close

Müstəbidlərin qaçılmaz aqibəti

Şah. Foto: Regina Erofeeva/shutterstock

Zərdüşt Əlizadə

Elə müstəbidlər var ki, onların cəmi bir məqsədi olur: oğurlamaq

Dövran var idi ki, yer üzündə bütün hakimlər müstəbid idi. Onları tündməzac və ya mərhəmətli kimi səciyyələndirirdilər, fəqət üsul-idarənin cəmi bir adı var idi: istibdad. Şah, xan, əmir, kral və imperator olan yerdə istibdaddan başqa üsul-idarə ola bilməzdi.

İstibdad dövrü keçir, üsul-idarələr get-gedə yumşalır, seçkili demokratiya, səlahiyyətli parlament, müstəqil məhkəmə, varlı bələdiyyə, azad KİV, vətəndaş cəmiyyəti məfhumlarının genişləndiyi zəmanədə istibdad quruluşu artıq avtomobil dövründə at arabasına bənzəyir.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Siyasi biliklərin geniş rəvac tapdığı dövrdə heç kəs üçün sirr deyil ki, istibdad quruluşunu qoruyan və saxlayan müstəbidlərin bircə məqsədi var: xalqa hesabat vermədən vətəni talamaq, vətəndaşların cibinə və haqqına girib varlanmaq. Belə müstəbidləri müasir zəmanə çox görüb və çox güman, yenə görəcəkdir. Sadəcə belələrinin nisbi sayı mütəmadi azalır, zira ümumbəşəri tərəqqinin qarşısını almaq mümkün deyil.

Elə müstəbidlər var ki, onların cəmi bir məqsədi olur: oğurlamaq. Elə müstəbidlər olur ki, əsas oğurlamaq işi ilə yanaşı dövlət üçün hansısa faydalı iş də görürlər. Məsələn, özlərinin fəal iştirakı, bəzən isə rəhbərliyi ilə yaradılmış hərc-mərcliyi və dərəbəyliyi cilovlamaqla əhaliyə asudə nəfəs almağa və buna görə müstəbidə minnətdarlıq hiss etməyə imkan yaratmaq və ya elə özlərinin iştirakı ilə ölkənin başına gətirilmiş hansısa bəlanı dəf etmək və sair və ilaxır bu kimi qəhrəmanlıqlar.

Müasir zəmanədə cəmi bir müstəbid tanınır ki, istibdad quruluşundan istifadə edərək ölkədə yaşayan geridə qalmış heyvərə əhalisini döyə-döyə, tuta-tuta və cərimələyə-cərimələyə 30 il ərzində ölkəsini ağ günə, əhalisini xoş rüzigara çıxarıb. Adını deməsəm də, oxucum həmin an deyəcək ki, bu, Sinqapurun baş naziri Li Kuan Yudur. Belə müstəbid o qədər nadirdir ki, onun adını cəmi ürfan əhli bilir.

Bir müstəbidin də adını yalnız bir xidmətinə görə minnətdarlıqla çəkmək olar: Nursultan Əbişeviç Nazarbayev. 30 il Qazaxıstana rəhbərlik etmiş Nazarbayevin qazax xalqı və Qazaxıstan Respublikası qarşısında cəmi bircə, lakin danılmaz xidməti var. SSRİ dağılandan sonra divarı uçmuş zindandan başını götürüb qaçan digər məhbus-rəhbərlərdən fərqli olaraq çoxbilmiş Nursultan əkə heç yerə qaçmamış, zindanın çökmüş divarının yanında durub qaçmış məhbusları könüllü olaraq zindana qayıtmağa və orada dustaqların özlərinin iştirakı ilə daha dözümlü dustaq həyatı qurmağa çağırmışdı. Zindan rəisliyi uğrunda sürəkli Rusiyadaxili qovğa bitəndən sonra qalib gəlmiş Yeltsin sabiq SSRİ adlanan zindana nəzər salıb görmüşdü ki, zindanın böyründə yalnız artıq olmayan SSRİ-yə sadiq Nazarbayev dayanıb. Məhz bu səbəbdən ona inanıb-yanına salıb 1991-ci ilin payızında Cənubi Qafqaza, Ermənistan və Azərbaycanı təkrar zindana qatmaq üçün gəlmişdi.

Sabiq sovet respublikalarının hərəsi bir yerə pənah aparanda, Nazarbayev  kişi kimi “Rusiya” deyib durdu.

Rusiyadan uğurla qaçmaq qisməti yalnız üç Baltikyanı respublikaya müyəssər oldu. Latviya, Litva və Estoniyanı Qərb dünyası coxdan gözləyirdi və onları dərhal hamiliyə götürüb yırtıcı Rusiyadan qorudu. Tez onları Avropa İttifaqına da, NATO-ya da qəbul etdi.

Qalan respublikaların rəhbərləri, Nazarbayevi çıxmaq şərtilə, hamısı Rusiya ilə “ehtiram məsafəsi” yaratmağa girişdi.

Rusiya Tacikistanda bir dənə mükəmməl vətəndaş müharibəsi təşkil etdi. Bu müharibədə 90 min insan öldürüldü, bir neçə yüz min Əfqanıstana qaçdı, nəticədə Rusiyadan asılı istibdad üsul-idarəsi quruldu və bir dənə gözəl-göyçək rus hərbi bazası saxlanıldı. Sabiq sovxoz direktoru İmaməli Rəhmon 30 ildir hakimiyyətdə oturub, bütün dövlət vəzifələrinə ən yaxın qohumlarını təyin edib, dövlətin ümummilli daxili məhsulunun 40%-i Rusiyada qara fəhləlik edən taciklərin köçürmələrindən ibarətdir. İmaməli Rəhmon müəllim hazırlaşır hakimiyyəti oğlu Rüstəm İmaməliyə ötürsün. Düz də edir, tacik xalqını öz başına buraxsan, yenə vətəndaş müharibəsi başlanar.

Rusiya ilə ehtiram məsafəsi saxlamağa, ABŞ ilə məhrəmanə münasibət qurmağa çalışan Qırğızıstan dörd dənə “xalq inqilab”ını gördü və nəhayətdə orada yalnız rus hərbi bazası qaldı.

Saparmurad Türkmənbaşı öz qazının hər min kubmetrini Rusiyaya 30 dollara satmağa razı olandan sonra Rusiya Türkmənistanın neytral ölkə statusuna göz yumdu. İndi türkmən qardaşlarımız dığırlanıb düşüblər XV-ci əsrə, etiraz edən daha yoxdur. Bir dənə qaz kəməri çəkiblər Çinə, Allaha şükür edirlər. Düzdür, ərzaq cəhətdən hərdən qıtlıq olur, lakin mərmər saraylara və fəvvarələrə baxıb təskinlik tapırlar. Türkmənbaşının xələfi, Arkadağ təxəllüslü Qurbanqulu Berdımühəmmədov rep oxuyur, at çapır, öz yerinə oğlu Sərdarı təyin edib xalqı ciddi nəzarətdə saxlayır.

Özbəkistan Rusiyaya dönük çıxmadı, lakin istibdad quruluşunun sayəsində cəmi Rusiyada özbəkləri ən yaxşı süpürgəçi və bənna kimi tanıyırlar.

Ermənistanın və Azərbaycanın 30 illik həyat tarixçəsi göz önündədir. Ermənistan müzəffər, Azərbaycan məğlub idi. Niyə? Çünki Elçibəy gedib tutmuşdu Türkiyənin ətəyindən. Süleyman baba nə qədər dedisə də ki, “a kişi, əl çək ətəyimdən”, Elçibəy oxudu ki, “səni sevəcəyəm, sən sevməsən də”. Axırda Rusiya, Türkiyə və İran köməkləşib əhli-hal Heydər bəyi gətirdilər hakimiyyətə, fəqət Qarabağın halvası o vaxt artıq çalınmışdı. Rusiya Qarabağı vermişdi guya sadiq Ermənistana.

Müstəbidlərin bircə məqsədi var: xalqa hesabat vermədən vətəni talamaq, vətəndaşların cibinə və haqqına girib varlanmaq. Belə müstəbidləri müasir zəmanə çox görüb və çox güman, yenə görəcəkdir.

Ermənistanın bəlaları rus nökərlərinin devrilməsindən, Nikol Paşinyan hakimiyyətə gələndən sonra başladı. Ermənistan əmin idi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Eyni zamanda başladı Qərb ilə mazağlaşmağa, göz vurmağa. Rusiya hirslənib fürsət hərləyən Azərbaycana dedi ki, “vur bu nankoru”. Azərbaycana da elə bu lazım idi. Qarabağ qayıtdı Azərbaycana.
İndi tərəflər sülh müqaviləsinin mətnini razılaşdırırlar.

Rumıniyanın qucağına atılmağa hazırlaşan Moldova Trinistriya müşkülünü, Avropa və NATO ilə izdivaca can atan Ukrayna Krım, Donetsk, Luqansk, qanmayanda isə irimiqyaslı təcavüz müsibətini gördü.

Qardaş Gürcüstanın Qərb ilə nakam sevgi-məhəbbət macərasının nəticəsi olaraq Rusiya ondan Abxaziyanı və Sxinval bölgəsini qoparıb onların müstəqilliyini tanıdı.  Düzdür, nə abxazlara, nə cənubi osetinlərə bir gün ağlaya bilmədi, lakin təsəlli onunla tapılır ki, “Rusiya kimə gün ağlayıb ki?”.

Təbii ki, Rusiyanın mehriban ağuşundan bir gün belə ayrılmamış Belarus prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko Rusiyanı o ki var sağıb, deyilənə görə, “borc” artıq 100 000 000 000 dolları keçib. Siz bilən, Belarus bu borcu Rusiyaya nə vaxt qaytara biləcək?

Bəli, söhbətimin canı Nursultan Nazarbayevin siyasi məharəti, uzaqgörənliyi idi. Bütün sabiq sovet dövlətlərinin başının üstünü almış rus təhlükəsindən qurtulmağa müvəffəq olmuş qazax lideri bu tələdən qurtularaq gəldi düşdü… tamah tələsinə. Öz şəxsi tamahına tam təslim olub girişdi Qazaxıstanın saysız-hesabsız sərvətlərinə. Bu qədər sərvəti təkbaşına talamaq mümkün deyildi, buna görə ətrafına say-seçmə quldurları topladı, onlara dövlət vəzifələri payladı və bu mütəşəkkil cinayətkar dəstə girişdi Qazaxıstanın olan-qalan sərvətinə. Köməyə bu işə daima amadə Qərb şirkətlərini də cəlb etdilər və nəticədə 30 illik müstəqillik illərindən sonra ərsəyə əhalisi yoxsul, məmurları milyoner və milyarder Qazaxıstan gəlib çıxdı.

Nazarbayevin rəsmi oğlu yox idi deyə, özünü xəstə və zəif hiss edəndə hakimiyyəti ötürdü sadiq insan saydığı diplomat Qasım Comərd Tokayevə. O da ilk dövrdə həqiqətən özünü sadiq və minnətdar cığırdaş kimi apardı. Fəqət Yelbasının yaxın ətrafı heç cür doymaq bilmədən hədlərini aşdılar və 2022-ci ilin yanvarında “Kantar üsyanı” baş verdi. Onda Tokayev çomağın yoğun tərəfini göstərdi, Yelbasının olan-qalan vəzifələrini və fəxri təxəllüslərini əlindən aldı. O cümlədən Nursultan dəxi Yelbası deyil, paytaxtın Nursultan adı da qayıdıb olub Astana.

Yavaş-yavaş Nazarbayevin qohum-əqrəbasının var-dövləti əllərindən alınır, vəzifələrini itirirlər. Yaxın ətrafı tədricən keçir Tokayevin tərəfinə. Ən sadiq tərəfdarlar artıq tutulublar, bəziləri artıq məhbəsdədir. Hələ də Nursultana qurban-sadağa gedənlər tapılır, fəqət tarixin təkəri durmadan fırlanır.

Təbii ki, Nazarbayevin özünü həbs etməyəcəklər, fəqət onun qurduğu istibdad üsul-idarəsi mərhələ-mərhələ sökülür.

Nursultan Əbişeviç Nazarbayevin Qazaxıstan Respublikası qarşısındakı keçmiş şəksiz xidmətləri tədricən unudulur, üzdə qalan sadə həqiqət isə ondan ibarətdir ki, dövlətin birinci prezidenti adi oğru və… sıradan bir müstəbid imiş.

Tarixə elə belə də, nümunəvi müstəbid kimi düşəcək.

Ana səhifəMənim FikrimcəMüstəbidlərin qaçılmaz aqibəti