close

Britaniya və ABŞ rusiyalı kibercinayətkarlara sanksiya tətbiq edib

Kibercinayətkarlıq, foto: reuters

“Kibercinayətkarlar azı 180 milyon dolların mənimsənilməsində iştirak ediblər”

Amerika Birləşmiş Ştatları (ABŞ) və Böyük Britaniya “Trikbot” haker qrupunun üzvü olduğu güman edilən 11 rusiyalıya qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi və Böyük Britaniya hökuməti məlumat yayıb.

“Sanksiyalara məruz qalanlar arasında Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqədə olan və xəstəxanalar da daxil olmaqla, ABŞ hökumətini və Amerika şirkətlərini hədəfləyən “Trickbot” şirkətinin idarə edilməsində və satın alınmasında iştirak edən şəxslər var”, – ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Amerika və Britaniya xüsusi xidmət orqanlarının hesablamalarına görə, kibercinayətkarlar azı 180 milyon dolların mənimsənilməsində iştirak ediblər.

Bəyanatlarda hakerlərin adları ilə yanaşı, onların ləqəbləri də göstərilib.

2021-ci ilin oktyabrında Amerika məhkəməsi “Trickbot” botnetindən (istifadəçinin xəbəri olmadan kompüteri məsafədən idarə etməyə imkan verən ziyankar proqram) istifadə edən haker qrupun işində altı rus və bir ukraynalının ittiham edildiyi məlum olub.

Təqsirləndirilənlər siyahısına sonradan Cənubi Koreyadan ABŞ-a ekstradisiya edilmiş Rusiya vətəndaşı Vladimir Dunaev və ABŞ Ədliyyə Nazirliyi tərəfindən Latviya vətəndaşı olan rusiyalı Alla Vitte də daxil edilib.

İttihamçı tərəfin məlumatına görə, 2015-ci ilin noyabrından 2020-ci ilin avqustuna qədər milyonlarla kompüter virusa yoluxub, istifadəçilərin pulları və şəxsi məlumatları oğurlanıb, fiziki şəxslərin, maliyyə qurumlarının, dövlət qurumlarının və özəl şirkətlərin kompüter sistemləri zədələnib.

Ana səhifəDünyaBritaniya və ABŞ rusiyalı kibercinayətkarlara sanksiya tətbiq edib