close

Deputatın güllələnmə işi: “Dedilər ki, qol çəkməsən, arvadını “Bandotdel”ə gətirəcəyik”

Foto: Meydan TV

Fazil Mustafa məhkəməyə ərizə yazıb, təqsirləndirilənlər şəxslər isə deputatın məhkəməyə gəlməyini tələb edirlər

Deputat Fazil Mustafa ona qarşı sui-qəsddə ittiham olunan şəxslərin məhkəməsinə ərizə göndərib.

Deputatın nümayəndəsi martın 29-da məhkəmədə həmin ərizəni hakimlərə təqdim edib.

Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin – Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Elşad Əsgərov və Rəşad Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bu işi araşdırmaq Elnur Nuriyevin sədrlik etdiyi, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.

Ərizədə yazılıb ki, Fazil Mustafa zərərçəkmiş qismində istintaqda dindirilib və o, həmin ifadəsini təsdiqləyir.

Təqsirləndirilən şəxslər və müdafiəçiləri bu ərizənin qəbul olunmasına etiraz ediblər.

Onlar bildirib ki, zərərçəkmiş özü gəlib, məhkəmədə də ifadə verməlidir.

Vəkillər Elçin Sadıqov, Cabir Mehrəliyev vəsatət qaldırıblar ki, deputat haqqında məcburi gətirilmə qərarı çıxarılsın.

Deputatı güllələməkdə ittiham olunan Səbuhi Şirinov vəsatətə münasibət bildirərkən deyib ki, Fazil Mustafanın məhkəməyə gəlməsi vacibdir, çünki ona veriləsi sualları var.

O vurğulayıb ki, məhkəmədə nümayəndəsinin iştirakı kifayət etmir.

Nümayəndəsi bizim Fazil Mustafaya veriləsi suallarımızı cavablandıra bilməz. Bizi ittiham edirlər ki, guya onun deputat fəaliyyətinə görə həyatına son qoymaq istəmişik. Yalandır axı. Biz onu dinimizə dil uzatdığına, bizi təhqir elədiyinə görə cəzalandırmaq istəmişik. Gəlsin, cavab versin görək, “şiələr ulaşır” deməkdə məqsədi nə idi? Niyə bizim dini inancımızı təhqir edirdi? Hakimlərin ünvanına belə fikir səsləndirsə, dözümlü yanaşa bilərsiniz?”, – Səbuhi Şirinov bildirib.

Lakin məhkəmə deputatın məcburi gətirilməsi barədə vəsatəti təmin etməyib.

Biz hər dəfə məhkəmə iclası barədə zərərçəkmişə bildiriş göndəririk. Növbəti iclas üçün də göndərəcəyik”, – məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev bildirib.

Məhkəmə həmçinin deputatın ərizəsinin qəbul olunub, cinayət işinin materiallarına əlavə olunmasına qərar verib.

Daha sonra məhkəmədə 3 nəfər şahid dindirilib.

Bunlardan biri – Xəyyam Musayev təqsirləndirilən Rəşad Əhmədovun tanışıdır.

Digər iki şahid – Emrə Şıxıyev və Əli Kazımov isə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarıdır.

Onlar təqsirləndirilən Rəşad Əhmədovun 2023-cü il aprelin 14-də Qaradağ rayonu, Ələt qəsəbəsində narkotik ittihamıyla saxlanması barədə ifadə veriblər.

Hər ikisi bildiriblər ki, Ələtə əməliyyat məlumatı əsasında Rəşad Əhmədovu saxlamaq üçün getmişdilər. Onu orada saxlasalar da, üstünə baxış Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində keçirilib və cibindən narkotik tapılıb.

Onlar Rəşad Əhmədov saxlanılarkən üstünə baxış keçirilməməsini orada bunun üçün şərait olmamasıyla əlaqələndiriblər.

Rəşad Əhmədov isə bildirib ki, üstündə narkotik olmayıb, onun cibinə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qoyublar.

Orada işgəncəyə məruz qaldığını deyən Rəşad Əhmədovun sözlərinə görə, ona aidiyyəti olmayan narkotiki üzərinə götürməsi üçün ailə üzvlərilə də hədələnib:

“Dedilər ki, qol çəkməsən, arvadını da “Bandotdel”ə gətirəcəyik”.

Rəşad Əhmədov deyir ki, onu döyənlər məhkəmədə dindirilənlər deyildi:

“Onların adını heç sənədləşməyə salmayıblar”.

Şahid Xəyyam Musayev isə ifadəsində bildirib ki, Rəşad Əhmədov ona saxlamağa silah vermişdi. Bir müddət gözləyib, silahı gəlib aparmadığını görəndə onu satmaq qərarına gəlib:

Rəşadın mənə verdiyi silahı Elşən adlı adama satdım. Satmağa razılaşanda 1600 manat istəmişdim, amma 800 manat verdi”.

Xəyyam Musayev sözügedən silaha görə 2023-cü ilin mayında həbs olunub.

Qaradağ Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli hesab edib və ona 4 il azadlıqdan məhrumetmə cəzası verilib.

Hazırda cəzasını 14 saylı cəzaçəkmə müəssisəsində çəkir. Onun silahı satdığı Elşən adlı şəxs də həbs olunub.

Hakim bildirib ki, ittiham tərəfin şahidlərindən dindirilməmiş iki nəfər qalıb: Rüstəm Rüstəmov və Tünzalə Kərimova.

Rüstəm Rüstəmov Rəşad Əhmədovun tutulmasında iştirak edən polis əməkdaşlarından biridir.

Tünzalə Kərimova isə Sabunçu rayonu, Zabrat qəsəbəsində Fazil Mustafanın evinin yaxınlığında yaşayır.

Vəkillər Rüstəm Rüstəmovun özünün məhkəmədə dindirilməsini istəyiblər.

Tünzalə Kərimovanın isə istintaqa ifadəsinin elan olunmasına razılıq veriblər. Onun istintaqdakı ifadəsi məhkəmədə səsləndirilib.

Tünzalə Kərimova istintaqda deyib ki, hadisə günü – 2023-cü il martın 28-də axşam saat 21.50 radələrində evdə olub. Bu zaman güllə səsləri eşidib. Pəncərədən baxanda təxminən 1 metr 75 santimetr boyu olan, əyinində qara geyim, başı örtülü bir kişinin qaçdığını görüb. Lakin həmin adamın üzünü görməyib.

Deputata qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi aprelin 5-də davam edəcək.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib.

Deputat bud və çiyin nahiyəsindən xəsarət alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub.

Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.

Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini fikirlərinə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.

Ana səhifəSiyasətDeputatın güllələnmə işi: “Dedilər ki, qol çəkməsən, arvadını “Bandotdel”ə gətirəcəyik”