close

Ermənistan hakimiyyəti qarabağlı qaçqınlar üçün xarici səfərlərin qaydalarını izah edib

Qarabagdan köc. Foto: Meydan TV

“Kavkazski uzel”in materialı

Dağlıq Qarabağdan olan məcburi köçkünlər xaricə səfər edərkən əllərində müvəqqəti müdafiə haqqında şəhadətnamə olmalıdır. Bu şəhadətnamə məcburi köçkünlərin digər ölkələrə verilməməsinin zəmanəti olacaq, – Ermənistan hakimiyyəti xəbər verib.

Qarabağlılar Ermənistanın müdafiəsi altında bir il qalacaqlar, onlar bu zaman kəsiyində vətəndaşlıq alıb-almayacaqlarına qərar verməlidirlər.

“Hələ ki, başqa alternativ yoxdur”, – hüquqşünas İrina Ayrapetyan qeyd edib.

“Kavkazski uzel”in yazdığı kimi, 2023-cü ilin noyabr ayında polis Qarabağ qaçqınlarının Ermənistan vətəndaşlığı alması barədə ərizə qəbuluna başlayıb. İki ay ərzində 100 min qarabağlı qaçqından yalnız 735-i Ermənistan vətəndaşlığı almaq üçün ərizə verib. Qaçqın statusuna bərabər müvəqqəti müdafiə şəhadətnaməsini 53 mindən artıq köçkün alıb.

Yanvarın 18-də hüquq müdafiəçiləri xəbər veriblər ki, köçkünlərin Ermənistan vətəndaşlığını almaq istəməmələrinin səbəbi onların hökumətin verdiyi maddi yardımdan məhrum olmaq qorxusudur. Bununla yanaşı, hakimiyyət deyib ki, qaçqınlar da eynilə bütün müavinətləri ala biləcəklər.

2023-cü il oktyabrın 7-də Dağlıq Qarabağdan Ermənistana 100 632 məcburi köçkün gəlib. Qaçqınların sosial məsələləri ilə Ermənistan hökuməti məşğul olur. Köçkünlərə mehmanxana və pansionatlarda otaq, hər birinə 100 min dram (təxminən 250 dollar) məbləğində birdəfəlik yardım və kirə haqqını ödəmək üçün altı ay ərzində aylıq 50 min dram (təxminən 125 dollar), həmçinin kommunal xidmətləri ödəmək üçün 10 min dram (təxminən 25 dollar) verilir.

Ermənistan hakimiyyətinin qərarı ilə Dağlıq Qarabağdan olan məcburi köçkünlər yanvarın 28-də müvəqqəti müdafiə statusu aldıqdan sonra xaricə səfər edərkən əllərində pasportla yanaşı, müvəqqəti müdafiə haqqında şəhadətnamə də olmalıdır.

“Müvəqqəti müdafiə haqqında şəhadətnamə o deməkdir ki, ona sahib olan şəxs beynəlxalq müdafiə altındadır. Yəni həmin şəxs hansı şəraitdə olursa-olsun, konkret ölkənin hüdudlarından kənara ekstradisiya edilə və ya hər hansı bir şəkildə zorla təhvil verilə bilməz. Hazırda söhbət Azərbaycandan gedir. Məqsəd Dağlıq Qarabağdan olan məcburi köçkünlərin xaricə səfər edərkən əlavə müdafiə tədbirlərinin görülməsidir. Müvəqqəti müdafiə haqqında şəhadətnamə pasport xidmətləri tərəfindən şəxsin qeydiyyatı ilə birgə verilir”, – fevralın 4-də Ermənistan DİN-nin Miqrasiya və Vətəndaşlıq Xidməti “Kavkazski uzel”in müxbirinə xəbər verib.

Qurum nümayəndəsinin dediyinə görə, “müvəqqəti müdafiəni Ermənistan hüdudunda olan məcburi köçkünlər ala bilər. Xaricdə olan bu şəxslər müvəqqəti müdafiə haqqında şəhadətnaməni almaq üçün Ermənistanın diplomatik nümayəndəliyində və konsul müəssisələrində ərizə verə bilərlər”.

Xidmətin məlumatına görə, fevralın 1-də 43 minə yaxın məcburi köçkün müvəqqəti müdafiə haqqında şəhadətnaməni almaq üçün ərizə verib. 1000-ə yaxın məcburi köçkünsə Ermənistan Respublikasının vətəndaşlığını almaq üçün müraciət edib.

“Ermənistan Dağlıq Qarabağın sakinlərini bir il müddətinə nəzarətə alıb və bütün beynəlxalq normalara uyğun olaraq, həm öz ölkəsində, həm istənilən ölkədə onların hüquqlarını müdafiə edir. İl bitənədək artıq qərar qəbul etmək lazım gələcək – Ermənistan vətəndaşlığı qəbul edilsin, ya yox. Alternativin nə olacağı isə hələ aydın deyil. Dağlıq Qarabağ sakinləri istənilən halda heç bir maneə olmadan Ermənistandan kənara çıxa, qeydiyyatdan keçə və əgər həmin ölkənin icazəsi varsa, rahat şəkildə ora gedə bilərlər. Amma əgər həmin ölkədə bir şeylər düz getməzsə, Dağlıq Qarabağın sakini Ermənistana deportasiya olunacaq. Bu zaman Ermənistanın verdiyi müvəqqəti müdafiə haqqında sənəd heç bir rol oynamayacaq”, – hüquqşünas İrina Ayrapetyan “Kavkazski uzel”in müxbirinə söyləyib.

Anuş Petrosyan “Kazkazski uzel”in müxbirinə anasının təqaüd alması üçün nə etdiyini danışıb.

“Anam yaş həddinə görə əmək təqaüdü alır. Biz müvəqqəti müdafiə alandan sonra yaşadığımız ünvanda qeydiyyatdan keçdik və anam Ermənistanın Sosial Məsələlər üzrə Nazirliyində onlayn blank doldurub təqaüd almaq üçün növbəti dəfə ərizə verdi. O, bundan sonra təqaüd almağa başladı. Hərbi təqaüdçülərsə ikinci dəfə ərizə vermirlər, çünki onların məlumatları avtomatik şəkildə peyda olur”, – jurnalist qadın deyib.

Ani Manqasaryan xəbər verib ki, qayınanası və qayınatası qeydiyyatdan keçmək və müvəqqəti müdafiə almaq üçün ərizə verib.

“Sənədləri martın 10-da rəsmiləşdirməyi vəd ediblər. Onlar sentyabr ayından bəri təqaüd almırlar. Hamımız bir yerdə yaşadığımız üçün, şübhəsiz ki, bütün yükümüzü ərim çəkir. O, bir oğul kimi valideynlərinin, ər kimi də mənim və iki övladımızın qayğısına qalır. Hərçənd bizə dedilər ki, qocalar qeydiyyatdan keçdikdən sonra oktyabrın 1-dən başlayaraq bütün təqaüdü köçürəcəklər. Onlar bunu həsrətlə gözləyirlər, belə ki, indiyədək ala bilmədikləri və onlarsız keçinmək məcburiyyətində qaldıqları bir çox şey – paltar, dərman, gigiyena vasitələri və s. almalıdırlar”, – o, “Kavkazski uzel”in müxbirinə söyləyib.

“Qeydiyyatdan keçmək məqsədilə ərizə vermək və hazır sənədləri almaq üçün saatlarla növbədə dayanmalı oluruq”, – Lusine Sarkisyan deyib.

“Ailənin hər bir üzvü özü ərizə verməlidir. Məsələn, ər arvadına və ya valideynlərinə görə sənəd verə bilməz. Övladlarımız 16 və 17 yaşlarındadır, bu səbəbdən də qeydiyyat şöbəsinə yaxınlaşıb özləri sənəd verməlidirlər. Növbənin ucu-bucağı görünmür. Bütün qohumlarım və tanışlar deyir ki, onların rayonunda da, elə bizdə də, Yerevanda olduğu kimi, qeydiyyata növbə ilə bağlı eyni vəziyyətdir. Və ən əsası, heç kəs bu məsələ ilə məşğul olmaq istəmir. Yəqin insanların iş axtarmaq əvəzinə növbələrdə saatlarla dayanması kiməsə əl verir”, – qadın deyib.

Onun söylədiyinə görə, ailədə təkcə əri işləyir və Yerevanda kirayə mənzildə qalırlar.

“Ermənistan hökumətindən gələn sosial-maddi yardımın hamısı kirayə haqqına gedir. Ərimin maaşının 50%-i kommunal ödəmələrə gedir. Yerdə qalan hər şeyi çatdırmaq üçün maksimum qənaət etməli oluruq”, – Sarkisyan qeyd edib.

“Atam hərbi təqaüdçüdür. O, qeydiyyatdan keçən və qaçqın statusu alan kimi təqaüd almağa başlayıb. Biz ikinci dəfə ərizə verməli və ya hər hansı bir yeni ərizəni doldurmalı olmadıq. Təqaüd bank kartına köçürüldü. Biz həmçinin əlillik haqqında kağız təqdim etdik, belə ki Sosial Məsələlər üzrə Nazirlikdə artıq bütün məlumatlar var idi”, – Oleq Ayrapetyan deyib.

O, bu yaxınlarda 18 yaşının tamam olduğunu və həddi-buluğa çatdığına görə inşaatda adi fəhlə kimi işə düzəldiyini söyləyib.

“Valideynlərimə kömək etmək üçün təhsil atmaq məcburiyyətində qaldım. Ailədə məndən savayı, iki məktəbli bacım var. Kirayə haqqımız çox olmasaydı, bəlkə də valideynlərim öhdəsindən gələrdi. Mənim aldığım maaş heç olmasa qarnımızı doydurmağa çatır”, – gənc söyləyib.

Ana səhifəXəbərlərErmənistan hakimiyyəti qarabağlı qaçqınlar üçün xarici səfərlərin qaydalarını izah edib