close

Daha bir saytın Medianın İnkişafı Agentliyinə qarşı şikayəti təmin olunmadı

Bakı Apelyasiya Məhkəməsi. Foto: “e-huquq.az”

Media Reyestrindən keçmək istəyən saytın istəyi rədd edildi

Bakı Apelyasiya Məhkəməsi “Gündəm-Xəbər” qəzeti redaksiyasının Medianın İnkişafı Agentliyinə qarşı şikayəti üzrə aşağı məhkəmənin qərarından verilmiş şikayəti rədd edib.

Agentlik qəzetin onlayn media resursunun Media Reyestrinə daxil edilməsindən imtina etmişdi. İmtina qərarı adıçəkilən medianın “digər media subyektlərinin informasiyalarından istinad etməklə abunəlik və ya müqavilə əsasında yaxud, yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə etmək qaydasını pozması (Media qanununun 13-cü maddəsi) ilə əsaslandırılmışdı.

Bakı İnzibati Məhkəməsi keçən ilin sentyabrında “Gündəm-Xəbər” Agentliyə qarşı şikayətini təmin etməmişdi.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrlik etdiyi məhkəmə heyəti apelyasiya şikayətini təmin etməyib, aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb.
Hüquqçu Xalid Ağəliyev deyir ki, məhkəmə əvvəlki oxşar işlərdə olduğu kimi mübahisəni Azərbaycan Konstitusiyasının ifadə azadlığı ilə bağlı, habelə, beynəlxalq müqavilələrin hüquqi qüvvəsi ilə bağlı maddələrinin işığında yox, yeni media qanunvericiliyinin maddələrinə istinad etməklə araşdırb, qərar verdi.
Onun sözlərinə görə, məhkəmənin qərarından şikayət veriləcək.

“Gündəm Xəbər” daha öncə də məhkəməyə müraciət edərək, Medianın İnkişafı Agentliyinin reyestrdən keçməklə bağlı müraciətlərinə rədd cavabı verməsindən şikayət etmişdi. Məhkəmə bu şikayəti də təmin etməmişdi.

Agentlik hər saytdan onlayn media resursuna hər gün azı 20 özəl xəbər yerləşdirməyi tələb edir.

Bir gün öncə Şəki İnzibati Məhkəməsi də “Mingəçevir işıqları”nın oxşar iddiasını rədd etmişdi.
2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qanun qüvvəyə minib.
Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.
Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.
Beynəlxalq təşkilatlar və o cümlədən, Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bunu ifadə azadlığına müdaxilə sayıb.

Ana səhifəSiyasətDaha bir saytın Medianın İnkişafı Agentliyinə qarşı şikayəti təmin olunmadı