close

Saxlanılan AXCP fəalına narkotik ittihamı verildi

Foto: Elnur Həsənovun şəxsi arxvindən

Elnur Həsənov saxlanılmadan öncə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun fotosuyla paylaşımında yol polislərini tənqid edib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü, iki gün əvvəl saxlanılan Elnur Həsənova qarşı narkotik ittihamı irəli sürülüb. AXCP fəalına Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham verilib.

AXCP-dən Meydan TV-yə verilən məlumatda bildirilir ki, Elnur Həsənov noyabrın 28-də günorta saatlarında paytaxtın Babək prospektində yerləşən “Maşın bazarı”nda avtomobil ehtiyat hissələri satılan mağazaya girərkən saxlanılıb.

“Onu mülki geyimli şəxslər zorakılıqla aparıblar. Hara aparıldığı haqda da heç bir məlumat verilməyib. Üstündən iki sutka keçib, noyabrın 30-da məlumat almışıq ki, narkotik ittihamı veriblər. Elnuru tanıyanlar yaxşı bilir ki, bu ittiham saxtadır, şər-böhtandır. Elnur Həsənov hara, narkotik hara?! Hansı ictimai-siyasi fəalı tutmaq istəyirlərsə, narkotik ittihamı hazırdır. Hüquq-mühafizə orqanlarını özləri həm də belə absurd hərəkətlərilə gözdən salırlar”, – partiyadan belə deyilib.

Screenshot: Facebook

AXCP hesab edir ki, Elnur Həsənovun həbsi onun sosial mediadakı paylaşımları, tənqidi fikirlərilə bağlıdır. AXCP fəalının tutulmamışdan az öncə “Facebook” hesabında polislərin fəaliyyətini tənqid edən paylaşımı olub. O, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun fotosuyla paylaşımında yol polislərini tənqid edib. Onun məhz buna görə cəzalandırıldığını ehtimal edirlər.

Partiyanın məlumatında o da vurğulanıb ki, Elnur Həsənovun qardaşı Teymur Həsənov 2020-ci ildə Qarabağ döyüşlərində həlak olub.

“Rejim şəhid qardaşı, AXCP fəalı Elnur Həsənovu çox insafsızcasına şərlətdirdi. Cəbhəçi siyasi məhbusların sayı 10 oldu. İlham Əliyev ölkəmizin ortaasiyalaşması prosesini sürətləndirib…”, – AXCP sədri Əli Kərimli partiya funksionerinin həbsinə belə münasibət bildirib.


Daxili İşlər Nazirliyi isə ictimai-siyasi fəallara qarşı irəli sürülən narkotik ittihamının saxta olmasıyla bağlı iddiaları rədd edir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həbs olunanların hamısı konkret fakt əsasında saxlanılıb.

Ana səhifəSiyasətSaxlanılan AXCP fəalına narkotik ittihamı verildi