close

Cavanşir Məmmədovla məhkəmə çəkişməsində olan bloger ölüm təhdidləri aldığını deyir

Cavanşir Məmmədov və Manaf Cəlilzadə. Foto: Meydan TV

“Bu təhdidləri edənlər həm də SOCAR-ın adını çəkir”

İsveçrədə yaşayan bloger Manaf Cəlilzadə ya həbs olunmalı, ya da 10 min avro cərimə ödəməlidir. Onun haqqında çıxarılmış məhkəmə qərarında belə deyilir. Ancaq blogeri narahat edən həbsi deyil, həbsxanada üzləşəcəyi təxribat ehtimalıdır.

Bu barədə Meydan TV-yə danışan bloger deyir ki, Azərbaycan hakimiyyəti onunla azərbaycanlı müğənni Cavanşir Məmmədov arasında yaşanan insidentdən istifadə etməklə onu öldürmək istəyir.

Hər şey onun müğənni Cavanşir Məmmədovla bağlı işlətdiyi fikirlərdən sonra başlayıb:

“Bir neçə il bundan əvvəl Cavanşir Məmmədov verilişlərin birində izləyicilərdən 1 manat yığılmasını istəmişdi. Mən də bu videonu öz kanalımda tənqid etdim, dedim, ölkənin prezidenti, birinci xanımı əynində on min dollarlıq paltar gəzdirir, müğənni niyə camaatdan 1 manat dilənməlidir? Çıxışımda müğənninin ünvanına bir neçə təhqir də demişəm”. 

Bu çıxışından bir müddət keçəndən sonra Manaf Cəlilzadənin ünvanına məhkəməyə çağırış vərəqəsi gəlib:

İsveçrənin ən tanınmış, ən bahalı vəkillərindən birini bu işə cəlb ediblər. O vəkilin bir saatlıq ödəniş haqqı 400 avroya yaxındır. Bu məhkəmə işi üçün həmin məşhur vəkil təxminən 50 saatlıq iş görüb. Bu qədər pulu Cavanşir Məmmədovmu ödəyib? Hələ vəkildən başqa sənədlərin tərcüməsi, məhkəmə ödənişləri də var. Birmənalı olaraq bu işin arxasında Azərbaycan hakimiyyəti dayanıb”.

“Məni 3-5 aylıq həbsə göndərib, orada da rahatlıqla ya zəhərlətmək, ya bıcaqladıb məndən qurtulmaq istəyirlər”, – bloger deyir.

Manaf Cəlilzadə deyir ki, hər gün ona anonim zənglər gəlir və həbsxanadan sağ çıxmayacağına dair təhdidlər eşidir:

“Bu təhdidləri edənlər həm də SOCAR-ın adını çəkir, Cavanşir Məmmədovla olan məhkəmənin mənim sonumu gətirəcəyini deyirlər. Aydındır ki, Cavanşir Məmmədov  burada sadəcə hakimiyyətin sifarişini həyata keçirmək üçün istifadə edilən fiqurdur. Mənə gələn zənglərdə deyirlər ki, həbsxanada yeməyinə zəhər tökmək iki vur iki kimidir. Həbsxana sənə məzar olacaq”.

Cavanşir Məmmədov isə Meydan TV-yə bu haqda danışmaq istəmədiyini deyib:

“Mənim mövqeyimin sizə dəxli yoxdur, bu haqda danışmaq istəmirəm. Bu işləri vəkilim həll edir, mən açıqlama verməyəcəm”.

Meydan TV müğənninin vəkili ilə əlaqə yarada bilməyib.

Ana səhifəSosialCavanşir Məmmədovla məhkəmə çəkişməsində olan bloger ölüm təhdidləri aldığını deyir