close

“Bravo”ya silahlı hücumla bağlı məhkəmə: “Əvvəl “Kapitalbank”a hücum planlaşdırılmışdı, amma…”

“Bravo”

 “Qorxudan hüquq-mühafizə orqanlarına da xəbər eləmədim”

Bankomatda inkassatora silahlı hücum zamanı 1 nəfərin ölümü, daha birinin isə yaralandığı hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunan 6 nəfərdən biri – Dəyanət Qüdrətov oktyabrın 18-də məhkəmədə ifadə verib. O, hadisə günü baş verənlər, bu cinayətin planlaşdırılması və s. haqda danışıb.
Hadisə Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində “Bravo” hipermarketinin girişindəki bankomatın önündə baş verib.

Silahlı basqınla əlaqədar cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Bu hadisəyə görə 7 nəfər təqsirləndirilən şəxs qismində tanınsa da, məhkəmə qarşısına 6 nəfər çıxarılıb. Çünki bir nəfər – Ruhlan İsmayılov hadisədən bir neçə saat sonra saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Onun təslim olmadığı, silahlı müqavimət göstərdiyi iddia olunur.

Təqsirləndirilən 6 nəfərə gəlincə, Dəyanət Qüdrətov martin 4-də Ruhlan İsmayılovla birlikdə “Bravo”da cinayəti törətməkdə ittiham olunur.

Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanov isə bu cinayətin törədilməsinə yardım etməkdə günahlandırılır.

Təqsirləndirilən Rövşən İsmayılov isə cinayəti törətməkdə ittiham olunan və saxlanılarkən öldürülən Ruhlan İsmayılovun atasıdır.

Daha bir təqsirləndirilən – Babək İsmayılov Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı olub. O, müharibə iştirakçısı olub, medallarla təltif edilib. Rövşən İsmayılov və Babək İsmayılov barəsində istintaq və məhkəmə dövrü üçün həbs qətimkan tədbiri seçilməyib.

Oktyabrın 18-də Dəyanət Qüdrətov məhkəmədə ifadə verərkən deyib ki, 2023-cü ilin yanvarında hərbi xidmətdən qayıdıb. Bir neçə gün sonra onlar Ruhlan İsmayılovla görüşüblər. Onun sözlərinə görə, Ruhlan İsmayılov ov üçün avtomat silah almaq istədiyini deyib:

“Ruhlan öz adına ala bilmirdi. Ona görə ki, psixatriya xəstəxanasında yatmışdı, ona silah satmırdılar. Təklif elədi ki, mənim adıma alaq. Mən də razılaşdım. Mağazadan silah aldıq. Ruhlan sonradan dedi ki, basqın eləyəcək. Fevral ayında izləməyə başladı”.

Onun sözlərinə görə, basqında iştiraka əvvəl razılaşmayıb. Lakin Ruhlan İsmayılov onu ailə üzvlərilə hədələyəndən sonra razılıq verib.

Hadisənin baş verdiyi günə gəlincə, Dəyanət Qüdrətov danışır ki, Ruhlan İsmayılov silahı ona verərək, əvvəl onu içəri göndərib:

Silahların ikisi də Ruhlanda idi. O birini 3600 manata almışdı. Hadisə vaxtı mənə verdi, dedi ki, “birinci sən daxil ol, sonra mən”. Mən birinci qapıdan “Bravo”ya girdim. Mən havaya atəş açdım. Atəş açanda Ruhlan ikinci qapıdakı girişdə idi. Sonra qaçdım. Ruhlan bankomatın yanında mühafizəçini vurdu. Mənim atdığım güllə bankomata dəydi. Ruhlan atəş açandan sonra mən qaçdım. Mən qaçıb Səbuhigilə getdim”.

O bildirib ki, “Bravo”dan əvvəl “Kapitalbank”a silahlı hücum planı olub. Lakin o plan baş tutmayıb. Bundan sonra Ruhlan İsmayılov “Bravo” planını hazırlayıb:

Ruhlan banka başqa dostuyla basqın etməli idi, sonra fikrini dəyişdi. Ola bilsin, ona etibar eləmədi. Sonra mənimlə “Unibank”ın “Bravo”dakı inkassatoruna basqın planlaşdırıldı. Əvvəl razılaşmışdım, sonra imtina eləmək istədim. Onda məni ailə üzvlərimlə, valideynlərimlə hədələdi. Qorxudan hüquq-mühafizə orqanlarına da xəbər eləmədim. Mən gülləni bilərəkdən mühafizəçiyə tərəf atmamışam”.

Dəyanət Qüdrətov onu da əlavə edib ki, plana görə, onlar bankomatdan pulları götürəndən sonra gedib maşını yandırıb, izi itirməliydilər:

Plana görə Qala qəsəbəsinə gedəcəkdik. Orada Ruhlan maşını yandıracaqdı. Sonra onun evinə gedəcəkdik. Amma hadisələr plana uyğun olmadı. Ona görə mən Səbuhigilə getdim”.

O vurğulayıb ki, təqsirləndirilən Səbuhi Qurbanovun evinə getsə də, onun bu hadisəyə heç bir aidiyyəti olmayıb. Bu cinayətdə ikisi iştirak edib.

Dəyanət Qüdrətov təqsirləndirilən şəxslərdən yalnız Səbuhi Qüdrətovu tanıdığını deyir.

Bu hadisə ilə bağlı məhkəmə araşdırmaları noyabrın 15-də digər təqsirləndirilən şəxslərin ifadələrilə davam edəcək.

Digər təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul eləmirlər. Onlar özlərini təqsirli bilmirlər.

İttihama görə, Ruhlan İsmayılov əvvəlcədən “Bravo”ya hücumu planlaşdırıb və bu məqsədlə qrup yaradıb. İddia olunur ki, o, 1300 manata odlu silah alıb. Daha sonra atası Rövşən İsmayılova və Babək İsgəndərova bu barədə məlumat verib. Onlar “Çay evi 900”də toplaşıb, sözügedən hipermarketdəki bankomatı necə qarət etməyi planlaşdırıblar. Bu məqsədlə paytaxt sakini Suğra Sadıqovanın maşınının nömrəsini oğurlayan Ruhlan İsmayılov onu özünün “Opel” markalı avtomobilinə bağlayıb. Onlar inkassatorun günün hansı saatlarında “Bravo”ya gəlib-getdiyini müəyyənləşdiriblər. Hadisədən bir gün əvvəl “Unibank”ın əməkdaşlarını izləyiblər.

Cinayət işinin materiallarında yazılıb ki, hadisə günü Ruhlan İsmayılov silaha 12 güllə yerləşdirərək, “Bravo”nun qarşısına gəlib, inkassatorları gözləyib. Dəstənin digər üzvləri isə inkassatorları izləyib, Ruhlan İsmayılova məlumat verib. İnkassatorlar hipermarketin girişindəki bankomata pulları yerləşdirəndə Ruhlan İsmayılov səsboğucu silahla onlara atəş açıb və pulu götürüb Xətai rayonu ərazisindəki mənzilə gəlib. Orada pulları bölüşdürüblər. Ruhlan İsmayılov tanışına zəng edərək onu gizlətməsini xahiş edib.

Dəyanət Qüdrətova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 29.120 (qəsdən adam öldürməyə qəsd), 181 (quldurluq), 228 (qanunsuz silah əldə etmə, gəzdirmə), 229 (odlu silah hazırlama) və s. maddələrilə ittihamlar irəli sürülüb.

Təqsirləndirilən Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanov isə bu cinayətin törədilməsinə yardım etməkdə günahlandırılır. Onlara qarşı da eyni əməllərdə iştirakçı olmaqla bağlı ittiham irəli sürülüb.

Daha iki nəfər – Rövşən İsmayılov və Babək İsgəndərova isə yalnız qanunsuz silah əldə etmə və odlu silah hazırlamaya yardım maddələrilə ittiham verilib.

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12.00 radələrində baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şeydayev isə ağır xəsarət alıb.

Təqsirləndirilən şəxslərdən Ruhlan İsmayılov həmin gün axşam saat 21.00 radələrində Fəvvarələr meydanına yaxın mənzillərdən birində öldürülüb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında iddia olunur ki, o, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib:

“Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb”.

Ana səhifəSosial“Bravo”ya silahlı hücumla bağlı məhkəmə: “Əvvəl “Kapitalbank”a hücum planlaşdırılmışdı, amma…”