close

Bu il dünyada 45 jurnalist işinə görə öldürülüb

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

Sərhədsiz Reportyorlar Təşkilatı məlumatında Azərbaycanda 7 jurnalistin həbsdə olduğunu yazıb

2023-cü ildə dünyada 45 jurnalist və media işçisi öldürülüb. Bu jurnalistlərin hər biri gördüyü işə görə və ya peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olub.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) yaydığı məlumatda belə deyilir.

Təşkilat bildirir ki, siyahıda olan jurnalistlərin hər birinin ölümü, həbsi sırf jurnalist fəaliyyəti ilə bağlıdır. Siyahıda işinə aidiyyatı olmayan səbəblərdən və ya işi ilə əlaqəsi hələ təsdiqlənmədiyi üçün öldürülən, həbs olunan jurnalistlərin adı yoxdur.

RSF dünyada minədək jurnalistin işinə görə həbs edildiyini bildirir. Azərbaycanda hazırda peşə fəaliyyətini yerinə yetirdiyinə görə həbsə atılıan yeddi jurnalist var. Onlar “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), bu medianın əməkdaşı Nərgiz Absalamova və direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, Xeberman.com, Press-az.com saytından Polad Aslanov, “Kanal 13” saytının rəhbəri Əziz Orucovdur.

Azərbaycana qonşu ölkələrdə jurnalist həbsinə görə İran birinci yerdədir – 63 nəfər. Türkiyədə 49 nəfər, Gürcüstanda 1 nəfər, Qazaxıstanda 3 nəfər, Rusiyada 38 nəfər, Türkmənistanda 1 nəfər jurnalist həbs edilib.

Belarusda işini gördüyünə görə həbs edilən jurnalistlərin sayı 60, Ukraynada 2, Özbəkistanda 7-dir.

Dünyada jurnalist həbsinə görə lider Çindir. Bu ölkədə 124 nəfər jurnalist və media işçisi həbsdə yatır.

İkinci yerdə Myanmar (81), üçüncü yerdə isə Suriyadır (73).

Azərbaycan dünyada jurnalist həbsinə görə 19-cu sıradadır.

Ana səhifəXəbərlərBu il dünyada 45 jurnalist işinə görə öldürülüb