close

Daha bir jurnalist “Toplum TV” işi ilə bağlı ifadə verib

Foto: Toplum TV

Dindirilmə dörd saat çəkib

İyulun 10-da müstəqil jurnalist Samirə Əliyeva Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib. O, “Toplum TV” işi ilə bağlı izahat verib.

Bu barədə Meydan TV-yə danışan jurnalist bildirib ki, ona “Toplum TV” işi ilə bağlı suallar ünvanlanıb:

Samirə Əliyeva. Foto: “Facebook” səhifəsindən

“Detalları istintaq sirri olduğu üçün açıqlaya bilməyəcəm. Heç bir psixi və fiziki təzyiqə məruz qalmadım”.

Jurnalistin dindirilməsi təxminən 4 saat çəkib.

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda onlarla jurnalist həbs edilib.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia”nın əməkdaşları həbs edilib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbəri də qaçaqmalçılıq ittihamıyla həbs olunub.

İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.

Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Ana səhifəSiyasətDaha bir jurnalist “Toplum TV” işi ilə bağlı ifadə verib