close

Cüdo turnirində yeniyetmənin qətli ilə bağlı hökm verildi

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock

İdmançı qətli söyüşə görə törətdiyini deyir

Ötən ilin noyabrında Şağan Olimpiya İdman Kompleksində cüdo turnirində 16 yaşlı yeniyetmənin qətlə yetirilməsilə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Onu öldürməkdə ittiham olunan 20 yaşlı idmançı Ruslan Səfixanov 19 il azadlıqdan məhrum edilib. Bu barədə iyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Təqsirləndirilən cüdoçu Ruslan Səfixanov Sumqayıt sakinidir. O, cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsilə ittiham olunan Ruslan Səfixanov məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O iddia edib ki, Turan Rüstəmovu söyüşə görə qətlə yetirib.

Turnirə komandamızla birlikdə getmişdik. Yarışa baxmaq üçün özümə yer axtarırdım. Turan ayağını oturmaq istədiyim oturacağın üstünə qoymuşdu. Ondan nəzakətlə ayağını götürməsini istədim. Məni təhqir elədi. Onun sifətinə şillə vurdum. O da mənə təpik vurdu. Əlbəyaxa olduq. Yarışdan qabaq az miqdarda spirtli içki içmişdim. Dava eləyəndə bıçaq cibimdən düşdü. Bıçağı “1001 xırdavat” mağazasından almışdım. Yarışdan gec çıxacağımızı nəzərə alıb, kolbasa, sərinləşdirici içkilər və çörək almışdım. Bıçaq da kolbasa doğramaq üçün lazım idi. Dava əsnasında Turan valideynlərimi söydü. Bundan sonra bıçaqla onu vurdum”.

Ruslan Səfixanov. Foto: “Modern.az”

O əlavə edib ki, polisə özü təslim olub və əməlindən peşmandır.

Turan Rüstəmovun hüquqi varisi qismində tanınan anası məhkəmədə dindirilərkən təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb edib. Oğlunun mədəni səviyyəsi, davranışlarıyla daim fərqləndiyini deyən ananın sözlərinə görə, onu kasıblıqla böyüdüb:
“Onun yaşamaq həvəsi böyük idi. 9 yaşından idmanda böyük nailiyyətlər qazanırdı. Hadisə günü mənə zəng elədilər ki, Turan kiminləsə dalaşıb. Sonradan ölüm xəbərini eşitdim. İnana bilmirdim…”.

Məhkəmədə Turan Rüstəmovun məşqçisi də dindirilib. O, hadisə vaxtı kompleksin digər tərəfində olub.

Məşqçi deyir ki, hadisədən əvvəl Turan yarışda iştirak edib və qələbə qazanıb:

“Hadisədən əvvəl Turanı orada qoyub, hakimlər komitəsinə tərəf getdim. Onun növbəti rəqiblərinin kim olması ilə maraqlandım. Daha sonra dava düşdüyünü gördüm, yaxınlaşanda gördüm ki, Turan qan içindədir…”.

Ana səhifəSosialCüdo turnirində yeniyetmənin qətli ilə bağlı hökm verildi