close

Cahangir Hacıyevin dostları “Beynəlxalq Bank işi”nə görə yenidən məhkəmə qarşısında

Foto: arxiv

Dünyamin Xəlilov və Azad Cavadov 6 milyon 642 min manatlıq yeyintidə ittiham olunurlar

Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC-nin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevlə birlikdə mühakimə olunaraq, uzunmüddətli həbs cəzasına məhkum edilmiş iki dostu avqustun 7-də yenidən məhkəmə qarşısına çıxarılıb.

Bunlar keçmiş deputat, “General Construction” şirkətinin prezidenti olmuş Dünyamin Xəlilov və “Bakı Fındıq Emalı” zavodunun sabiq rəhbəri Azad Cavadovdur.

Onların hər ikisi bundan əvvəl də Cahangir Hacıyevlə əlbir olmaqda, Beynəlxalq Bankdan kredit adıyla pullar götürüb mənimsəməkdə təqsirləndirilirdilər.

2015-ci ildə həbs olunan Dünyamin Xəlilov haqqında iki dəfə, Azad Cavadov haqqında isə bir dəfə hökm çıxarılıb.

Keçmiş deputat birinci dəfə 13 il azadlıqdan məhrum edilib. İkinci dəfə cəzası 14 il 6 aya qaldırılıb. Bu, onun haqqında üçüncü cinayət işidir.

Azad Cavadov isə bundan əvvəl Cahangir Hacıyevlə birlikdə mühakimə olunaraq, sonda 10 il 6 ay azadlıqdan məhrum edilmişdi.

İndi onlar yenə də Beynəlxalq Bankdan mənimsəmələrlə bağlı yeni epizodlar üzrə ittiham olunurlar.

Baş Prokurorluğun bu cinayət işiylə bağlı yaydığı açıqlamadan aydın olur ki, Dünyamin Xəlilov və Azad Cavadov bu dəfə Beynəlxalq Bankdan daha 6 milyon 642 min manatlıq yeyinti ittihamıyla məhkəmə qarşısına çıxarılırlar.

Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyilə, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası baxır.

Bu məhkəmə prosesində dövlət ittihamını isə prokuror Eldar Həmzə müdafiə edir.

Avqustun 7-də məhkəmənin hazırlıq iclasında aydınlaşıb ki, həm hakimlərdən Əli Məmmədov, həm də prokuror 2019-cu ildə Dünyamin Xəlilov haqqında 14 il 6 ay azadlıqdan məhrumetmə hökmü çıxarılan məhkəmədə proses iştirakçısı olub.

Biri həmin vaxt ittihamı müdafiə edib, o biri də yekunda onun haqqında çıxarılmış ittiham hökmünə imza atıb. Lakin Dünyamin Xəlilov bildirib ki, bu dəfə işinə Əli Məmmədovun sədrliyilə baxılmasına, eyni prokurorun bu işdə də ittihamı müdafiə etməsinə etirazı yoxdur.

O, məhkəməyə bu barədə ərizə də təqdim edib.

Zərərçəkmiş qismində Beynəlxalq Bank tanınıb. Həm Dünyamin Xəlilov, həm də Azad Cavadova dövlət hesabına vəkil təyin olunub.

Dünyamin Xəlilov və Azad Cavadov. Foto:”milletinsesi.media/az”

Əvvəlki hökmlər üzrə verilən cəzaları çəkdiklərinə görə onlardan biri 10, digəri isə 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Lakin məhkəmə belə qərara gəlib ki, əgər onlar yenidən təqsirləndirilən şəxs qismində tanınıblarsa, həbsdə olmalarına baxmayaraq, bu statusda barələrində qətimkan tədbiri seçilməlidir.

Ona görə hər ikisinin haqqında bir daha həbs qətimkan tədbiri seçilib.

62 yaşlı Dünyamin Xəlilov və 61 yaşlı Azad Cavadovun işi üzrə məhkəmə baxışı avqustun 21-nə təyin olunub.

Prokurorluq iddia edir ki, Dünyamin Xəlilov və Azad Cavadov bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edərək, rəhbərlik etdikləri qurumdakı işçiləri bankın müxtəlif filiallarına göndərib.

Orada işçilərin adlarına kreditlər rəsmiləşdirilib.

Bu yolla bankdan götürülmüş ümumilikdə 6 milyon 642 min manatdan artıq pul isə mənimsənilib.

Bu cinayət işi üzrə istintaq Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılıb.

Dünyamin Xəlilov və Azad Cavadovun bu ittihama münasibəti məlum deyil. Lakin bundan əvvəlki məhkəmədə ifadə verərkən onlar özlərini təqsirli bilməmişdilər.

2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev 16 il 3 ay azadlıqdan məhrum edilib.

O da özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

Ana səhifəSiyasətCahangir Hacıyevin dostları “Beynəlxalq Bank işi”nə görə yenidən məhkəmə qarşısında