close

Ölümlə nəticələnən cadugərlik

Foto: StarLine\shutterstock

Çeçen kəndində imamı kiçik oğlunun gözü önündə qətlə yetiriblər, ehtimal olunan cinayətkar saxlanılıb.

Faciə ilə bağlı əsas suallara cavab tapılıb.

Nə baş verib?

Yanvarın 14-ü telefonunun kamerasını işə salan kişi evin həyətinə girir və bəlli bir zaman kəsiyində Abdurahim Qakayevlə çeçen dilində danışır. Həmin şəxs “Qardaşdan hədiyyə gətirmişəm” deyəndən sonra Qakayevə hücum çəkir, onu kiçik oğlunun gözü önündə qətlə yetirir və cinayət yerindən uzaqlaşır.      

Çəkiliş bütün bu müddət ərzində davam edir. Video daha sonra “WhatsApp”da yayılır və Şamurzayev işində əsas dəlilə çevrilir. Bunun da ardından “qətl” maddəsi ilə cinayət işi açılır.   

Əvvəlcə sosial şəbəkələrdə qatilin hadisə yerindən minib uzaqlaşdığı avtomobilin güc strukturları tərəfindən aşkarlanması barədə xəbər yayılır. Yanvarın 15-i, faciəli olaydan bir gün sonra ehtimal olunan cinayətkar da yaxalanır. Bu şəxs Turpal-Ali Şamurzayevdir. Yanvarın 17-i ona qarşı ittiham irəli sürülür və Şamurzayev cinayət törətdiyini etiraf edir. 

Qətlə yetirilən kim olub

Abdurahim Qakayevin 55 yaşı var. Qətlin törədildiyi evin həyətində (ev Voskresenovskda yerləşir) Qakayevin vətəndaşlıq nikahında olduğu ikinci arvadı yaşayır. Onların dörd uşağı var və heç biri həddi-büluğa çatmayıb.

Qakayevi yanvarın 15-də Kadi-Yurt kəndində dəfn ediblər. Həmin kənddə mərhumun qanuni arvadı və övladları – qızları və iki oğlu yaşayır.

Kənd administrasiyasının rəhbəri Şahrudi Arsunkayevin jurnalistlərə dediyinə görə, Qakayev Çeçenistanda hərbi əməliyyatlar zamanı hüquq-mühafizə orqanlarında xidmət edib. Əvvəllər qazanc dalınca Rusiyanın digər bölgələrinə gedib, son zamanlar şəxsi təsərrüfatı ilə məşğul olub. O, dindar idi. 

“O, lazımlı adam və hörmət sahibi idi. Kiminlə isə hündürdən danışdığını və ya kiminlə isə mübahisə etdiyini görməmişəm. Böyüklə də yola gedirdi, kiçiklə də“,– Arsunkayev xatırlayır. – “Qakayevlər nəsli bütün respublikada tanınıb. Onlar kənd həyatında fəal iştirak edirlər və həmişə köməyə hazırdırlar”.

Qətlə yetirilənin əvvəlcə imam olduğu xəbər verilirdi. Lakin sonra Voskresenovsk administrasiyasının nümayəndəsi jurnalistlərə Qakayevin artıq çoxdan molla və imam olmadığını xəbər verib.   

Hücum çəkən barədə nə məlumdur

Turpal-Ali Şamurzayev Qudermesdəndir, indi onun 30 yaşı var. “Kavkaz.Realiyi”nin jurnalistləri bu şəxsin “V Kontakte”dəki səhifəsini araşdırarkən əlində snayper tüfəngi ilə şəklini aşkarlayıblar. Həmin şəkildə Şamurzayev məşq zalındadır, əynində “Axmat” tikməli kamuflyaj, belində tapança var.  

Təsdiqlənməyən məlumatlara görə, bu adam uzun müddət psixi pozğunluqdan əziyyət çəkib. O, təkcə psixiatr yanına getməyib, həm də loğmana üz tutub. Son zamanlarsa cadu olunduğu qənaətinə gəlib, “1ADAT” “Telegram” kanalı yazır.

Şamurzayev haradasa 10 il əvvəl Dağıstanda loğmana müraciət edib. O, beş ildən sonra loğmanın əslində cadugər olduğunu öyrənib. Onda Şamurzayev cadudan qurtulmaq yollarını axtarmağa başlayıb.

“Beləcə, həmin vaxt molla olan Abdurahim Qakayevin yanına gəlib çıxıb. Qakayev guya onu cadudan xilas edəcəyini vəd edib və bu şəxsə nəsə bir tilsim yazıb. Cadugərlik islam dini tərəfindən mühakimə olunduğundan, Şamurzayev imamı cəzalandırmaq qərarına gəlib”, – “MK” yazır.

Şamurzayev elə həmin vaxtdan, haradasa 4-5 il bundan əvvəl hakimiyyətə videomüraciətlər etməyə başlayıb. O, çeçen hakimiyyətini “cadugərləri ədalətlə cəzalandırmağa” çağırıb. 2022-ci ildə öz videolarında elə həmin xahişlə Çeçenistanın rəhbəri Ramzan Kadırova müraciət edib. (Şamurzayev videolarından birində Kadırovu  anasından sonra ən əziz adamı adlandırıb).    

Şamurzayev imama hücumundan bir neçə ay əvvəl çəkdiyi videomüraciətdə cadugərlərlə mübarizəsini bəyan edib və bu müraciətin respublika rəhbərinə çatdırılmasını xahiş edib.     

Çeçenistanda “cadugərlər”i necə təqib edirlər

“Kavkazski uzel” yazır ki, Ramzan Kadırov özünü loğman, ekstrasens, maq və cadugər adlandıran şəxslərə qarşı 2013-cü ildə kampaniya elan edib. Həmin vaxt onlarla adam saxlanılıb, bəziləri yoxa çıxıb. Daha sonra kampaniya səngiyib.

2019-cu ildə respublika sakinlərinin cadugərliyə görə təqibi yenidən güclənib. “Qroznı” respublika televiziya kanalında müntəzəm şəkildə gedən reportajlarda yerli sakinlər cadugərliklə məşğul olduqlarını etiraf edib, İslam Tibb Mərkəzinin rəhbəri Adam Eljurkayevsə onları buna görə tənbehləyib. 2022-ci ildən başlayaraq “Qroznı” televiziya kanalında bu cür süjetlərə daha az rast gəlinib.       

Bununla yanaşı, Qafqaz Xalqları Assambleyasının prezidenti Ruslan Kutayev hesab edir ki, cadugərlərlə mübarizə kampaniyasının Şamurzayevin cinayəti ilə heç bir əlaqəsi yoxdur: “Bu deyilənlərdən (Şamurzayevin öz videosunda dediklərindən) onun imamı hansı səbəbdən cadugər adlandırdığını anlamaq olmur. Bu imam nə edib, Şamurzayev ondan niyə narazı qalıb, başa düşmək olmur. O, səbəbi açıqlaya bilməyib. Loğmanlar müxtəlif cür olur. Amma hətta hakimiyyət belə, özünü cadugər elan edən şəxslərə divan tutmayıb. Belələrinə çox vaxt öz “sənət”ləri ilə məşğul olmağı qadağan ediblər və onlar inzibati cəza ilə yaxalarını qurtarıblar”, – “Kavkazski uzel” Kutayevə istinadən yazır.       

Qətl hadisəsi “şərəf məsələsi” ola bilərmi?

Faciə baş verən gündən etibarən çeçen “Telegram” kanalları və KİV qətlin qan davası zəminində baş verməsi versiyasını irəli sürüb. Klan sistemi dövründə nəslin şərəf və əmlakını qorumaq üçün formalaşan qan davası ənənəsi Şimali Qafqazda bu gün də müvafiq sosial mexanizm rolunda çıxış edir. Bu ənənəyə görə, qətlə yetirilən şəxsin qohumları qatildən və ya onun doğmalarından qisas almalıdırlar.  

Lakin yanvarın 16-ı, Şamurzayev həbs olunduqdan bir gün sonra yayılan videoda onun nəslinin ağsaqqalları Qakayevin qohumlarına müraciət edərək, onlardan bağışlanmalarını istəyirlər. Ağsaqqallar baş vermiş qətl hadisəsinin qan davası ilə heç bir əlaqəsinin olmadığını söyləyirlər:

“Bizim əcdadlarımızın dövründən bəri Qakayevlərlə heç bir qan davamız və ya mübahisəmiz olmayıb. Videoda bu oğlan deyir ki (qətldən az əvvəl), “qardaşdan hədiyyə gətirib”. O, videonu belə çəkib. Halbuki qan davasına səbəb olacaq qardaşı yoxdur, atası isə 20 il əvvəl ölüb. Allah Abdurahim Qakayevə rəhmət eləsin,  onun qohumlarından bizi bağışlamalarını istəyirik. Biz məsələdən xəbərdar olsaydıq, mütləq onun qarşısını alardıq”, – “Kavkazski uzel” müraciətin tərcüməsini dərc edir.       

“Qakayevin yaşadığı və dəfn olunduğu Kadi-Yurt kəndində yanvarın 18-i ailələrin barışığı baş tutub. Mərasimdə ittiham olunanın doğmaları və yerliləri ilə yanaşı, Qudermes rayonunun digər yaxın yaşayış məntəqələrinin sakinləri və Çeçenistan Alimlər Şurasının sədri Xoj-Axmed Kadırov da iştirak edib”, – “Kavkazski uzel” yazır.  

Hüquq müdafiəçiləri deyir ki…

“Kavkazski uzel”in sorğusunda iştirak edən çeçen hüquq müdafiəçiləri cinayətin Çeçenistanda hökm sürən ümumi qəddarlıq ab-havası ilə bağlı olduğuna əmindirlər.

“Xəstə adama qəddarlıq, qisas ab-havası, “əcdadlar kimi” çağırışları təsir edə bilər. Cadugərlərlə mübarizə olub. Özü də cadugərlikdə heç də cadugərlər deyil, məsələn, otlarla müalicə edən qadınlar günahlandırılıb. Hərçənd xəstə adamla bağlı hadisə istənilən yerdə istənilən vaxt baş verə bilər”, – “Vətəndaş yardımı” komitəsinin sədri Svetlana Qannuşkina “Kavkazski uzel”ə danışır. – “Əgər o əvvəllər də bu cür bəyanatlarla, faktiki olaraq qətl hədə-qorxusu ilə çıxış edibsə, buna diqqət yetirmək lazım idi. Hakimiyyət öz xalqının həyatının bu yönünə diqqət yetirsəydi, cinayətin qarşısını almaq olardı”.           

“Mənə elə gəlir ki, bütün bu müddət ərzində Turpal-Ali Şamurzayevin başına gələnlər klassik haldır. Hər kəs onu başdan edib, Dağıstan loğmanından sonra müraciət etdiyi elə həmin imam da”, – Qafqaz Xalqları Assambleyasının prezidenti Ruslan Kutayev “Kavkazski uzel”ə deyir. – “Bu cür postlar Çeçenistan Mətbuat Nazirliyinin KİV və sosial şəbəkələrin gündəlik monitorinqini aparmalı və rəhbərliyi maraqlandıra biləcək hər şeyi “üzə çıxarmalı” olan əməkdaşlarında maraq doğurmayıb: Kadırovun pərəstişkları çox şey yaza bilər, bu, hətta cadugərləri qətlə yetirmək istəyi də ola bilər. Zənnimcə, Şamurzayevin müraciətləri sadəcə bu səbəbdən diqqətdən kənarda qalıb. Lakin imam Qakayevin başına gələnlərdən sonra bu cür xəbərlər daha cidd-cəhdlə yoxlanılacaq. Bu, qanlı dərs idi və zənnimcə, belə postlar bundan belə diqqətdən kənarda qalmayacaq”.

Ana səhifəDünyaÖlümlə nəticələnən cadugərlik