close

Deputat: “Müharibə cinayəti törədənlərə amnistiya tətbiq olunmur”

Foto: DİN

Erkin Qədirli Hikmət Hacıyevin açıqlamasını siyasi niyyət sayır

Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev deyib ki, Qarabağda silahı yerə qoyan ermənilərə amnistiya nəzərdə tutulur.

“Keçmiş hərbçilərə və döyüşçülərə gəlincə, əgər onlar bu cür təsnif edilə bilərsə, bu adamlar üçün də belə amnistiya nəzərdə tutulur”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Hacıyev bəzi qüvvələrin hələ də müqavimət göstərdiyinin deyib:

“Bununla belə, Qarabağın bəzi hərbi bölmələri və ayrı-ayrı zabitlər açıq şəkildə bildiriblər ki, Bakının şərtlərinə razı olmayacaqlar və müqavimət göstərməyə davam edəcəklər”.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ ermənilərinin dinc reinteqrasiyasını istəyir.

Hikmət Hacıyev. Foto: Meydan TV

Bununla belə Hikmət Hacıyev “BBC News Azərbaycanca”ya bildirib ki, bu şərt Birinci Qarabağ müharibəsində cinayət törətmiş şəxlərə şamil olunmayacaq.

Mövzunu Meydan TV-yə şərh edən REAL Partiyasının siyasi komitəsinin üzvü, deputat Erkin Qədirli bir qədər fərqli düşünür.

Onun sözlərinə görə, amnistiyanın şərtləri var, müharibə cinayətləri törədənlərə amnistiya tətbiq olunmur:

Çox güman ki, Hikmət Hacıyev həmin açıqlamanı siyasi niyyət kimi səsləndirib. Əslində, separatizm özü də cinayətdir. Sadəcə, separatçılıq edənlər arasında Azərbaycana qarşı döyüşməyib və insanları öldürməyənlər var, amma onlar separatçıların yerli seçkilərində iştirak ediblər. Bax onlara amnistiya tətbiq etmək olar, yəni belə adamların əməlləri bağışlana bilər. İnsanlığa qarşı cinayət törədənlər isə bağışlanmır. Buna qanun da icazə vermir, beynəlxalq hüquq da bunu doğru saymır”.

Erkin Qədirli, Foto: REAL Partiyası

Deputat amnistiya aktının gerçəkləşəcəyi təqdirdə, reinteqrasiya prosesinə necə təsir etməsi ilə bağlı suala belə cavab verib:

Bu, əslində, siyasi niyyət kimi reinteqrasiyanı asanlaşdırmaq üçündür. Bu barədə ilk dəfə Prezident də fikir səsləndirmişdi. Məncə, müsbət təsir edəcək, ancaq bu bütün hallarda araşdırıma tələb edən məsələdir”.

Əməliyyatların başlanmasında məqsəd nədir?

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətDeputat: “Müharibə cinayəti törədənlərə amnistiya tətbiq olunmur”