close

Xocalıda insan qalıqlarının aşkar edildiyi bildirilir

Baş Prokurorluq. Foto: Meydan TV

Sümük fraqmentləri ekspertizaya göndərilib

Martın 28-də Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində su anbarının yaxınlığında qazıntı işləri zamanı sümük fraqmentləri və qalıqlar tapılıb.

Onların insana məxsus olduğu ehtimal edilir.

Hadisə yerinə Baş Prokurorluğun, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları hadisə yerinə gəlib.

Aşkarlanan sümük fraqmentləri ekspertiza və laborator müayinə üçün götürülüb.

“İndiyə qədər keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib. Hazırda hadisə yerinin tam müayinə olunması istiqamətində işlər davam edir”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) qazıntı işləri zamanı fevralın 21-də də xeyli sümük fraqmentləri və qalıqlar tapılmışdı.

Baş Prokurorluğun məlumatına görə,kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı, 18 nəfərə (onlardan 4-nün azyaşlı olduğu ehtimal edilir) məxsus olduğu, onların zorakılığa məruz qaldığı müəyyən olunmuşdu.

Ana səhifəSiyasətXocalıda insan qalıqlarının aşkar edildiyi bildirilir