close

Bina sakinləri “Azəriqaz”ı məhkəməyə verib: Sayğac sərfiyyatdan artıq yazır

Hakim Pərviz Zamanlı və “Azəriqaz”

Şikayətçilər hakimin iddianı oxumadığını düşünürlər

Yasamal rayonunun Qurban Xəlilov küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri “Azəriqaz” İB-dən narazıdırlar. Onlar narazlıqlarını məhkəməyə ünvanlayblar.

Səbəb kimi istehlakçıların istifadə etdiklərindən daha çox qaz üçün ödəniş etməyə necə məcbur etmələri göstərilib. Bildirilib ki, 2020-ci ilin may-iyun aylarında sayğac həddindən artıq yüksək qaz sərfiyyatı göstəriciləri yazıb.

Sakinlərin Meydan TV-yə müraciətində qeyd olunub ki, dəfərlərlə etdikləri şikayətdən sonra “Azəriqaz” İB-nin Yasamal Rayon İdarəsinin əməkdaşları sayğacı söküb yoxlanılması üçün laboratoriyaya göndəriblər.
Sökülən sayğacın yerinə başqası quraşdırılıb. “Azəriqaz”ın Metrologiya Laboratoriyasında sayğacın yoxlanılması nəticəsində nasaz olduğu və qaz göstəricilərinin artıq yazıldığı (iki dəfədən çox) təsdiq edilib. Amma bunlara rəğmən sakinlərə məhz artıq qaz həcminə görə ödəniş fakturası (1500 manatdan çox) təqdim edilib. Ardınca “Azəriqaz”İB-nin sədri Ruslan Əliyevə dəfələrlə müraciət etsələr də, reaksiya olmayıb.

Yaranmış bu vəziyyətdən sonra binanı idarə edən “Yasamal-15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 2022-ci ilin noyabrında Xətai Rayon Məhkəməsinə iddia ərizəsi verib. Bir ay sonra Kommersiya Məhkəməsinə müraciət etmək təklifi ilə iddianın qəbulundan imtina cavabı gəlib. Keçən ilin sentyabrında Kommersiya Məhkəməsinə müraciət olunub, noyabrın sonlarında isə yenidən Xətai Rayon Məhkəməsinə müraciət edilməli olduğu haqqında cavab alıblar. Bütün bunlara üç ay vaxt gedib.

2022-ci ilin dekabrında Müştərək Cəmiyyətin Xətai Rayon Məhkəməsinə təkrar müraciətindən sonra, nəhayət ki, iş qəbul olunub və ilk iclas 17 yanvar 2023-cü il tarixinə təyin edilib.

Qeyd olunur ki, hakim Pərviz Zamanlının sədrliyi ilə keçirilən iclaslarda binanın komendantından sakinlərin adından danışmaq hüququnu təsdiq edən arayış tələb edilib:

“Halbuki, notarius tərəfindən təsdiq edilmiş bu sənəd elə birinci iclasda təqdim edilib. Martın 9-da keçirilən iclasda hakim sakinlərin nümayəndəsinə, binanın komendantına sual verib ki, siz nə tələb edirsiniz? Komendantın iddiada “Azəriqaz”ın qaz sərfiyyatını yenidən hesablamağa və real fakturanı təqdim etməyə çağırılması xahişinin yer aldığı barədə cavabı hakimi qane etməyib. “Başa düşmürəm, nə istəyirsiniz, qoy vəkiliniz və ya “Yasamal-15” Müştərək Cəmiyyətinin sədri gəlsin” deyərək iclası daha bir ay təxirə salıb”.

İstehlakçıların iddiasına görə, “Azəriqaz”ın nümayəndəsi sonuncu iclasdan başqa heç bir iclasa gəlməyib:

“Həmin iclasda da yay aylarında qazanxana işləmədiyi halda qaz sərfiyyatının necə isitmə mövsümündəki ilə eyni ola biləcəyi haqqında suala cavab verə bilməyib. Beləliklə, sakinlər bir tərəfdən “Azəriqaz”ın, digər tərəfdən məhkəmə orqanlarının qanunsuzluğu açıq şəkildə dəstəkləməsi ilə üzləşiblər”.

Aprelin 11-də keçirilən sonuncu iclasda sakinlərin iddiasının surəti hakimə göstərilib. İddiada “Azəriqaz”dan mövcud olmayan borcu silməsinin tələb edilməsini istədikləri yazılıb.

Ancaq hakim Pərviz Zamanlı “bu sənəd bizdə yoxdur”, deməsi təəccüblə qarşılanıb. Belə məlum olub ki, hakim 4 aydır baxdığı işlə bağlı iddianı oxumayıb. Ardınca işi baxılması üçün Kommersiya Məhkəməsinə göndərməyi təklif edib. Baxmayaraq ki, bu məhkəmə artıq iddiaya baxıb və onu Xətai Rayon Məhkəməsinə qaytarıb.

Sakinlər deyir ki, sonuncu iclasda heç bir qərar qəbul edilməyib:

“Hakim qərarın aprelin 27-də açıqlanacağını və işin Ali Məhkəməyə göndərilməli olduğunu bildirib”.

“Qəribədir ki, məhkəmənin elektron portalında Pərviz Zamanlının baxdığı işlər arasında bu şikayətlə bağlı məlumat yoxdur. Halbuki, aprelin 12-də keçirilən digər iclaslar haqqında məlumatlar var”,– deyə sakinlər əlavə edib.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Meydan TV-nin şikayətlə bağlı sorğusunu cavablandırıb.

 E.Vəliyevin sözlərinə görə, sayğac Metrologiya Laboratoriyasına təqdim olunursa, mütləq yoxlanılır:

“Kimin sayğacın artıq yazması ilə bağlı şübhəsi varsa, onun “Azəriqaz”a rəsmi müraciət etmək hüququ var. Belə müraciət edilən kimi “Azəriqaz”ın borcudur ki, həmin abonentin şikayəti təmin olunsun. Elə abonentin iştirakı ilə sayğacı götürülür və müvəqqəti sayğacla təmin olunur. Bundan sonra sayğac blomlanmış qutuya qoyulur və Metrologiya Laboratoriyasına gətirilir. Hətta özünun istədiyi mütəxəssisin iştirakı ilə prosesdə iştirak edə bilər. Nəticələrdən asılı olaraq sayğaclara şübhəylə yanaşa bilərlər. Ona görə şikayətdə deyilənlər mümkün deyil”.

Xidmət rəhbəri şikayəti bir daha araşdıracaqlarını bildirib.

Ana səhifəSosialBina sakinləri “Azəriqaz”ı məhkəməyə verib: Sayğac sərfiyyatdan artıq yazır