close

Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı müvəqqəti qərar qəbul edib

Beynəlxalq Ədalət Məhkəməsi, Foto: By robert paul van beets/Shutterstock

Məhkəmə Qəzzaya yardımın çatdırılmasına maneənin götürülməsini tələb edir

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İsraili Qəzzaya yardımın çatdırılmasına mane olmaqdan çəkinməyə və humanitar vəziyyəti yaxşılaşdırmağa çağıran müvəqqəti qərar qəbul edib.

Məhkəmə həmçinin İsrailə mühasirəyə alınmış anklavda soyqırım aktlarının qarşısını almaq və soyqırıma təhrik edənləri cəzalandırmaq üçün səlahiyyətləri daxilində bütün tədbirləri görməyi tapşırıb.

Bununla belə, məhkəmə Cənubi Afrika Respublikasının İsrailin həyata keçirdiyi əməliyyatların dayandırılması ilə bağlı iddiasını təmin etməyib.

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Ədalət Məhkəməsindən (BƏM) İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırım törədib-törətmədiyini nəzərdən keçirməyi xahiş etmişdi.

CAR rəhbərliyi oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrailin fələstinlilərə qarşı soyqırım həyata keçirdiyini iddia edirdi.

Lakin hazırda davam edən məhkəmə İsrailin Qəzzada hərbi əməliyyatları dayandırması barədə qərar çıxarmayıb.

Məhkəmə xatırladıb ki, onun müvəqqəti tədbirlər haqqında qərarları məcburi qüvvəyə malikdir:

“Beləliklə, qərarlar müvəqqəti tədbirlərin ünvanlandığı hər hansı tərəf üçün beynəlxalq hüquqi öhdəliklər yaradır”.

İsrailin mühasirəyə alınmış anklavda soyqırım törətməsi ilə bağlı məhkəmədən hər hansı bir qərar gözlənilməsə də, cümə günü CAR-ın tələb etdiyi doqquz müvəqqəti tədbirdən bir neçəsi gerçəkləşdirilib.

CAR-ın tələb etdiyi müvəqqəti tədbirlər bunlar idi: Qəzzada hərbi əməliyyatların dərhal dayandırılması, fələstinlilərin məcburi köçkünlüyünün qarşısının alınması, humanitar yardımın anklava daxil olmasına hər hansı məhdudiyyətin aradan götürülməsi, soyqırım törətməkdən çəkinmək və ona təhrik edənlərin cəzalandırılması, həmçinin iddia edilən cinayətlərin sübutlarının məhv edilməsinin qarşısının alınması.

BƏM yalnız dövlətlər üzərində yurisdiksiyaya malikdir və buna görə də İsrailə əmr verə bilər, amma qeyri-dövlət qurumu olan HƏMAS-a yox.

BƏM-in cümə günü verdiyi qərar qanuni qüvvəyə malik olduğundan məhkəmə buna əməl olunmadığı təqdirdə digər addımlar da ata bilər. Yəni İsrail Beynəlxalq Ədalət Məhkəməsinin göstərişlərinə əməl etməsə, məhkəmə BMT Təhlükəsizlik Şurasını ona qarşı ayrıca sanksiyalar tətbiq etməyə çağıra bilər.

Buna baxmayaraq, İsrail hökuməti bir müddət öncə bəyan etmişdi ki, hətta Haaqa Məhkəməsi də onun ölkənin həm cənub, həm də şimalında təhlükəsizliyin bərpası ilə bağlı keçirdiyi əməliyyatlara mane ola bilməz.

Ana səhifəDünyaBeynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı müvəqqəti qərar qəbul edib