close

“Muğan Bank”ın lisenziyası ləğv edilib

Foto: arxiv

Banka müvəqqəti inzibatçı təyin edilib, bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub

Mərkəzi Bank (AMB) “Muğan Bank” ASC-nin lisenziyasını ləğv edib.

Qurum bu barədə açıqlamasında bildirib ki, bankın ləğvi sektorun maliyyə dayanıqlılığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

““Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir”, – AMB bildirib.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan ləğv edilib.

Həmçinin banka müvəqqəti inzibatçı təyin edilib, bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Hələlik, Muğan Bank”dan AMB-nin bu qərarı ilə bağlı münasibət almaq mümkün olmayıb.
“Muğan Bank” bu il lisenziyası ləğv edilən ikinci bankdır.

Mayın 17-də AMB-nin qərarı ilə “Günay Bank” ASC-nin də lisenziyası ləğv edilib. Bankın bağlanması məcmu kapitalının tələb olunan minimum miqdardan az olması ilə əsaslandırılıb.

Mərkəzi Bankın “Maliyyə dayanıqlılığı” hesabatından aydın olur ki, Azərbaycanda ən böyük üç bankın aktivlər üzrə bazar payı 65 faizə çatıb.

Həmin üç bankın biri dövlətə (Beynəlxalq Bank), ikisi prezidentin ailə üzvlərinə (“Paşa Bank” və “Kapital Bank”) məxsusdur. Bu bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə isə 48 faizdir.

Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır.
Daha öncə, 2022-ci ilin oktyabrında Pakistan Milli Bankının Bakı filialının lisenziyası ləğv edilmişdi.

2020-ci il aprelin 26-da isə Mərkəzi Bank “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də isə “Atabank” və “AmrahBank”ın lisenziyası ləğv edilmişdi.

Daha sonra, mayın 12-də də “AGbank” və “NBCBank”ın lisenziyaları da ləğv olundu.
AMB lisenziyaların ləğvini bankların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah etmişdi, lakin həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Yenə də səbəb kimi onların öhdəliklərini yerinə yetirə bilməmələri göstərilmişdi.

Hazırda ölkədə 23 bank fəaliyyət göstərir.

Ana səhifəİqtisadiyyat“Muğan Bank”ın lisenziyası ləğv edilib