close

İlham Əliyev zirvədə əyləşib

Foto: president.az

Zərdüşt Əlizadə

Qədim Romada olduğu kimi, rəiyyəti tamaşa və çörəklə təmin edən hakimiyyətə zaval yoxdur

Qələbə şirindir, məğlubiyyət acı. İndi bu şirin qələbədən İlham Əliyev doymadan nuş edir, qələbə ləzzətini əldən verməmək üçün Qarabağ mövzusunun  ölkə gündəmindən düşməsinə imkan vermir. Prezident Qarabağ mövzusunu və qələbəsini dövlətin informasiya siyasətinin məhvərinə çevirib.

Əhali bu fəndə sevinclə gedir, zira rəiyyətin Qarabağ qələbəsindən savayı qürrələnmək üçün heç bir səbəbi yoxdur. Maşallah namxuda, rəiyyət dünya işlərindən bixəbər olsa da, güzəran mətləblərini pis bilmir və  ümummilli şadyanalıq üçün əsas tapammır. Qalır qələbə sevinci, onu da bol-bol bayram tədbirlərində və sosial şəbəkələrdə ifadə edir.  Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Odur ki, hakimiyyətlə rəiyyət arasında dünyaya baxışda və yanaşmada tam həmrəylik hökm sürür. Qədim Romada olduğu kimi, rəiyyəti tamaşa və çörəklə təmin edən hakimiyyətə zaval yoxdur.

Fəqət bu zirvədə uzun müddət əyləşməyin də fəsadları olur. İnsan oylə ucalıqdan yerlərdəki mənzərəni yaxşı görəmmir.  Görə bilmir, çox vaxt isə heç görmək istəmir, zira bu mənzərə könül açmır, qəlbi oxşamır.

Məsələn, bu uca zirvədən Azərbaycan iqtisadiyyatının zəifliyi sezilmir. İqtisadiyyat deyəndə ki, bizdə əhalinin yaşamasını təmin edən cəmi-cümlətanı bircə sahə var, o da neft-qaz hasilatıdır. Karbohidrogen sərvətinin hasilatı sahəsi olmasaydı, bəlkə də dünyada Azərbaycan adlı dövlət olmazdı. Odur ki, gəlin hamımız xorla qışqıraq: eşq olsun neftə və qaza!

İnsaf xatirinə etiraf edək ki, bizim məmləkətdə neft və qazdan başqa meyvə-tərəvəz də yetişdirilir, kim istəsə, “Eşq olsun pamidor-badımcana, qovun-qarpıza” qışqıra bilər.

Neçə ildir hakimiyyət çalışır pambıq mətləbini dübarə işə salsın, alınmır. Kəndliyə elə hey şirin vədlər, büdcə hesabına toxum, gübrə, texniki xidmət təmin edirlər, di gəl məhsul yığımı vaxtı məlum olur ki, ya günəş istisi qıt olub, qoza açılmayıb, ya yağış bivaxt yağıb məhsulu tələf edib, ya da pambıq mətləbinin idarə edilməsi tapşırılmış məmurlar öz ülvi tamahlarına güc gələ bilməyib pambıq gəlirlərinin şir payını mənimsəyiblər, kəndli yenə ziyanda qalıb. Belə şeylər Azərbaycanda tez-tez yox, həmişə olur deyə, aldadılmağa öyrəşmiş biçarə kəndli yalnız zıqqıldamağı, ufuldamağı, nalə çəkməyi bacarır, onun çıxardığı bu anlaşılmaz səslər heç cür zati-alilərinin əyləşdiyi mübarək uca zirvəyə çatammır. Çatammırsa, demək, ali və orta məqamlı məmur da onu heç cür eşidəmmir.

Açıq söyləyək ki, milli rəiyyətimizin ürəyindən çox pünhan arzular keçir. Məsələn, rəiyyət arzulayır ki, işbaz məmur təbəqəsi onu soymasın. İstəyir ki, məsələn, Türkiyədə qiyməti aptekdə üç manat olan dərman Azərbaycanda altı manatdan baha satılmasın. Fəqət bu ülvi arzunun Azərbaycanda gerçəkləşməsi üçün zərrə qədər şərait yoxdur. Türkiyədəki dərmanın Azərbaycanda ikiqat baha satılması üçün gərək dərman sahəsini inhisara almış məxluqat öz 300-400-500% gəlirinin onların gözündə miskin 200%-ə düşməsinə könüllü razı olsun. Siz belə razılığın könüllü edilməsini təsəvvürünüzə gətirirsinizmi? Yox? Mən də yox. Belə ağlasığmaz möcüzəyə mən heç cür inana bilmirəm. Yəni inhisarçılar bunu özləri könüllü etməzlər, dərman bazarında rəqabət yoxdur, ümid qalır yuxarıdan gələn əmrə (sərəncama, fərmana, göstərişə, qapaza və təpiyə), bunlar da yoxdur. Niyə? Prezident qələbə zirvəsində əyləşib və rəiyyətin pünhan arzularından xəbəri yoxdur.

Azərbaycan ağ günə çıxıb, bu məmləkət dəxi məmləkət deyil, çümhuriyyətdir, cümhuriyyətin bütün məsələləri dəxi rəiyyətlə deyil, xalqla hesablaşaraq həll edilir, vətənin taleyini uca zirvədə sərasər 20 il əyləşmiş İlham Əliyev deyil , xalqın özünün seçdiyi hansısa vicdanlı, məsuliyyətli, gözütox və insaflı bir xalq xidmətçisi və 125 ağıllı vəkil qanuna və xalqın rəyinə uyğun həll edir.

Bizim rəiyyətin qəribə arzuları var. Məsələn, rəiyyət arzulayır ki, milli polisimiz onu şərləməsin, cibinə və mənzilinə narkotik, soyuq silah, avro və dollar atıb tutmasın, döyməsin, işgəncə verib saxta etiraflara qol çəkdirməsin, üzünə respublikanın əməkdar işverənlərini durquzmasın. Arzulayır ki, milli prokurorluğumuz Prezident Aparatından gələn-enən qanunsuz göstərişləri icra etməsin, əksinə, qanunların aliliyini mərdü-mərdanə müdafiə etsin. Arzulayır ki, günlərin bir günü milli məhkəmələrimiz qanunları saya alıb yuxarıdan gələn insafsız göstərişləri yerinə yetirməsin. Belə arzular bir tərəfdən çiy və sadəlövh görünsələr də, o biri tərəfdən rəiyyətin heç də tam kölə olmadığına, müasir və normal ölkədə yaşamaq istəyinə dəlalət edir. Fəqət bu arzuları həyata keçirmək üçün bir tərəfdən rəiyyətin əksəriyyətinin siyasi şüuru yetişməyib, o biri tərəfdən, dövləti əlində cəbr aləti kimi tutan mütəşəkkil məmur təbəqəsi buna heç cür imkan verməz. Cahil rəiyyət ümidini müzəffər “adil şah”a bağlayır, adil şah isə uca qələbə zirvəsində əyləşdiyindən aşağılarda nə baş verdiyindən, rəiyyətin pünhan arzularından guya ki, heç xəbəri yoxdur.

Rəiyyətin siyasi fəal hissəsi arzulayır ki, Azərbaycanda şəffaf və ədalətli seçkilər keçsin, rəiyyət Milli Məclisə savadlı və ləyaqətli vəkillər göndərə bilsin. Fəqət bu arzunun xam xəyal olduğunu bilən mütləq azlıq da var. Onlar əmindirlər ki, bu rəiyyətin ipinin ucu buraxılsa, sürü kimi gedib handa başkəsən, vicdansız və dələduz birisini tapıb ona səs verəcəklər, indiki nataraz Milli Məclisə şükür etməli olacağıq. Şanlı milli-azadlıq mücadiləmizin tarixi belə düşüncə üçün ciddi əsas verir. Ulu zirvədə bardaş qurmuş vücud elə həmin milli davranış və düşüncənin mücəssiməsi deyilmi?

Rəiyyətin ən şirin arzusu “nə yoğurdum, nə yapdım, yağlıca kökə tapdım” zərbül-məsəlinin şırıppıltı ilə gerçəkləşməsidir. Yəni rəiyyət arzulayır ki, uzun sürən və təhlükəli siyasi mübarizəyə girişmədən, oxumadan, savadlanmadan, baş sındırmadan,  çətinlik və möhnətə qatlaşmadan, ağıllı təşkilatlarda birləşmədən, səfeh və cılız mitinqlərdə düşük şüarlara çəpik çalaraq günlərin bir günü gözlərini açıb görsün ki, Azərbaycan ağ günə çıxıb, bu məmləkət dəxi məmləkət deyil, çümhuriyyətdir, cümhuriyyətin bütün məsələləri dəxi rəiyyətlə deyil, xalqla hesablaşaraq həll edilir, vətənin taleyini uca zirvədə sərasər 20 il əyləşmiş İlham Əliyev deyil , xalqın özünün seçdiyi hansısa vicdanlı, məsuliyyətli, gözütox və insaflı bir xalq xidmətçisi və 125 ağıllı vəkil qanuna və xalqın rəyinə uyğun həll edir.

Belə şirin arzunun nə vaxtsa gerçəkləşəcəyinə inanırsanmı, mənim möhtərəm oxucum? Rəiyyət buna qadirdimi? Yoxsa bunu haçansa oyanmış və haqqını dərk etmiş xalq bacaracaq?

Və bir də, uca qələbə zirvəsində əyləşmiş İlham Əliyev və onun dəstəsi, azı neft pulları tam tükənənə qədər, buna imkan verəcəkmi?

Ana səhifəMənim Fikrimcəİlham Əliyev zirvədə əyləşib