close

Cəlal Əliyevin vəkili olmuş Cümbülə Əliyeva haqqında qiyabi həbs qərarı çıxarılıb

Sümbülə Əliyeva. Foto: sosial şəbəkə

Keçmiş vəkilin məhkəmədən yayındığı bildirilir

Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, ictimai-siyasi fəalları müdafiə edən bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi üçün səs verən Sümbülə Əliyevanın özü haqqında qiyabi həbs qərarı çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarıyla onun haqqında həbsli axtarış elan olunub. Səbəb isə Sümbülə Əliyevanın aylardır ki, məhkəməyə gəlməməsi olub.

Sümbülə Əliyeva 3 ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, hətta bir dəfə məhkəmə zalında həbs edilib, təxminən 10 gün sonra ev dustaqlığına buraxılıb. Bu hadisə 2021-ci ilin iyununda baş verib. Həmin vaxt onun haqqında cinayət işinə hakim Eldar Mikayılovun sədrliyilə baxılırdı. Bir müddət sonra Eldar Mikayılov yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyinə görə Sümbülə Əliyeva haqqında cinayət işinin məhkəmə araşdırması Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə edildi.

Ev dustaqlığında olan Sümbülə Əliyeva əvvəllər məhkəmə iclaslarında iştirak etsə də, sonra bir il ərzində məhkəməyə gəlmirmiş. O, səhhətində problemlər olması, xüsusən ayağındakı şiş səbəbindən gələ bilməməsi haqda məktub göndərib.

Dəfələrlə məhkəməyə gəlmədiyinə görə bir neçə ay öncə onun haqqında məcburi gətirilmə qərarı çıxarılmışdı. O, mediaya açıqlamasında sağlıq durumunun ağır olduğunu bildirmişdi. Demişdi ki, belə bir vəziyyətdə barəsində məcburi gətirilmə qərarı çıxarılmasını düzgün saymır. Onun sözlərinə görə, son dövrlərdə iki dəfə ağır əməliyyat keçirib, məhkəməyə bu haqda bildiriş də göndərib:

“İki əməliyyat keçirən adam məhkəmədə necə iştirak edə bilər?!”.

Bunun üstündən aylar keçsə də, Sümbülə Əliyeva yenə məhkəməyə gəlməyib. Bu səbəbdən dekabrın sonunda onun axtarışa verilməsi və dərhal həbs edilməsi haqda qərar qəbul edib.

Sümbülə Əliyeva əvvəlki 1 saylı hüquq məsləhətxanası, indiki “Mərkəz” vəkil bürosuna rəhbərlik etdiyi dövrdə oranın üzvü olan vəkillərin 200 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur. İttihama əsasən, hüquq məsləhətxanasının hesabına köçürülən və mənimsənildiyi iddia olunan vəsaitlərin bir hissəsi müdafiəçi kimi çıxdıqları işə görə vəkillərə ödənilən qonararlar olub. Bir hissəsi də vəkillərdən tutulan vergi və sosial sığorta haqları olub. Bu üzdən Sümbülə Əliyeva haqqında cinayət işində Vəkillər Kollegiyasının Rəyasət Heyətilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti də zərərçəkmiş qismində tanınıb.

Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrilə ittiham olunur.

Məhkəmədə dindirilən vəkillər Sümbülə Əliyevanı ittiham edib, ondan pullarını tələb ediblər.
Lakin Sümbülə Əliyeva özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyir.

Sümbülə Əliyeva uzun müddət Prezident İlham Əliyevin mərhum əmisi Cəlal Əliyevin vəkili olub. Mərhum akademikin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında qaldırdığı işlərdə də onu Sümbülə Əliyeva təmsil edirdi. Həmin məhkəmə proseslərinin sonunda bir neçə jurnalist həbs edilib.

Ana səhifəSosialCəlal Əliyevin vəkili olmuş Cümbülə Əliyeva haqqında qiyabi həbs qərarı çıxarılıb