close

Bir neçə postsovet ölkəsi Rusiyanın “Unistream” şirkəti ilə əməkdaşlığı dayandırdığını açıqlayıb

“Unistream”. Foto: “cyprus.com”

Bu addımın pul axınının kəskin artması fonunda atıldığı bildirilir

İyulun 20-də ABŞ Maliyyə Nazirliyinin Moskvada yerləşən firmaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Mərkəzi Asiya və Cənubi Qafqazın bir sıra bankları Rusiyanın pulköçürmə şirkəti olan “Unistream” ilə əməkdaşlığı dayandırıb.

Qazaxıstanın “Kazpochta” (Qazax poçtu) və “Nurbank” iyulun 24-də sanksiyalar səbəbindən “Unistream” ilə bütün əməliyyatları qeyri-müəyyən müddətə dayandırdıqlarını açıqlayıb.

Bu addım “Unistream” vasitəsilə Rusiyadan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, eləcə də Cənubi Qafqaz ölkələrindən Ermənistan və Gürcüstana pul axınının kəskin artması fonunda atılıb.

Özbəkistanın “Xalq Bank”ı, “Kapital Bank” və “İpoteka Bank”ı, həmçinin Qırğızıstanın “Kompanyon Bank”ı, “Finca Bank”, “RSK Bank”, “Kapital Bank”, “Halyk Bank“ və “Bank of Asia” da “Unistream” ilə əlaqəli əməliyyatları dayandırdıqlarını açıqlayıb.

Tacikistanda “Oryonbank” və “Humo Bank” da “Unistream” ilə əməkdaşlığı dayandırıb.

Ermənistanda “Ardshinbank” və “Converse Bank” da oxşar bəyanatlar verib, digər iki erməni bankı “Evokabank” və “Armeconombank” isə “Unistream” vasitəsilə yalnız rus rublu və erməni dramının köçürülməsinə icazə verəcəklərini bildiriblər.

Gürcüstanda “Bank of Georgia” və “TBC Bank” da “Unistream” ilə əməkdaşlığı dayandırıb.

“Unistream”, “Contact” və “Zolotaya Korona” (Golden Grown) pul köçürmə şirkətləri ilə birlikdə 2022-ci ilin fevralında Moskvanın Ukraynaya əsassız müdaxiləsinə görə Rusiyaya qarşı beynəlxalq sanksiyalar tətbiq edildikdən sonra böyük şirkətlərə çevrilib.

Ümumilikdə, ötən il Rusiyadan Gürcüstana 2 milyard dollardan çox vəsait köçürülüb ki, bu da 2021-ci ilə nisbətən 403 faiz sıçrayışdır. 2022-ci ildə Rusiyadan Qazaxıstana təxminən 775 milyon dollar köçürülüb ki, bu da əvvəlki illə müqayisədə 579 faiz çoxdur.

Ötən il rusların Ermənistana köçürdüyü nağd pulun həcmi 3,1 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 306 faiz çoxdur.

Keçən il Rusiya Prezidenti Vladimir Putin sentyabrda Ukraynadakı müharibəyə qismən səfərbərlik elan etdikdən sonra yüz minlərlə rus ölkəsini tərk edərək Mərkəzi Asiya, Qafqaz və digər keçmiş Sovet respublikalarına köçüb.

Ana səhifəİqtisadiyyatBir neçə postsovet ölkəsi Rusiyanın “Unistream” şirkəti ilə əməkdaşlığı dayandırdığını açıqlayıb