close

Sülhməramlıların komandanı erməni icmasının Həkəriyə yürüşlə bağlı müraciətinə cavab verib

Foto: Foreign policy

“Üçtərəfli bəyanatın müddəalarında aksiya və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmayıb”

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya Sülhməramlıları Kontingenti erməni icmasının avqustun 5-də yürüşlə bağlı müraciətinə cavab verib.

Məktubda bildirilir ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarında Rusiya Sülhməramlı Kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulmayıb.

Həmçinin qeyd olunur ki, müxtəlif mətbu nəşrlərdə yayılan xəbərlər (Azərbaycanyönlü reportyorların bloqlarında, “Telaqram-kanal”larda və digər informasiya platformalarında) bölgədəki gerçək vəziyyəti əks etdirmir:

“Rusiya Sülhməramlı Kontingentinə və Rusiya XİN-in Dağlıq Qarabağ üzrə rəsmi mövqeyinə münasibətdə daha çox provokasiya xarakteri daşıyır. Dinc aksiyalar Rusiya sülhməramlı kontingentinə hər hansı bir hərbi əməli gerçəkləşdirməyə əsas vermir. Səhih və obyektiv məlumat əldə etmək üçün hakimiyyət orqanlarının rəsmi mənbələrindən istifadə etməyi məsləhət görürük”.

Məktubu Rusiya Sülhməramlı Kontingentinin komandanının müavini İ.Sazonov imzalayıb.

Erməni mediasının məlumatına görə, erməni icması Həkəri çayının üzərindəki sərhəd-buraxılış məntəqəsinə doğru yürüş etməyi planlaşdırır.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətSülhməramlıların komandanı erməni icmasının Həkəriyə yürüşlə bağlı müraciətinə cavab verib