close

Azərbaycan kinosu-2023: senzuralı festival, qeyri-şəffaf müsabiqə…

Azərbaycan kinosu. Foto: natatravel/shutterstock

İncəsənət xadimləri görülən işlər və problemlərdan danışıblar

2023-cü il yekunlaşmaq üzrədir.

Bəs bu il mədəniyyətin müxtəlif sahələri hansı hadisələr və yeniliklərlə yadda qaldı?

İlk olaraq kinodan başlayırıq, çünki mədəniyyətin digər sahələrindən fərqli olaraq kino daim ictimaiyyətin, medianın, kino tənqidçilərinin, bir sözlə, hamının diqqət mərkəzindədir.

Kinoşünaslar ilin yekunu ilə əlaqədar fikir və şərhlərini Meydan TV ilə bölüşüblər.

Bu il kinoda mühüm hadisələr baş verdi”

Prodüserlər Gildiyasının sədri, mədəniyyət sahəsi üzrə ekspert Fikrin Bektaşi deyir ki, 2023-cü ildə kino sahəsində bir çox mühüm hadisələr baş verdi:

“Bunların arasında Kino Forumunu qeyd etmək olar, hansı ki dövlət və özəl qurumları, yaradıcı insanları və ictimai birliklərin nümayəndələrini bir araya gətirdi, mövcud problemlərin səsləndirilməsinə şərait yaratdı. “Qorqud Ata” Türk Dünyası Film Festivalı da önəmli tədbirlərdən idi”.

Mədəniyyət Nazirliyinin kinoya biznes yanaşması…

Fikrin Bektaşi bildirib ki, 2023-cü ildə Mədəniyyət Nazirliyi kino sahəsinə həm də fərqli münasibət sərgiləyib.

Onun sözlərinə görə, nazirlik kino sahəsinin biznesə çevrilməsi kimi daha geniş yanaşma ortaya qoyub:

Foto: Mədəniyyət Nazirliyi

“Kino sənayesi artıq yaradıcı sənayenin ayrılmaz hissəsi kimi dəyərləndirildi. Bu sahənin yanaşı sənayelərin inkişafına dəstək olmaq potensialı da qiymətləndirildi. Prodüserlər Gildiyasının rəhbərliyində də dəyişiklik oldu. Bu il mən sədr seçildim və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Prodüserlərin inkişaf proqramı”na start verildi və ilin axırında onun nəticələrinin təqdimatını etməyi planlaşdırırıq”.

Gildiya sədri deyir ki, layihə çərçivəsində 30 nəfər beynəlxalq təlimçi tərəfindən prodüserliyin əsasları barədə bilik alıblar.

O həmçinin qeyd edib ki, hazırda 12 film layihəsi ətrafında da iş gedir:

“Bu layihələr beynəlxalq ekspertlərin rəyinə görə, Avropa kino standartlarına cavab verir. Prodüserlər bu layihəni pitçinqə təqdim edəcək və uğurlu layihələr Nazirlik tərəfindən mükafat alacaqlar”.

Ekspertə görə, bu ilin yaddaqalan kino hadisələri sırasında Azərbaycan Respubliksı Kino Agentliyinin (ARKA) keçirdiyi kino müsabiqəsi də var.

O, hesab edir ki, bu il iki kino ittifaqının birləşməsinin müzakirəsi də önəmli kino hadisəsidir.

“Hələ də bir çox islahatlara ehtiyac var”

Fikrin Bektaşi deyir ki, bu il kinematoqrafiyada xeyli uğurlu işlər görülsə də, kinonun inkişafı ilə bağlı hələ də bir çox islahatlara ehtiyac var:

Qanunvericilik islahatlarına ehtiyac var. Yeni kino qanunun qəbul edilməsi, dövlətin tənzimləmə və proteksionist siyasəti ilə bağlı məsələlərlə bağlı müddəaların qanunvericilikdə əks olunması, ARKA tərəfindən keçirilən müsabiqələrin qaydalarının təkmilləşdirilməsi, xüsusilə beynəlxalq və yerli birgə istehsal layihələrinə yanaşmanın və seçim meyarlarının fərqli olması, film komissiya sisteminin qurulması və xarici film istehsalçılarının xərclədiyi vəsaitin bir qisminin geriyə qaytarılması məsələsi ilə bağlı müəyyən işlərin aparılmasına ehtiyac duyulur”.

Fikrin Bektaşi, Foto: Arxiv

Ekspert deyir ki, həmçinin kadr islahatları da zəruridir:

Burada həm dövlət qulluğu sahəsində çalışmaq istəyənlərin bilik-bacarıqlarının artırılması, həm kino sahəsində işləyən prodüserlər, ssenari müəllifləri, filmin yaradıcı heyəti, texniki və yardımçı heyəti ilə bağlı geniş təlimlər təşkil olunmalıdır”.

Bektaşi hesab edir ki, kino sahəsində beynəlxalq əməkdaşlıqlar da genişləndirilməlidir:

Festivallarda iştirak və pavilyonların qurulması, birgə istehsalın qurulması, beynəlxalq platformalara qoşulmalar, distribütor və satış şəbəkələri ilə əməkdaşlığın qurulması çox vacibdir. Həmçinin struktur islahatlarına da ehtiyac var. ARKA-nın və onun tabeliyində olan qurumların idarəetməsinin, təşkilati strukturlarının təkmilləşdirilməsinə ehtiyac duyulur”.

“Kino sahəsində ləng də olsa, müəyyən bir proses gedir”

Kinotənqidçi Sevda Sultanova deyir ki, bu il Mədəniyyət Nazirliyinin yeni rəhbəriyinin təşəbbüsü ilə demokratik şərtlərdə kinoforum keçirilib.

Onun fikrincə, kinonun vacib problemlərindən danışılıb və praktik təkliflər verilib:

“Bununla belə, 2023-cü ildə də dövlətin maliyyə dəstəyi ilə filmlər istehsal olunmadı. Ümumilikdə, ölkədə kino sahəsində ləng də olsa, müəyyən bir proses gedir. Məsələn, Laçında “Hoçazfilm” yaradıcılıq studiyasının açılışı oldu. İkinci Qarabağ müharibəsində vuruşmuş qazinin postmüharibə dövrünə adaptasiyasından bəhs olunan, özəl maliyyə ilə çəkilimiş “Mən burdayam, ilahi” adlı tammetraj bədii filmi ekranlara çıxdı”.

Sevda Sultanova, Foto: Kulis.az

Paytaxtda pis-yaxşı bir neçə beynəlxalq festival oldu. Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ardıcıl yerli yeni filmlərin baxışlarını təşkil etdi. Polşa və İsveç kino günlərini, müxtəlif təlimlər həyata keçirdi. Nazirliyin sabiq rəhbərliyi dövründə istehsal olunmuş “Məryəm” bədii filmi nəhayət, nümayiş olundu. “Tokio” Film Festivalında rejissor Hilal Baydarovun “Quşlara xütbə” filminin dünya premyerası oldu. “Fokus” jurnalının 12-ci sayının buraxılması və Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabının yayımlanması da kinoprosesinin mühüm hissəsidir”, – Sultanova qeyd edib.

Kinotənqidçi deyir ki, ümumilikdə götürəndə, bu il 125 yaşı tamam olmuş milli kino üçün sönük keçib:

Dövlət büdcəsi ilə bədii filmlər çəkilməsə də, kommersiya kinosu sahəsində davamlı olaraq yeni işlər ərsəyə gətirilib. Mənim yadımda qalanlardan biri rejissor Valeh Əhmədovun “Evdə qalmış” romantik komediyası idi. Bu film Azərbaycanda komediya filmlərinə müəyyən mənada yeni bir keyfiyyət gətirdi”.

“Mədəniyyət Nazirliyinin senzura biabırçılığı”

Rejissor Elvin Adıgözələ görə, 2023-cü il kino sahəsində qeyri-şəffaf keçirilən film festivalı və müsabiqə ilə yadda qalacaq:

Bu il keçirilən “DokuBaku” film festivalında Mədəniyyət Nazirliyinin, ARKA-nın məmurları tərəfindən senzura biabırçılığı oldu.

ARKA-nın elan etdiyi film müsabiqəsində də xeyli pozuntular baş verdi. Bir daha sübut olundu ki, Mədəniyyət Nazirinin dəyişməsi nəticəsində ölkədə yenilənmiş kino qanunu olması üçün mübarizə aparılmadı”.

Elvin Adıgözəl, Foto: Facebook

Rejissor deyir ki, festivaldakı filmlərə senzuranın tətbiqi, həmçinin ARKA-nın keçirdiyi müsabiqədə baş verənlərə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) səssiz qalması doğru qərar deyil:

AKİ kino adamlarının sözünü deməsi üçün heç bir iş görmədi. Hətta müsabiqə ətrafında baş verənlərə də münasibət bildirmədi. Kinostudiyanın fəaliyyəti isə tamamilə dondurulmağa, arenda xarakterli bir binaya çevrilməsi baş verdi. Beləliklə, 2023-cü ildə kino üçün çalışan həqiqi sənət adamları yenə də bu ölkədə sürünərək mübarizə aparmağa davam etməyə məhkum olundu”.

“Daha bir il boş keçdi”

Azərbaycan kinosunda son bir il ərzində baş verənlər kinotənqidçi Hacı Səfərovda müəyyən suallar yaradıb.

O hesab edir ki, ARKA “DokuBaku” sənədli filmlər festivalına senzura tətbiq etməklə, tədbirin beynəlxalq nüfuzuna xələl gətirib:

Həmin prosesdə ARKA məsuliyyəti özü üzərindən atdı, sanki heç belə bir olay baş verməyibmiş kimi danışdılar. Digər tərəfdən isə daha sonra onların 5.5 milyon manatlıq bir müsabiqəsi oldu. Həmin müsabiqədə də ortaya çıxan mənzərə çox da yaxşı olmadı. Müsabiqənin qeyri-şəfaf keçirlməsi ilə əlaqədar söz-söhbət, qalmaqallar yarandı. Narazı insanlar oldu”.

Hacı Səfərov

Bəzi filmlərin birbaşa Ekspert Şurası tərəfindən seçilməsi və jürilərin seçimi olmamasına baxmayaraq, birbaşa qalib kimi elan edilməsi ciddi narazılıqlar yaratdı. Bu il həm də onunla yadda qaldı ki, dövlət tərəfindən maliyyələşən bir dənə də olsun tammetrajlı, bədii film istehsalata buraxılmadı. Daha bir il boş keçdi. Türk dünyasının mühüm festivalı olan Qorqud Ata festivalı keçirildi. Cəmiyyətdə elə də qarşılığı olmadı. Festival sadəcə, kiçik bir çevrə, incəsənətlə maraqlanan insanlar üçün məhdudlaşdı. Halbuki, bu festival üçün kifayət qədər büdcə ayrılmışdı. Daha yaxşı təbliğ oluna bilərdi, daha çox insana çata bilərdilər. Həmin festivalın təşkilatçılığını uğursuz saymaq olar. 2024-cü ilə neqativ notlarla daxil oluruq. Görək, 2024-cü ildə nə olacaq?”, – deyə Hacı Səfərov vurğulayıb.

Ana səhifəMədəniyyətAzərbaycan kinosu-2023: senzuralı festival, qeyri-şəffaf müsabiqə…