close

CPJ: Ard-arda olan həbslər Azərbaycan hakimiyyətinin tənqidi medianı hədəf aldığını göstərir

Source: google.az

“Müstəqil mediaya təzyiqlərə son qoyulmalıdır”

“Azərbaycan hakimiyyəti qanunsuz tikinti ittihamı ilə həbs etdiyi tanınmış “Kanal 13” telekanalının direktoru Əziz Orucovu azad etməli, müstəqil mediaya təzyiqlərə son qoymalıdır”.

Jurnalistlərin Müdafiəsi Komitəsinin (CPJ) bəyanatında belə deyilir.

Noyabrın 27-də axşam saat 18 radələrində Əziz Orucovun yaşadığı evdə, ardınca da “Kanal 13”ün ofisində axtarış aparılıb. Daha sonra o, şübhəli şəxs qismində saxlanılıb.

Noyabrın 28-də Səbail Rayon Məhkəməsində onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham verilib.
Vəkili bildirib ki, bu ittiham az ağır cinayətlər kateqoriyasına aiddir. Bu maddə ilə nadir hallarda kiminsə istintaq müddətində həbsdə saxlanmasına qərar verilir.

CPJ bildirib ki, Əziz Orucov aldığı torpaq sahəsində özünə ev tikib. Torpaq Orucovun adına rəsmi qeydiyyata alınmasa da, vəkili bildirib ki, bu hal Bakıda populyardır. Buna görə başqa heç kim həbs edilməyib.

“Vəkili də deyir ki, ittihamlar Orucovun jurnalist fəaliyyətinə görə qisas xarakteri daşıyır”.

CPJ bildirir ki, Əziz Orucovun həbsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) və Daxili İşlər Nazirliyinə (DİN) sorğu ilə müraciət ediblər, lakin cavab ala bilməyiblər.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Qulnoza Said deyir ki, “AbzasMedia”nın üç jurnalistinin həbsinin ardınca gerçəkləşdirilən bu həbs Azərbaycan hakimiyyətinin digər tənqidi xəbər platformasını hədəflədiyini göstərir:

“Azərbaycan hakimiyyəti Əziz Orucovu azad etməli, ona qarşı ittihamları götürməli və müstəqil mətbuata qarşı təzyiqlərə son qoymalıdır”.

Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova CPJ-yə bildirib ki, əri “terrorçu kimi” səkkiz polis əməkdaşı tərəfindən saxlanılıb. Onlardan yeddisi maskalı olub. Polis “Kanal 13”-ün ofisindən sənədləri və USB disklərini götürüb. Həmçinin, evlərindən iki noutbuk, mobil telefon, sənədlər və bank kartlarını müsadirə edib.

Əziz Orucovun vəkili Bəhruz Bayramov CPJ-yə deyib ki, qanunsuz tikinti ittihamları ilə evdə, ofisdə axtarış aparılması, müvəkkilinin barəsində həbs qətimkan tədbirinin seçilməsinin hüquqi əsası yoxdur.

Əziz Orucov ittihamları rədd edir, həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Lakin barəsində açılan cinayət işi ilə onu üç ilədək həbs edə bilərlər.

Əziz Orucov 2017-ci ilin mayında əvvəlcə 30 gün inzibati həbs cəzası almışdı. Bu cəza bitdiyi gün – iyunun 1-də onun barəsində cinayət işi başlamış, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü. Ona bu ittihamlarla 6 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmənin qərarıyla 2018-ci ilin aprelində şərti cəza ilə həbsdən buraxılmışdı.
O zaman da Əziz Orucov ittihamları qəbul etmir, rəhbərlik etdiyi internet televiziyasının tənqidçi fəaliyyətinə görə cəzalandırıldığını bildirirdi.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da noyabrda saxlanılıb. Hər iki jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb və dörd aylıq həbs ediliblər.

Jurnalistlər bu ittihamı rədd edir, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətCPJ: Ard-arda olan həbslər Azərbaycan hakimiyyətinin tənqidi medianı hədəf aldığını göstərir