close

Cahangir Hacıyevin dostlarına Beynəlxalq Bank işinə görə yenidən hökm oxundu

Azad Cavadov və Dünyamin Xəlilov

Keçmiş sahibkarlar bu dəfə Beynəlxalq Bankdan daha 6 milyon 642 min manatlıq kredit götürüb mənimsəməkdə ittiham olunur

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevlə birlikdə mühakimə olunmuş iki dostuna yanvarın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində yenidən hökm oxunub. Bunlar keçmiş deputat, “General Construction” şirkətinin rəhbəri Dünyamin Xəlilov və Bakı Fındıq Emalı Zavodunun rəhbəri olmuş Azad Cavadovdur.

Hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Dünyamin Xəlilova 14 il 9 ay, Azad Cavadova isə 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib. Məhkəmə adları çəkilən şəxslərin hər ikisi haqqında bundan əvvəl çıxarılmış hökmləri və verilən cəzaları da nəzərə alaraq, onları birləşdirməklə, yeni hökm çıxarıb. Hökmə əsasən, cəzaların çəkilmə müddəti onların həbs olunduqları vaxtdan sayılacaq. Hər ikisi bundan əvvəl Beynəlxalq Bank işi üzrə bundan əvvəl də məhkum edilib və Dünyamin Xəlilov 2015-ci ildən, Azad Cavadov isə 2016-cı ildən həbsdədir.

Adları çəkilən şəxslər bu dəfə Beynəlxalq Bankdan daha 6 milyon 642 min manatlıq kredit götürüb mənimsəməkdə ittiham olunur.

İttihama görə, Dünyamin Xəlilov və Azad Cavadov bankın rəhbəri Cahangir Hacıyevin qanunsuz göstərişlərini icra edərək, rəhbərlik etdikləri qurumdakı işçiləri bankın müxtəlif filiallarına göndərib. Orada işçilərin adlarına kreditlər rəsmiləşdirilib. Bu yolla bankdan götürülmüş ümumilikdə 6 milyon 642 min manatdan artıq pul isə mənimsənilib.

Lakin Azad Cavadov və Dünyamin Xəlilov özlərini təqsirli bilmir. Məhkəmədə də deyiblər ki, bankda formal kredit rəsmiləşdirilməsinin də, həmin pulların da onlara heç bir aidiyyəti olmayıb.

Azad Cavadov bildirib ki, ona Beynəlxalq Bankdan zəng gəlib, müəyyən layihələr üçün pul lazım olduğu və bu məqsədlə onun rəhbərlik etdiyi Bakı Fındıq Emalı Zavodunun adına kredit rəsmiləşdiriləcəyi bildirilib. Lakin ona deyilib ki, kredit sadəcə, onların adına rəsmiləşdiriləcək, ödənişi özləri həyata keçirəcəklər.

Azad Cavadovun sözlərinə görə, o da razılıq verib, dostu Rauf Şahbazovu da bu işə qoşub, onun adına kredit rəsmiləşib. Onun sözlərinə görə, Rauf Şahbazovun adına rəsmiləşmə olsa da, o, bankdan pul götürməyib. Pullar bankın kassasında qalıb.

Uzun müddət keçəndən sonra – 2015-ci ildə isə öyrənib ki, götürülmüş kreditlər ödənilməyib.
Dünyamin Xəlilov da bildirib ki, Cahangir Hacıyev özü müəyyən layihələrin icrası üçün 3 nəfərin adına kredit rəsmiləşməsini xahiş etmişdi. Sabiq deputatın sözlərinə görə, onların da kredit müqavilələri formal olub, çünki kredit kimi ayrılan pul bankda qalıb.

Dünyamin Xəlilov və Azad Cavadov bundan əvvəl də Beynəlxalq Bank işiylə əlaqədar mühakimə olunub. Bundan əvvəlki məhkəmələrində Azad Cavadova 10 il 6 ay, Dünyamin Xəlilova isə 14 il 6 ay həbs cəzası kəsilib. Lakin onlar həmin məhkəmələrində də özlərini təqsirli bilməyiblər.

Cahangir Hacıyev özü də 2015-ci ildən bu yana 2 dəfə məhkum edilib. Ona 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilib. O da özünü təqsirli bilmədiyini, Beynəlxalq Bankdan mənimsənildiyi iddia olunan vəsaitlərin müxtəlif layihələrə yönləndirildiyini deyib.

Cahangir Hacıyev birinci dəfə mühakimə olunanda Azad Cavadovla, ikinci dəfə məhkəmədə isə Dünyamin Xəlilovla birlikdə hakim qarşısına çıxarılmışdı.

Onların uzun illər öncədən dost olduqları bildirilir.

Ana səhifəSiyasətCahangir Hacıyevin dostlarına Beynəlxalq Bank işinə görə yenidən hökm oxundu