close

DİN tələb etdi, məhkəmə “Kanal 13”-ün bloklanmasına qərar verdi

Foto: arxiv

Bəhruz Bayramov apelyasiya şikayəti verəcəklərini deyir

“Kanal 13” internet televiziyasının təsisçisi və baş redaktoru Əziz Orucovun həbsindən sonra Daxili İşlər Nazirliyi onun rəhbərlik etdiyi media orqanına girişin bloklanması məsələsini qaldırıb. Bu məqsədlə də dekabrın 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub göndərib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məktubda yazılıb ki, Səbail Rayon Polis İdarəsində istintaqı gedən cinayət işi üzrə Əziz Orucov təqsirləndirilən şəxsdir və onun rəhbərlik etdiyi internet resursunun bloklanması zəruridir. DİN bu tələbi əsaslandırarkən göstərib ki, bu media orqanı Media Reyestrinə daxil edilməyib. İddia olunub ki, “Kanal 13”də mütəmadi “Kütləvi İnformasiya vasitələri haqqında” və “Media haqqında” qanunların tələbləri pozulub, məmurlar haqqında həqiqətə uyğun olmayan, onları nüfuzdan salan, şəxsi həyatlaına aid materiallar yayılıb:

“Nəticədə həmin xəbər portalının fəaliyyəti insanlar arasında mətbuata və jurnalist peşəsinə qarşı inamsızlıq yaradıb. Uzun müddət vətəndaş cəmiyyətini dəqiq və qərəzsiz informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərib…”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu məktub əsasında “Kanal 13”ün bloklanması tələbiylə məhkəmədə iddia qaldırıb. İddiaya Səbail Rayon Məhkəməsində baxılıb.

Səbail Rayon Məhkəməsi. Mənbə: Meydan TV

Meydan TV-nin məlumatına görə, bu məsələ ilə bağlı yalnız bir iclas keçirilib. Dekabrın 11-də keçirilən həmin iclasda da yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi iştirak edib. Bloklanması tələb edilən media orqanı bu işdə maraqlı tərəf olsa da, məhkəmə prosesi Əziz Orucovun özü və ya “Kanal 13”ün başqa bir nümayəndəsinin iştirakı olmadan keçirilib. Bir neçə dəqiqəlik məhkəmə prosesinin sonunda da hakim İlkin Rüstəmli iddianı təmin edib və bloklanma qərarı verib.

Əziz Orucovun vəkili Bəhruz Bayramov Meydan TV-yə bildirib ki, nə nazirliyin iddiası, nə də məhkəmə prosesinin keçirilməsi barədə onlara məlumat verilib:

Bizə heç bir məlumat verilməyib. Halbuki, verilməliydi və biz iştirak edib, öz mövqeyimizi bildirməliydik. Maraqlarına toxunulan fiziki və ya hüquqi şəxsin məhkəmədə iştirakı təmin olunmalıydı. Yəqin ki, deyəcəklər “xəbər vermişdik”. Necə xəbər verilmişdi, sübut olmalıdır”.

Bəhruz Bayramov
Foto: Bəhruz Bayramovun şəxsi arxivindən

Bəhruz Bayramov əlavə edib ki, qərardan apelyasiya şikayəti verəcək.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun evində və kanalın ofisində axtarış aparılıb.

“Kanal 13” rəhbərinə qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb.

İttihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Hazırda onun ittiham olunduğu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əziz Orucov isə bu ittihamların absurd olduğunu bildirib, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirib. O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

Əziz Orucov, foto: Meydan Tv
Əziz Orucov, foto: Meydan Tv

Elə vəkili də bu ittihamı əsassız sayır. Deyir ki, Bakıda və Abşeron yarımadasında təxminən 500 min, Əziz Orucovun ev tikdiyi ərazidə 2000-ə yaxın tikili var. Həmin evlərin də icazə sənədləri yoxdur.

“O zaman həmin evlərdə yaşayan yüzminlərlə adam həbs olunmalıdır? 1 il 7 ay ərzində tikinti gedən vaxtda bələdiyyə, dövlət orqanları hara baxırdı?”.

Son bir ay ərzində Azərbaycanda çoxsaylı jurnalistlər həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, saytın layihə rəhbəri Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalist Nərgiz Absalamova, bir sıra internet televiziyalarının əməkdaşı olan reportyor Teymur Kərimov, “Kanal 13”ün aparıcısı Rüfət Muradlı da var. Jurnalistlərlə yanaşı, Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu, ictimai fəal Möhyəddin Orucov da son bir həftə ərzində həbs olunanlardandır.

Azərbaycanda 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun qəbulundan dərhal sonra ölkədə tənqidçi media orqanlarının internet resurslarının bloklanmasına başlanılıb. Həmin media orqanlarında “yayılması qadağan edilən məlumatların yayımlandığını” iddia edərək, məhkəməyə müraciət olunub. Məhkəmələr də bu iddiaları təmin edib.

2017-ci ildə Azərbaycanda bloklanan ilk 5 sayt Meydan TV, “Azadlıq” qəzeti, Azadlıq radiosu, Turan TV və “Azərbaycan saatı” olub.

Saytların bloklanması barədə yerli məhkəmələrin verdiyi qərarlardan Avropa Məhkəməsinə şikayət edilib. Həmin şikayətlər hazırda Avropa Məhkəməsində araşdırılır.

Ana səhifəSiyasətDİN tələb etdi, məhkəmə “Kanal 13”-ün bloklanmasına qərar verdi