close

Blogerə hökm oxundu: məhkəməyə etiraz olaraq batareya uddu

Foto: Rəşad Ramazanovun şəxsi arxivindən

 Hökmdən apelyasiya şikayəti veriləcək

İki ilə yaxındır həbsdə olan bloger Rəşad Ramazanova fevralın 5-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə bloger narkotik ittihamıyla 5 il 4 ay azadlıqdan məhrum edilib.

Hakim Azər Tağıyevin sədrliyilə keçirilən bugünkü məhkəmədə hökmdən əvvəl bir sıra proseslər baş verib. Prokuror Rəşad Ramazanovun Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli bilinməsini və ona 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Blogerin vəkili Elçin Sadıqov müvəkkilinin təqsirsiz olduğunu vurğulayıb və onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Rəşad Ramazanovun özünün də son sözü qısa olub. O, bəraət istəyib.

Bir dəqiqə ərzində müşavirəyə gedib-qayıdan hakimlər onun haqqında 5 il 4 aylıq azadlıqdan məhrumetmə hökmünü elan edib.

Məhkəmədə Rəşad Ramazanov etiraz olaraq, batareya udub. Bunu görən Penitensiar Xidmətin konvoyları müdaxilə etməyə çalışıb.

Blogerin həyat yoldaşı Könül Ramazanova Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti verəcəklər:

 “Məhkəmənin hökmü ədalətsizdir. Bu adam cinayət törətməyib, şərlənib”.

Rəşad Ramazanov özü də məhkəmədə ifadəsində üstündən tapıldığı iddia olunan narkotikin əslində polislərin olduğunu, onun cibinə polis bölməsində atıldığını bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə yazdığı tənqidi fikirlərə, paylaşımlarına görə cəzalandırılıb. Bloger əlavə edib ki, polis bölməsində işgəncələrə məruz qalıb, hətta zorlanmaqla təhdid edilib. Bu səbəbdən etiraf ifadəsini imzalamağa məcbur olub.

Rəşad Ramazanov 2013-cü ilin may ayında da həbs olunmuşdu. O, narkotik ittihamıyla 9 il azadlıqdan məhrum edilmişdi. Rəşad Ramazanov o zaman da ittihamı qəbul etmir, sosial şəbəkələrdə hökuməti, o cümlədən Prezidenti tənqid edən paylaşımlarına görə cəzalandırıldığını bildirirdi.

O, 2019-cu ilin martın 16-da əfv sərəncamı ilə azadlığa buraxılandan sonra Gürcüstana köçüb, orada yaşamağa başlamışdı. Lakin ölkədən kənarda olduğu dövrdə də “Facebook” hesabından Azərbaycan hökumətinin, Prezidentin ünvanına sərt fikirlər səsləndirməkdə davam edirdi. O, həbsindən bir müddət öncə Azərbaycana qayıtmışdı.

Ana səhifəSosialBlogerə hökm oxundu: məhkəməyə etiraz olaraq batareya uddu