toxunaraq deyib: “Bunu onların atdığı addımlardan görmək olar”.

“Təşkilat Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisində olduğunu bəyan edib, onlardan ərazisini tərk etməyi tələb etsə, Ermənistan KTMT-yə münasibətdə mövqeyini dəyişəcək. Məsələ ondadır ki, KTMT işləmir, KTMT öz ərazisini qorumursa, deməli, işləmir”, – deyə Alen Simonyan vurğulayıb.

Spiker Moskva və Yerevan arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlərlə bağlı danışıqlara başlaması ilə bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin söylədiklərinə belə reaksiya verib:

Bu, bütün dırnaqarası problemlərin də daxil edilə bildiyi ümumi müzakirədir. Gözləyək, görək bu, nə deməkdir”.

O, Rusiya tərəfinin Ermənistana nəinki silah satmaq istəmədiyini, hətta sata bilməyəcəyini də vurğulayıb.

“Mən hətta əmin deyiləm ki, müzakirə edəcəklərimizi sonunda ala biləcəyik”, – deyə parlamentin spikeri bildirib.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər arasında indiyə qədər sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətAlen Simonyan: “Sərhədlərin demarkasiyası sülh sazişindən ayrılmalıdır”