close

Bir il öncə çəkilmiş Xankəndi-Laçın yolunun çökdüyü bildirilir

Foto: sosial şəbəkə

Yolun sifarişçisi əraziyə nəzarətinin olmadığı üçün dəqiq heç nə deyə bilmir

Bir ildir istifadəyə verilən Xankəndi-Laçın yolunun çökdüyü bildirilir. Sosial şəbəkələrdə və Ermənistan mediasında yolun dağıldığını əks etdirən fotolar da yayılıb.

Bildirilir ki, dağılan yol Xankəndidən (Stepanakert) Qorisə gedən istiqamətdədir. Yol qısa olmasına baxmayaraq, son günlər burada Qarabağdan çıxan avtomobillərin tıxacı yaranıb və insanlar 30 saatlaradək yolda qalmalı olub.

Sentyabrın 19-da Azərbaycan həyata keçirdiyi 24 saatlıq hərbi əməliyyatı ilə “Dağlıq Qarabağ”a nəzarəti ələ alıb.

Bundan sonra bölgədə yaşayan ermənilərin köçü başlayıb. Ən son açıqlanan məlumata görə, Qarabağdan çıxanların sayı 70 min nəfəri ötüb.

Bir ilə salınan yol

Tikintisinə 2021-ci ilin iyulunda başlanan Laçın şəhərinin kənarından çəkilən avtomobil yolunun Azərbaycan hissəsinin hazır olması ilə bağlı açıqlama 2022-ci ilin avqustunda verilib.
Uzunluğu 32 km olan yolun 10 km-i Ermənistan ərazisindən keçir.

Qarabağa çəkilən yollar

2021-ci ilin 9 ayı ərzində dövlət büdcəsinin icrasına dair arayışda bildirilir ki, Qarabağda yolların tikintisinə 1 milyard manata yaxın vəsait xərclənib:

Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun layihələndirilməsi və tikintisinə ayrılan vəsait isə 5 milyon manatdır.

Hesabat verilmir

Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında rəyində bildirilir ki, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2178,4 mln. manat vəsait xərclənib.

Həmin vəsaitin 85 faizi avtomobil yollarının və dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisinə yönəldilib. Sifarişçi təşkilatlara ayrılmış vəsait 71 layihə üzrə bölüşdürülüb, lakin bu barədə illik hesabata rast gəlinmir.

Yolları inşa edən şirkətlər

Qarabağda yolların çəkilməsini hansı şirkətlərin həyata keçirməsinə gəlincə, inşaatın başında daha çox türk şirkətləri dayanır: “Kolin Group” (və ya Koloğlu Holdinq), “Cengiz Holdinq” və “Kalyon Group”.

Bu şirkətlər dünyada ən çox dövlət tenderlərini qazanan şirkətlər arasında ilk onluqdadırlar. Şirkətlər Ərdoğan ailəsinə yaxınlıqları ilə diqqət çəkir.

Digər türk şirkəti “Polat Yol Yapı Sanaye və Ticaret”, Azərbaycan şirkəti olan “AzVirt”, “Körpü-Bina-Tikinti” MMC və başqalarıdır.

Rəsmi: “Yola nəzarətimiz yoxdur”

Meydan TV bir il əvvəl istifadəyə verilmiş yolun “tezliklə çökməsinin səbəbi nədir?” sualı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yayılan fotolar onların da qarşısına çıxıb. Üstəlik, o yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə çəkilib:

“Lakin hələ ki, həmin yola nəzarətimiz olmadığı üçün tam araşdırma apara bilməmişik dağıntıların yolun konkret hansı hissəsində olması ilə bağlı. Odur ki, tam açıqlama verə bilməyəcəyəm”.

Bir yolun tarixi

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulmuşdu.

Bəyanatın 6-cı bəndinə əsasən, 3 il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan hazırlanmalı idi.

Ana səhifəBölgəBir il öncə çəkilmiş Xankəndi-Laçın yolunun çökdüyü bildirilir