close

Rəsmi: Polislər minaya düşərək həlak olub

Fotolar: DİN

Onların Xocavənd rayonunun Tağaverd kəndi ərazisində, sülhməramlıların yerləşdiyi ərazidə minaya düşdüyü bildirilir

Sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşdüyü bildirilir. Nəticədə 4 nəfər polis hadisə yerində həlak olub.

Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

Məlumatda həlak olan 4 nəfər polis əməkdaşının kimliyi də açıqlanıb. Bunlar 1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 1987-ci təvəllüdlü Ramil Arif oğlu Şirinov, 1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanovdur.

Polislər az öncə – saat 4 radələrində Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə məxsus yük maşınının minaya düşməsi, nəticədə iki nəfərin ölməsilə əlaqədar hadisə yerinə gedirmiş. Bu zaman özləri də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların yerləşdiyi ərazidə minaya düşüb”. – məlumatda deyilir.

Hüquq-mühafizə orqanları baş vermiş hadisəni terror aktı kimi qiymətləndirib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən odlu silah əldə etmə, saxlama, daşıma) və digər maddələri ilə cinayət işi başlanıb.

Ana səhifəSiyasətRəsmi: Polislər minaya düşərək həlak olub