close

BMT-nin Ermənistandakı nümayəndəsi Qarabağdan gedən ermənilərlə insident yaşanmadığını deyir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Foto: Richard Juilliart/shutterstock

 “Heç bir pis rəftar halı qeydə alınmayıb”

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qarabağdan gedən ermənilərə qarşı insidentlərin olmadığını bildirir.

Bu barədə sentyabrın 29-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani qurumun Cenevrə ofisinin həftəlik mətbuat konfransında söyləyib.

O, Azərbaycanın Qarabağ bölgəsindən minlərlə insanın Ermənistana miqrasiyası və onların Ermənistandakı vəziyyəti ilə bağlı qiymətləndirmələr etdiyini vurğulayıb.

Bir həftədən az müddətdə 88 min 700-dən çox insanın Qarabağı tərk etdiyini iddia edən Kavita Belani Ermənistanda yaşanan fövqəladə humanitar vəziyyətdən narahat olduqlarını bildirib.

Belani qeyd edib ki, Ermənistan hökuməti BMT və digər qeyri-hökumət təşkilatlarının dəstəyi ilə müdafiə və yardım məsuliyyətini öz üzərinə götürüb.

Kavita Belani.

“Anadolu” Agentliyinin (AA) müxbirinin “Bu insanlara qarşı Azərbaycandan çıxış zamanı pis rəftar qeydə alınıbmı?” sualına Belani belə cavab verib:

“Bilirəm ki, indiyədək qeydə alınan heç bir hadisə olmayıb. Heç bir pis rəftar halı qeydə alınmayıb. Bu, uzun bir yoldur, bu zaman tıxac insanlar üçün çətin bir vəziyyətdir. Lakin azərbaycanlılar tərəfindən pis rəftar faktı qeydə alınmayıb”.

Sentyabrın 30-da Ermənistan hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan keçirdiyi brifinqdə Dağlıq Qarabağdan Ermənistana 100 417 məcburi köçkünün və 21 043 nəqliyyat vasitəsinin köçürüldüyünü açıqlayıb.

O, 81 139 nəfərin qeydiyyatda olduğunu əlavə edib.

Azərbaycan tərəf nə qədər erməni əsilli əxsin ölkəni tərk etdiyini açıqlamayıb. Ancaq sosial şəbəkələrdə ictimai fəallar Ermənistanın göstərdiyi rəqəmlərin real olmadığını, günlük iş rejimi ilə bu qədər adamın yoxlanışdan keçməsinin mümkünsüzlüyünü iddia edirlər.

Sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın erməni əhalisinin hüquqlarının təmin olunacağını deyib.

Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində danışan İlham Əliyev bildirib ki, Azərbaycan erməni əhalisinə reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair baxışını təqdim edib:

“Dini, təhsil, mədəni, bələdiyyə hüquqları – bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

“Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Ana səhifəSiyasətBMT-nin Ermənistandakı nümayəndəsi Qarabağdan gedən ermənilərlə insident yaşanmadığını deyir